10 yaşlı paytaxt məktəblisinin ixtirası
Uşaq dünyaya gələn gündən valideynin uşaqla bağlı məsuliyyəti, qayğıları yaranmağa başlayır. Uşaq ailənin, cəmiyyətin güzgüsüdür. Valideyn uşağın körpə vaxtlarından qayğısına qalır, onun fiziki, intellektual və əxlaqi inkişafında böyük rol oynayır. Zamanla uşağın müxtəlif növ tələbatlarını qarşılamaq valideyn üçün bir öhdəliyə çevrilir. Hələ lap kiçik yaşlarından başlayaraq istər ana, istərsə də ata övladının yaxşı təhsil almasını, güclü zəkaya sahib, dünya haqqında biliklərinin geniş olmasını arzulayır. Onlara öyrədilən davranış üsulları uşaqların inkişafına, hərəkətlərinə, düşüncələrinə müsbət təsir göstərir. Uşaqlara lazımi imkanların yaradılması onların hərtərəfli inkişafını şərtləndirir.
Belə ki, insanın təməl düşüncə prinsiplərinin qaynağı məktəbdən başlayır. Uşağın məktəb həyatına qədəm qoyması valideynin qayğısını daha da artırır. O, məktəbə qədəm qoyduğu andan yeni mühitlə qarşılaşır. Məktəb təlim-tərbiyə ocağıdır. Təhsil ocaqlarında gənc nəslin tərbiyəsi, maariflənməsi daim diqqət mərkəzində olub. Məktəb qarşısında duran önəmli vəzifə milli ruhlu vətəndaş, cəmiyyət üçün savadlı, əxlaqi, mənəvi dəyərlərə sahib olan şəxsiyyət yetişdirməkdir. Böyüməkdə olan gənc nəslin hərtərəfli tərbiyəsi təhsil işçilərinin qarşısında duran başlıca vəzifələrdəndir. Təbii ki, bu münasibətləri tənzimləmə prosesində məktəbin ən aparıcı qüvvəsi olan müəllimlərdən böyük məsuliyyət tələb olunur. Bu inkişafda valideynin də rolunu nəzərə alsaq ümumiyyətlə, cəmiyyətə layiqli vətəndaş, şəxsiyyət formalaşdırmaq məsələsində məktəblə valideyn əlaqəsi ön planda dayanır. Müəllim-valideyn əməkdaşlığı şagirdləri uğurlu təhsilə aparır, uşaqların ideyalarının, qabiliyyətlərinin vaxtında üzə çıxarılması sahəsində mühüm rol oynayır. Valideynin məktəblə münasibəti uşağın gələcək taleyinə birbaşa təsir göstərir, istedadlı uşaqların bütün qabiliyyət və imkanlarını üzə çıxarır, inkişaf etdirir.
“Gecə yatarkən belə arzusu nəsə yaratmaq, ideya qurmaqdır”
Məhz məktəblə daim əlaqədə olan, əməkdaşlıq yaradan valideynlərdən biri də Ülviyyə Əliyevadır. O, övladının istedadının, qabiliyyətinin aşkarlanmasında, daha da artmasında məktəbin rolunu yüksək qiymətləndirir. Ülviyyə Məmmədova “Azərbaycan müəllimi”nə oğlunun uğurundan, istedadından danışıb. O, hər bir uşaqda istedadın olduğunu, lakin onu doğru, lazımi istiqamətə yönəltməyin əsas məsələ olduğunu diqqətə çatdırıb.
Haqqında bəhs etmək istədiyimiz Bakı şəhər 161 nömrəli tam orta məktəbin IV sinif şagirdi Məhəmməd Vəlili və onun texnoloji yenilik edərək hazırladığı yeni kondisioner modelidir. Lap uşaq ikən robototexnikaya, elektrik cihazlarına marağı olan Məhəmmədin hazırladığı qurğu 2 hissədən ibarətdir. Qurğunun əsas məqsədi sabit otaq iqliminin saxlanması və isti havanın qəbul edilərək sərinləşdirilməsindən ibarətdir. Bu qurğu Məhəmmədin ilk ideyası deyil. O, bundan əvvəl də yeni formada təmizləmə funksiyasını icra edən tozsoran modeli və helikopter maketi hazırlayıb.
Ülviyyə Əliyeva Məhəmmədi 2 yaşından başlayaraq əqli, düşüncə qabiliyyətini inkişaf etdirən müxtəlif növ məntiqi oyunlara cəlb etdiyini, o formada oyuncaqlar alındığına daha çox diqqət yetirdiyini dilə gətirib: “Məhəmməddə belə bir bacarığın yaranmasında təbii ki, valideyn olaraq biz də nələrsə etmişik. Onun çoxlu məntiqi çalışmalara maraq göstərməsinə, intellektual düşüncə qabiliyyətinin formalaşdırılmasına şərait yaratmışıq. Məhəmməd bütün hadisələri izləyərək yeni ideyalar düşünür. Əşyalara yaradıcı gözlə baxır. Gecə yatarkən belə onun arzusu nəsə yaratmaq, qurmaqdır. Onun maraq dairəsinin bu dərəcədə genişlənməsində məktəbdəki mühit də çox böyük rol oynayıb. Məktəb hər zaman öz dəstəyini göstərir, nailiyyətlərini qiymətləndirir və istiqamətləndirir. İbtidai sinif müəllimi Nilufər müəllim onu həmişə həvəsləndirir, texniki avadanlıqlardan istifadə etməsinə şərait yaradır. Məhəmmədin onun məktəbdə fəaliyyət göstərən STEAM dərslərinə hər zaman böyük marağı var. Baxmayaraq ki, hələ STEAM dərsləri almır, ancaq atasının həmin məktəbdə STEAM və eləcə də riyaziyyat müəllimi olması onun marağını daha da artırır. Ötən il STEAM Azərbaycan Festivalında Məhəmmədin də iştirak etdiyi “RoboKids” kateqoriyası üzrə “Smart kids” komandası gümüş medal qazanaraq II yerə layiq görülüb. Ümumiyyətlə, bir valideyn olaraq çalışıram ki, Məhəmməd zamanını düzgün bölməyi, dəyərləndirməyi öyrənsin”.
“Yeni aparatlar, robotlar düzəltmək istəyirəm”
Söhbət zamanı gələcəkdə robot mühəndisi olmaq istədiyini dilə gətirən Məhəmmədin əsas arzusu yeni qurğu yaratmaq, icad etməkdir: “Ağlıma hər hansı ideya gəldikdə atamla da bölüşürəm. O, da mənə müəyyən stimul verir. Evdə demək olar ki, qırılan əşya və yaxud cihaz atılmır. Mən onun hissələrini götürüb başqa nələrsə yaradıram. Çoxlu sayda əşyam var, çoxlu sayda kabellərdən, batareyalardan istifadə edirəm. Onlar arasında hələ tamamlanmamış ideyalarım da var. Yeni aparatlar, robotlar düzəltmək istəyirəm”.
İdeyaları Məhəmmədin dərslərində irəliləməsində maneə yaratmır. Ən çox sevdiyi fənlər riyaziyyat, fizika və məntiqdir. 3-cü sinifdən başlayaraq fizika fənni üzrə kitablar oxuyur. O, eyni zamanda şahmat da oynayır. Bir çox şahmat yarışlarında qalib gəlib. Gələcəkdə əsas hədəflərindən biri STEAM, riyaziyyat, məntiq olimpiadalarından qızıl medal qazanmaqdır.
Tünzalə QULİYEVA