44 günlük Vətən müharibəsində şəhid olmuş Niyazi İsgəndərovun övladı Ömər İsgəndərov 2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsindən müvəffəqiyyətlə keçərək Mingəçevir Dövlət Universitetinin (MDU) tələbəsi adını qazanıb. O, bu ali təhsil müəssisəsinin “İnformasiya texnologiyaları” ixtisasında təhsil alacaq.

 

MDU-nun rektoru Şahin Bayramov bu münasibətlə Ö.İsgəndərovla görüşüb. Otuz il düşmən işğalında olan torpaqlarımızın azad olunması yolunda şəhidlik zirvəsinə yüksələn qəhrəman əsgər və zabitlərimizin qazanılan tarixi Zəfərdə mühüm pay sahibi olduğunu bildirən Ş.Bayramov bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.

 

Tələbə adını qazanması münasibətilə şəhid övladını təbrik edən rektor MDU-da kadr hazırlığı üçün yaradılan şəraitdən bəhs edib və ona gələcək universitet həyatında uğurlar arzulayıb.

 

Göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirən Ö.İsgəndərov MDU-da müasirləşmə istiqamətində atılan addımlardan, təhsilalanlar üçün təqdim edilən imkanlardan xəbərdar olduğunu diqqətə çatdırıb. İxtisas seçimi zamanı məhz bu amilləri nəzərə almaqla, MDU-ya üstünlük verdiyini qeyd edərək gələcəkdə vətənə, dövlətə və xalqa layiqli mütəxəssis kimi yetişməsində bu ali təhsil müəssisəsinin əhəmiyyətli rol oynayacağına inandığını söyləyib.

 

Görüşdə mühəndislik fakültəsinin dekanı Almaz Əliyeva və Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin koordinatoru Minayə Hüseynova da iştirak edib.