Minsk Dövlət Linqvistik Universitetində Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullanın və Minsk Dövlət Linqvistik Universitetinin rektoru professor Natalya Yevqeniyevna Laptevanın birgə təşəbbüsü və Azərbaycan Respublikasının Belarusdakı səfirliyinin yaxıından iştirakı ilə Azərbaycan dili və mədəniyyəti mərkəzinin təntənəli açılış mərasimi keçirilib.

 

Tədbiri giriş sözü ilə Minsk Dövlət Linqvistik Universitetinin rektoru Natalya Yevqeniyevna Lapteva açıb.

 

Sonra Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla tədbir iştirakçılarını salamlayaraq Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılmasının hər iki ölkənin ictimai-siyasi həyatında, eləcə də universitetlərin elmi-pedaqoji fəaliyyətində mühüm əhəmiyyət kəsb edəcəyini bildirib.

 

Tədbirdə Belarus Respublikası Təhsil Nazirliyinin idarə rəisi Sergey Nikolayeviç Pişov, Belarus Respublikası Xarici İşlər Nazirliyinin idarə rəisi Sergey Petroviç Molunov, Azərbaycan Respublikasının Belarusdakı səfirliyinin müşaviri Nizami Rüstəmov, Belarus Respublikası Parlamentinin Beynəlxalq münasibətlər və milli təhlükəsizlik məsələləri daimi komissiyası sədrinin birinci müavini, Belarus Dövlət Universitetinin professoru Andrey Vladimiroviç Rusakoviç, Azərbaycan Dillər Universitetinin Təhsil 1 fakültəsinin dekanı, professor Fikrət Cahangirov, Belarusdakı "Azərbaycan İcması Konqresi"nin Gənclər təşkilatının sədri Olesya Vtaliyevna Kosoykina Minsk Dövlət Linqvistik Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılmasının əhəmiyyətindən bəhs edərək hər iki universitetin rektorlarına minnətdarlıqlarını bildiriblər.

 

Qeyd edək ki, son dövrdə dünyanın çeşidli ölkələrindəki universitetlərdə Azərbaycan dili və mədəniyyəti mərkəzləri açılıb. Minsk Dövlət Linqvistik Universitetində açılmış Azərbaycan dili və mədəniyyəti mərkəzi sayca səkkizincidir.