Mətanət Baxışova: “Araşdırmamız göstərir ki, insan orqanizminin sağlam hüceyrələri və xərçəng hüceyrələri membran tərkibinə görə bir-birindən kəskin surətdə fərqlənir”


“Azərbaycan müəllimi” qəzeti  elmin müxtəlif sahələrində mühüm nailiyyətləri olan, elmi-tədqiqatları, ixtiraları ilə həm ölkəmiz, həm də beynəlxalq elm mühitinə töhfə vermiş alimlərimizin fəaliyyətinin tanıdılması məqsədilə “Elm adamı” rubrikasına başlayır.

 

Rubrikanın ilk qonağı gənc alim,  Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunun elmi işçisi və dissertantı Mətanət Baxışovadır.

 

Qısa tanıtım: 

 

Mətanət Baxışova 1993-cü ildə Bakıda anadan olub. Bakı şəhəri 204 nömrəli tam məktəbi bitirib. 2011-2015-ci illərdə Bakı Dövlət Universitetinin biologiya fakültəsindən məzun olub. 2016-2018-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasında “İnsan genetikası” ixtisası üzrə magistratura səviyyəsində təhsil alıb. 2018-ci ildən Biofizika İnstitutunda çalışır. O, həm də institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədridir.

 

 

Mətanət xanım, çətin və böyük zəhmət tələb edən yol seçmisiniz. Hazırda üzərində çalışdığınız elmi-tədqiqat işiniz mənə maraqlıdır.

 

- Hazırda mənim dissertasiya mövzum  “Anti–xərçəng Glu – Gln – Arg – Pro –Arg pentapeptidinin strukturu və onun karsinoma və hüceyrə modeli sistemlərinə təsiri” ilə bağlıdır.

 

Maraqlı və mürəkkəb araşdırmadır. Nə əldə etmisiniz?

 

- Biz bu işlərdə çox yaxşı nəticələr əldə etmişik. Hətta aldığımız nəticələr “Scopus” ,“Web of Science” kimi beynəlxalq elmi bazalarda indekslənən nüfuzlu jurnallarda dərc olunub. 

 

 

Əslində, düyü kəpəyi zülalından əldə edilmiş pentapeptidin daha əvvəllər anti-xərçəng xüsusiyyətlərə malik olduğu təyin olunub. Lakin ədəbiyyatlarda onların təsir mexanizmi istiqamətində işlər görülməmişdir. İlk dəfə biz bu istiqamətdə tədqiqatlar apardıq. Bu işləri biz, eyni zamanda, Bakı Dövlət Universiteti və Türkiyənin İstanbul Universitetinin əməkdaşları ilə birlikdə həyata keçirdik. Həmin anti-xərçəng pentapeptidinin eyni anda həm reseptor tirozin kinaza (EGFR), həm də qeyri-reseptor tirozin kinaz olan Fyn zülalı ilə birləşib inhibə etmə qabiliyyəti təyin olundu. Hər iki zülalın miqdarı uyğun olaraq xərçəng zamanı artır və xəstəliyin inkişafında xüsusi rola malik olan zülallardır.  Daha sonra biz apardığımız elmi-tədqiqatlarda sağlam hüceyrə və xərçəng hüceyrə membranlarının bir-birindən hansı fərqlərə malik olduğunu təyin edirik və o təyinatdan sonra əldə etdiyimiz nəticələr əsasında gələcək üçün fərdi təbabətə veriləcək töhfələri artırırıq. Tədqiqatlarda müəyyən etmişik ki, insan orqanizminin sağlam hüceyrələri və xərçəng hüceyrələri membran tərkibinə görə bir-birindən kəskin surətdə fərqlənir. Xüsusən, bu lipitlərdə baş verən dəyişiklikləri araşdırırıq, onun molekulyar mexanizmini təyin edirik. Bu fərqləri təyin etmək üçün Elektron Paramaqnit Rezonansı (EPR) spektroskopik metodundan istifadə etmişik və hüceyrə membranını spin nişan ilə işarələmişik. Spin nişanın xərçəng hüceyrələrinə sağlam hüceyrələrə nisbətən daha yaxşı daxil olduğunu təyin etmişik ki, bu da onun hüceyrə membranında özülülüyün aşağı və axıcılığın çox olması ilə izah edilir.

 

Tədqiqatlar bu nəticə ilə yekunlaşıb, yoxsa davamı da var?

 

-Təcrübələrimiz hazırda davam etdirilir.  Sağlam və xərçəng membranlarını diskriminasiya etmək üçün neytral, müsbət yüklənmiş və hidrofobik xüsusiyyətə malik olan spin zondlardan istifadə etmişik. Nəticələr göstərir ki, hidrofobik benzoat qrupu (4-hidroksi-TEMPO-benzoat) xərçəng hüceyrələrinin liposomlarına inkorporasiya effektivliyini nisbətən artırır. Əksinə, müsbət yüklü –NH3+-ün TEMPO-ya bağlandığı 4-amino-TEMPO vəziyyətində, həm normal, həm də xərçəng hüceyrələrinin membranlarına daxil olma müşahidə edilmir. Beləliklə, nəticələr TEMPO-benzoatın xərçəng hüceyrələrini sağlam hüceyrələrdən fərqləndirmək üçün TEMPO və ya onun müsbət yüklü törəməsi ilə müqayisədə bir zond kimi daha uyğun olduğunu göstərir.

 

Onu da qeyd edim ki tədqiqatlarımız Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu və AMEA-TUBİTAK layihəsi çərçivəsində maliyyələşdirilib.

 

Bəs, araşdırma aparmaq üçün xərçəng hüceyrələrini necə əldə edirsiniz?

 

- Biz Milli Onkologiya Mərkəzi ilə əməkdaşlıq edirik. Mərkəzin histopatoloqları tərəfindən ayrılmış sağlam və xərçəng toxumaları bizim laboratoriyamıza daxil olur və daha sonra isə biz toxumalar üzərində işləyib tədqiqatlarımızı aparırıq.

 

Mətanət xanım, bu araşdırmaların aparılması üçün laboratoriya təchizatı, müasir avadanlıqlar varmı?

 

- Bəli, bunu qürur hissi ilə deyə bilərəm ki, Biofizika İnstitutunda müasir tələblərə uyğun fəaliyyət göstərən laboratoriyalar mövcuddur. Burada müasir spektroskopik cihazlar, eyni zamanda, müxtəlif biokimyəvi tədqiqatların aparılması üçün cihazlar var. Bu cihazlardan bəziləri yalnız məhz Biofizika İnstitutundadır. Sevindirici məqam həm də odur ki, burada biologiya üzrə elmlər doktoru  Kərim Qasımovun rəhbərliyi ilə “Hüceyrə Kulturası” laboratoriyası qurulur. Artıq bu istiqamətdə xeyli irəliləyişlərimiz var. Bəzi cihazlar alınıb, laboratoriya formalaşdırılıb. Yaxın zamanlarda bu istiqamətdə də işlərimizə başlayaraq daha da genişləndirməyi planlaşdırırıq.

 

Elmi rəhbəriniz kimdir?

 

- Əslində məni elmdə saxlayan, elmə daha da yaxınlaşdıran, bu sahəni sevdirən görkəmli alim, Biofizika İnstitutunun direktoru AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Oktay Qasımovun adını xüsusi vurğulamaq istəyirəm.

 

Oqtay müəllimin mənim elmi sevməyimdə böyük rolu var. Onun kimi böyük alimdən məsləhətlər almaq, onun zəngin təcrübəsindən yararlanmaq məni çox həvəsləndirir. İnstitutumuza digər universitetlərdən də tələbələr gəlir. Mən çox şadam ki, Oqtay müəllimdən və digər dəyərli həmkarlarımdan öyrəndiyim təcrübəni tələbələrlə bölüşə bilirik. Biz onlara bu cihazlarda işləmək prinsipləri, laboratoriyada tədqiqatların aparılması istiqamətləri barədə məlumatlar veririk. Onlar arasında da elmə həvəsli, potensiallı gənclər çoxdur və bu, bizi sevindirir.

 

 

Eyni zamanda, vurğulayım ki, Biofizika İnstitutu da magistrlər yetişdirir. Biz həm də onlarla birlikdə çalışırıq. Bu mühitdə çox yaxşı işlər görürük və ümid edirəm ki, gələcəkdə işlərimiz daha yaxşı olacaq.

 

Əlbəttə ki, gənc tədqiqatçı olaraq ən böyük arzularımdan biri Azərbaycanı elmdə inkişaf etmiş ölkələr siyahısında ilk yerlərdə görməkdir və biz də yeni nəsil olaraq bu yolda bacardığımızdan daha artığını etməyə çalışmalıyıq.

 

Qeyd: Elmi-araşdırmalarla tanış olmaq istəyənlər linkə keçid edib ətraflı oxuya bilərlər.

 

https://www.sciencedirect.com/science/article/pii/S1093326321001704

https://pubmed.ncbi.nlm.nih.gov/35477348/

 

Gülnarə İLHAM