Naxçıvan Dövlət Universitetinin (NDU) və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə ali təhsil ocağında akkreditasiya qaydalarına dair təlim keçirilib.
Üç günlük təlimin ilk günündə universitetin rektoru Elbrus İsayev çıxış edərək akkreditasiya prosesinin əhəmiyyətindən, bunun ali təhsil ocaqları üçün üstünlüklərindən danışıb. Təhsilin bütün pillələrində inkişafın əsas meyarlarından birinin akkreditasiya olduğunu vurğulayan rektor bildirib ki, hazırda dünyada ən çox yayılmış institusional və proqram akkreditasiyasıdır ki, təhsildə geniş tətbiq olunur.
Vurğulanıb ki, TKTA ilə davam etdirilən əməkdaşlıq çərçivəsində NDU-da təlimlərin təşkili əhəmiyyətlidir. Sözügedən təlimlər yeni akkreditasiya qaydaları, meyarları və özünütəhlil hesabatının hazırlanmasını izah etmək məqsədi daşıyır.
Sonra təlimçi, TKTA-nın Təlim və metodologiya şöbəsinin müdiri Simnar Mamedov təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri haqda geniş məlumat verib. O, təlim iştirakçılarını universitetin fəaliyyət prosesinin qiymətləndirilməsi, təhsil səviyyəsini, təhsilverən və təhsilalanların fəaliyyətlərinin qiymətləndirilməsində dövlət təhsil standartları, keyfiyyətə dair terminlər, keyfiyyət təminatı, o cümlədən daxili və xarici keyfiyyət təminatının fərqi, qanunvericilikdə daxili keyfiyyət təminatı və digər məsələlər barədə ətraflı məlumatlandırıb.
Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, universitetin müxtəlif istiqamətlərdə beynəlxalq akkreditasiyasına nail olunmasına dair müzakirələr aparılıb.