Naxçıvan Dövlət Universitetinin (NDU) əsas tərəfdaşı olduğu Robotex Azərbaycan NDU-da “Robot texnologiyaları və sahibkarlıq mentor təlimi” mövzusunda mentor təlimləri təşkil edib.
Təlimlərdə Naxçıvanın ali təhsil müəssisələri, kollec və orta məktəblərindən 70 müəllim iştirak edib. Həmçinin Türkiyənin Qaziantep, Manisa Celal Bayar, Mustafa Kamal, Hasan Kalyoncu, Bilkent, Bülent Ecevit, Ondokuz Mayıs, Milli Savunma, İstanbul Qalata universitetlərindən təlimlərə təlimçilər qatılıb.
2 gün davam edən təlimlərin ilk günündə müəyyən kateqoriyalar üzrə robot texnologiyaları barədə məlumat verən təlimçilər investor nədir, təsnifatları, özəllikləri, investorlar üçün gərəkli olan 7 addım barədə təlim iştirakçılarını məlumatlandırıb.
Təlimin ikinci günü iştirakçılara “Sahibkarlıq Çağırışı” kateqoriyası üzrə məlumat verilib. Bildirilib ki, bu kateqoriyada Mavi Sahibkarlıq, Yaşıl Sahibkarlıq, Robot Texnologiyaları, Proqram Texnologiyaları, Sağlamlıq Elmləri və Texnologiyalar olmaqla 5 fərqli mövzu var.
Təlimlərdə iştirakçıların sualları cavablandırılıb, təlimçilər tərəfindən verilən tapşırıqlar yerinə yetirilib.
İştirakçılara sertifikatların verilməsi mərasimində iştirak edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev ali təhsil müəssisəsinin Robotex Azərbaycan təmsilçiliyi hüququ qazanması və əsası qoyulan əməkdaşlıqdan söz açıb, iştirakçılara uğurlar arzulayıb.
Sonra təlim iştirakçılarına sertifikatlar təqdim olunub.
Xatırladaq ki, 30-31 avqust tarixlərində Robotex Azərbaycan Bakı şəhərində ADA Universitetində və Bakı Ali Neft Məktəbində ilk mentor təlimlərini həyata keçirib.
Dünyanın 48 ölkəsində keçirilən Robotex festivalında NDU-nun “NSUTECH” komandası 2023-cü ilin qalib olub və Estoniyada keçiriləcək Dünya Robot Festivalında iştirak hüququ qazanıb.