Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının növbəti iclasında son 4 il ərzində AzTU-da CAD/CAM/CAE proqram təminatı əsaslı mühəndis hazırlığı üzrə görülən işlər dəyərləndirilib. Qeyd olunub ki, AzTU-nun 2022-ci ildə CDIO universitetlər ailəsinə qoşulması mühəndis hazırlığında əsas mərhələ olub. Mühəndis hazırlığı proqramı layihələndirmə, simulyasiya, prototipləndirmə və istehsal zənciri həlqələrini əhatə edir. Odur ki, proqram bu sahədə zəngin təcrübə və resursa malik Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) xüsusi təcrübə proqramı əsasında Milli Aviasiya Akademiyası (MAA) ilə birgə həyata keçiriləcək.

 

Qeyd edilib ki, sentyabrın 18-də AzTU, MAA və TUSAŞ-ın birgə əməkdaşlığı çərçivəsində başladılan “AzTU-Turkish Aerospace, MGP 2023.1” adlı proqram layihə əsaslı öyrənmə-öyrətmə modelinə söykənir. AzTU-nun Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzinin koordinatorluğu ilə həyata keçirilən proqramda baza təhsilləri aerokosmik mühəndislik, informasiya texnologiyaları, mexatronika, maşın mühəndisliyi, elektrik-elektronika, xəbərləşmə (radioelektronika), metallurgiya və s. istiqamətlər olan namizədlər iştirak edir.

 

Hər bir akademik il çərçivəsində 100 nəfərədək, 2030-cu ilədək isə ümumilikdə ən azı 1000 tələbənin hazırlanması nəzərdə tutulur.

 

İclasda SmartTECH İnnovatorlar Mərkəzinin yaradılması ilə bağlı da qərar qəbul edilib. Bildirilib ki, mərkəz istedadlı tələbələrin (olimpiadalarda, startaplarda və s.) seçilməsi, onların inkişafına dəstək verilməsi, həmçinin innovasiyalara cəlb edilməsi üçün yaradılır.