Sentyabrın 12-də Xaçmaz rayonunun Qusarçay kənd tam orta məktəbinin binası əsaslı təmirdən sonra istifadəyə verilib.
Açılış mərasimində Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Quba – Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev, məktəb kollektivi, kənd sakinləri iştirak ediblər.
Bildirilib ki, Arif Məmmədov adına Qusarçay kənd tam orta məktəbinin binasında əsaslı təmir işləri aparılmaqla yanaşı, təhsil ocağı üçün 3 mərtəbəli yeni korpus və idman zalının tikintisi həyata keçirilib. 960 şagird yerlik məktəbdə sinif otaqları, fənn kabinetləri, müəllimlər otağı, kitabxana, kompüter otağı, laboratoriyalar, akt və idman zalları, yeməkxana fəaliyyət göstərəcək. Məktəbdə dərslər ikinövbəli şəkildə keçiriləcək.
Tədbirdə çıxış edənlər təhsil müəssisələrinin yenilənməsi, onların maddi-texniki bazasının təminatı ilə bağlı ciddi işlər görüldüyünü, bu işlərin də gənc nəslin daha savadlı və bilikli yetişməsinə xidmət etdiyini qeyd ediblər.