Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2023/2024-cü tədris ilinin başlanmasına və “Bilik Günü”nə həsr olunmuş  tədbir keçirilib.

 

Universitetin rektoru professor Gülçöhrə Məmmədova AzMİU-nun professor-müəllim heyətini, tələbələri ilk dərs günü münasibətilə  təbrik edib, onlara təhsil həyatında uğurlar diləyib. Ulu öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir!” ifadəsini sitat gətirən rektor dövlətimizin elmə, təhsilə göstərdiyi diqqət və qayğıdan, təhsilin keyfiyyətinin artırılması istiqamətində aparılan islahatlardan danışıb.

 

Rektor qeyd edib ki, 2023/2024-cü tədris ili üçün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) bakalavriat səviyyəsinə 27 ixtisas  üzrə 2350 nəfər abituriyent qəbul olub ki, onlardan 2344 nəfəri birinci turda, 6 nəfəri ikinci turda qeydiyyatdan keçərək tələbə adını qazanıb. Yeni qəbul olanların 49%-i dövlət sifarişli, 51%-i ödənişli əsaslarla təhsil alacaq.

 

Sonra Vətən müharibəsi şəhidi Elşən İbrahimovun atası Cahangir İbrahimov çıxış edərək  yeni tədris ilinin başlanması münasibətilə tələbə və müəllimləri təbrik edib, onlara təhsil həyatlarında uğurlar arzulayıb.

 

Tədbirin sonunda Vətən müharibəsi qəhrəmanı, pilot şəhid, polkovnik Zaur Nudirəliyevin övladı Ömər  Nudirəliyevə, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsi şəhidi Nail Orucovun oğlu Əlihəsən Orucova, şəhid qardaşları Ruslan İbrahimov, Zülfüqar Şirinova və şəhid bacısı Suma Məmmədovaya, həmçinin  universitetə yüksək balla  daxil olan gənclərə universitet rəhbərliyi tərəfindən tələbə biletləri təqdim olunub.

 

Qeyd edək ki, bu il universitetə qəbul olan abituriyentlərin orta keçid ballarında da artım müşahidə edilib. Bundan əlavə, bu il “Memarlıq” və “İnşaat mühəndisliyi” ixtisasları ilə yanaşı, “İnformasiya texnologiyaları”, “Kommunikasiya sistemləri mühəndisliyi”, “Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi”, “Menecment” ixtisaslarına qəbul olan yüksək ballı abituriyentlər də üstünlük təşkil edib.

 

AzMİU-ya bakalavriat səviyyəsi üzrə qəbul olan tələbələrdən 339 nəfəri subbakalavrdır. Subbakalavrların əksəriyyəti isə universitetin nəzdində fəaliyyət göstərən İnşaat Kollecinin məzunlarıdır. 149 nəfər abituriyent qiyabi təhsili seçib, onlardan 104 nəfəri subbakalavrdır. 

 

AzMİU-nun magistratura pilləsində də 26 ixtisaslaşma üzrə qəbul aparılıb. Qəbul göstəriciləri yüksək olan 727 bakalavr magistr adını qazanıb. Onlardan 300 nəfəri dövlət sifarişli, 427 nəfər ödənişli əsaslarla təhsil alacaq.