Bu gün yeni tədris ilinin ilk günüdür. Uşaqdan böyüyə hər kəs məktəb yolundadır. Biri üçün ilk zəng çalınır, bir başqası üçün İLK zəng son dəfə çalınır. Təbii ki, hələ eşidəcəyi zənglər, keçəcəyi dərslər, verəcəyi imtahanlar olanlar daha çoxdur müəllimlər arasında. Yeni tədris ilinin ilk günündə məktəb yoluna düzələnlər arasında onlar da var - keçdiyi dərslər örnək, açdığı cığır yol, qazandığı təcrübə məktəb olanlar, Azərbaycanın Əməkdar müəllimləri...

 

Sarayda bir müəllim var...

 

2022-ci ildən Əməkdar müəllimdir, Saray qəsəbəsinin Tünzalə müəllimi. 53 yaşlı müəllim qəsəbədə sözə, kəlama dəyər aşılayan, vətənpərvər nəsil yetişdirən, ədəbiyyatına, mədəniyyətinə sahib çıxan yetirmələri ilə məşhurdur. Necə ki, özü torpağına, elinə, yurduna, qəsəbəsinə və məktəbinə sadiq yetişib...

 

Tünzalə Rəsul qızı Qurbanova Abşeron rayonunun Saray qəsəbəsində doğulub böyüyüb. Qəsəbədəki M.Ələkbərov adına 1 nömrəli tam orta məktəbin şagirdi olub, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Filologiya fakültəsində təhsilini uğurla - fərqlənmə diplomu ilə bitirib. O gündən Abşeron rayonu Saray qəsəbə M.Ələkbərov adına 1 nömrəli tam orta məktəbinə qayıdaraq özü kimi qəsəbə uşaqlarına ana dilini, yurd sözünü, ata kəlamını anladıb. Bilirsiniz, 30 ildən artıq bir müddəti əhatə edən bu pedaqoji təcrübənin uğuru nəyə əsaslanır? “Fəaliyyət göstərdiyim illər ərzində çalışmışam ki, işimi səmərəli təşkil edərək dövrün tələblərinə cavab verən bir təhsilverən olum”, - deyir özü. Bu təcrübənin qida qaynağı bəllidir: müəllim əməyi, müəllim çalışqanlığı, müəllim əzmi. Qarşımızda müəllimə yönəlik hər layihədə yer almağa çalışan bir müəllim görürük: “Elm və Təhsil Nazirliyinin keçirdiyi ixtisasartırma, kurikulum kurslarında, “Mədəd” Humanitar Təşkilat İctimai Birliyinin təşkil etdiyi təlimlərdə iştirak edib sertifikat almışam”.

 

Tək özümü? Əlbəttə ki, yox. Daim öz üzərində işləyən bir müəllimin şagirdləri də mütləq fərqlənir: “Şagirdlərim müxtəlif vaxtlarda “Xocalı yarası sağalan deyil”, “Ana dilimizi qoruyaq”, “Şuşa İli” və başqa inşa müsabiqələrində iştirak edib, fərqlənib, fəxri fərmanlara layiq görülüblər. 2008-ci ildə Xəndan Qüvvətli 625 bal, 2010-cu ildə Tural Məlikli 650 bal toplayaraq ali məktəblərə qəbul olunublar. Sinif rəhbəri olduğum Ləman Paşalı 2016-cı ildə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində ölkə üzrə 3-cü yerə layiq görülüb. 2022-ci ildə ölkə üzrə maksimum bal toplayan 10 abituriyentdən biri Elnur Mərdiyev (684 bal) də şagirdlərimdəndir”.

 

“Məncə, müəllimin vəzifəsi təkcə savadlı şagird yetişdirmək deyil, həm də dövlətimiz üçün faydalı, hərtərəfli inkişaf etmiş, gələcəkdə müxtəlif sahələrdə çalışa bilən namuslu və qeyrətli vətəndaşlar yetişdirməkdir”, - deyən Tünzalə müəllim hər zaman bu prinsipə sadiq qalıb. Elə bu xüsusiyyətinə görə də təqdir edilib, mükafatlandırılıb: “Fəaliyyətimə verilən yüksək dəyərə görə daima öz üzərimdə işləməyi, yeniliklərə açıq olmağı, daha səylə çalışmağı ən ümdə məqsədlərimdən sayıram”.

 

Öz üzərində çox çalışdığındandır ki, müəllimlərin qiymətləndirmə imtahanlarından üzüağ çıxıb. Əvvəlcə diaqnostik qiymətləndirmədə, bu il isə sertifikatlaşdırma imtahanında 54 bal toplayaraq nüfuzuna nüfuz, əməkhaqqına əlavə qatıb.

 

Müəllimlikdə uğuru da, nüfuzu da özü qazanıb, söz yox. Amma ona müəllimliyi qazandıranı - anasını da unutmur. Dediyinə görə, anası ingilis dili müəllimi olmaq arzusunda olub, lakin ailə qurduqdan sonra bu xəyalını reallaşdıra bilməyib. 40 ildən artıq məktəbdə kargüzar işləyib, amma bu, onun ürəyində böyüyən müəllimlik sevdasını azaltmayıb ki, azaltmayıb. O da öz sevgisini uşaqlarına ötürüb: “Ailəmizdə məndən başqa 2 müəllim var. Böyük bacım rus dili, kiçik bacım isə riyaziyyat müəllimidir”.

 

Bir sözlə, müəllimliyi ürəyində böyüdən bir ananın qızı, müəllimliyi əməli ilə ucaldan bir müəllimdir Tünzalə Qurbanova. Hələ çox sinfə girəcək, çox təqdir görəcək, çox mükafatlar alacaq, çox adlar qazanacaq. Bu adların ən başında da onun MÜƏLLİM adı duracaq!

 

“Üç şagirdi Prezident təqaüdçüsü olan MÜƏLLİM”

 

“İbtidai sinif müəllimi olduğum sinif qəbul imtahanlarında yaxşı nəticə göstərdi. Hamısı ali məktəbə qəbul olunan o sinifdən 6 nəfəri 600-dən yuxarı bal toplayıb. Həmin uşaqlardan 3 nəfəri Prezident təqaüdçüsü oldu. Bu nəticə ölkədə ilk dəfə idi və hələ də təkrarlanmayıb”.

 

2014-cü ildən Əməkdar müəllim olan Püstə Mehtiyeva onu müəllimlikdə zirvəyə daşıyan bu uğurun hekayəsini indi belə xatırlayır. Müəllimliyə yolunun düşməsi isə anasının arzusu ilə baş verib. Anası sayəsində bu peşəni sevib, sonra seçib: “Ən yaxşı müəllim kimdir?” deyə soruşsalar “Anam” deyərəm. Qardaşımla ikimizin də həyatımızda əhəmiyyətli rol oynadı və bizi müəllimliyə həvəsləndirdi. Özü müəllim olmaq istəyib, oxuya bilməyib. Müəllimliyə olan sevgisi elə bil bətnindəykən mənə keçib. Elə hiss etmişəm ki, sanki anadan müəllim olaraq doğulmuşam. Bu gün məhz anama minnətdaram ki, hər evdə işığım var”.

 

Bəlkə müəllim kimi doğula bilər, amma heç nə etmədən müəllimlikdə zirvəyə çıxmaq mümkün deyil. Elə isə, yaxşı müəllim necə olur?

 

43 ilin müəllimi Püstə Mehtiyeva deyir ki, onu fərqləndirən fənninə və müəllimliyə münasibətidir: “Xalqımın ilk gündən xidmətçisiyəm. Sinfə ilk gün necə girdimsə, bu gün də eyni həyəcan, eyni məsuliyyəti hiss edirəm. Sadəcə hərf, söz öyrətmirəm, mən onlara ədəbiyyatımızı, incəsənətimizi, mədəniyyətimizi, tariximizi, əvvəldən-axıra Azərbaycanı öyrədirəm. Bir vətəndaş kimi yetişdirir, şəxsiyyət olmaları istiqamətində yönləndirirəm. Qoyduğum bünövrə ilə elə inkişaf edirlər ki, birində pis vərdişə rast gəlməzsiniz. Minimum bilik, maksimum bacarıqlar aşılayıram, vətənini tanıdıram hər birinə. Vətənini tanıyan mütləq sevər, sevən isə əsl vətəndaş, vətənpərvər olar. Ona görə də hər buraxılışım barəsində yuxarı siniflərdə onlara dərs keçən fənn müəllimlərindən daim xoş sözlər eşidirəm. Tarix müəllimi, ədəbiyyat müəllimi yaxınlaşıb: “Ay müəllim, bu uşaqlar hər şeyi bilir”, - deyəndə gözümə işıq gəlir, dünyanın ən böyük mükafatlarını almış kimi oluram”.

 

Püstə müəllim “ibtidailərin” və onların valideynlərinin vazkeçilməzi olub: “Bunun nəticəsidir ki, bacarıqları ilə öyündüyüm, həyatdakı mövqeləri ilə qürur duyduğum çoxsaylı şagirdlərim var. Mən onları unutmadığım kimi, onlar da məni daim xatırlayırlar. 

 

1961-ci il doğumlu Əməkdar müəllimimiz Bərdənin Həsənqaya kəndində tam orta məktəbi bitirib. Sonra Şuşa Pedaqoji Beynəlmiləl Texnikumunda təhsilini fərqlənmə ilə başa vurub. Bu təhsillə kifayətlənməyib H.Zərdabi adına Gəncə Dövlət  Pedaqoji İnstitutunda ali təhsil alıb.

 

Müəllimliyə Saatlı tam orta məktəbində (hazırda Raqif Orucov adına tam orta məktəb) başlayıb. 1992-ci ilə qədər davam edən bu yolda özü üçün çoxlu unudulmaz anlar toplayıb və məktəbin sevilən müəlliminə çevrilib.  Həmin il yaşayış yerini də dəyişib, məktəbini də. Bərdə şəhərindəki Şəhid Alı Mustafayev adına 5 nömrəli tam orta məktəbdə dərs deməyə başlayıb. 2004-cü ildən isə Z.Əliyeva adına Texniki Fənlər Təmayüllü Lisey-məktəbin müəllimidir.

 

Müəllim kimi uğurları çoxdur: Elm və Təhsil Nazirliyinin “1 şagird, 1 kompüter” layihəsinə də qatıldım. Riyaziyyatı çox sevirəm və bu layihədə məhz riyaziyyat üzrə nominant oldum”. 2010-cu ildə “İlin ən yaxşı müəllimi”, 2012-ci ildə “Elektron təhsil” müsabiqələrinin qalibi olub.

 

Sadəcə şagird yetişdirməyib, yetişdirdiyi müəllimlərin də sayı hesabı yoxdur: “Həmişə yanımda təcrübəçi olub. Ali məktəb məzunlarına müəllim olmağı öyrətmişəm. Elə indi də bir gənc qızım hazırlaşır müəllimliyə.

 

65 yaşı olan kimi Püstə müəllim gedəcək, onu gənc, hazırlıqlı müəllimlər əvəzləyəcək. Onların hər biri müəllimlik dərsi aldıqları Püstə Mehtiyevadan öyrəndiklərini tətbiq edəcək və böyüyüb “Əməkdar müəllim” olacaqlar...

 

Ruhiyyə DAŞSALAHLI