Fərəh Kərimova: “Bağça müəllimlərimə söz vermişdim ki, böyüyəndə rəssam olacağam"
İnanın ki, hər dəfə güclü istedad və bacarıq sahibi olan uşaq və yeniyetmə haqqında yazı hazırlayanda, onların zəngin, rəngarəng, pakdan-pak, olduqca ülvi mənəvi dünyalarına baş vuranda hədsiz sevinc hissi yaşayıram, hətta bəzən gizlədə bilmədiyim, əhvalıma qeyri-adi bir ovqat qatan bu hisslər fərəhdən gözlərimin yaşarmasına da səbəb olur. Odur ki, yaradıcılıq ocağı olan guşələrə vaxtaşırı baş çəkir, hər dəfə də yeni bir istedad sahibi ilə həmsöhbət olaraq balaca dostlarımın sayını artırıram. Bu dəfə növbəti ünvanımsa Milli Konservatoriyanın tərkibindəki İncəsənət Gimnaziyası oldu.
Səsli-küylü sinif otaqlarına yaxınlaşanda uşaqların şaqraq gülüş sədaları məni artıq bu yaradıcılıq məkanının ritminə, ahənginə köklədi və addımlarımı bir az da yavaşıtdım. Vallah, lap elə beləcə dayanıb onların ürəkaçan söhbətlərinə saatlarla qulaq assa da, adam doya bilməz. Onlar bir-birinə nə qədər mehriban, nə qədər doğma idilər. Nəhayət, sanki nağıllar aləminin qapısı açıldı və mən də bu möcüzələr dünyasının nuruna qərq oldum...
Kimi dərs hazırlayır, kimi fortepiano arxasında dünya bəstəkarlarıın əsərlərini səsləndirir, kimi rəqs edir, kimi biçmə- tikmə işləri ilə məşğuldur, kimisə də əlinə fırça alıb öz fantaziyasını ağ vərəqlərə köçürürdü. Bəli, bura sözün həm məcazi, həm də elə tam mənasında bir nağıllar aləmidir, - desəm, düşünürəm ki, yanılmaram. Milli Konservatoriyanın tərkibindəki İncəsənət Gimnaziyası, sözün əsl mənasında, bir istedad ocağıdır. Gimnaziyanın yetirmələri istər respublikadaxili, istərsə də beynəlxalq müsabiqələrdə, festivallarda qazandıqları uğurlarla bu ocağın şərəfini daim ucaldırlar. Direktor Aytən Əhmədova bu təhsil və yaradıcılıq məkanına rəhbər təyin olunandan sonra uşaqlara diqqət və qayğı da hiss olunacaq dərəcədə artıb. Bir pedaqoq olaraq o, bu yetirmələrin hamıdan çox diqqət və qayğıya, nəvazişə ehtiyacları olduqlarını bilir və bütün diqqətini onların fiziki, mənəvi dünyalarının sağlamlığına yönəldir. "Onlar mənim övladlarımdır", - deyir Aytən xanım: "Mən şagirdlərimlə fəxr edirəm, çünki bütün yaradıcılıq müsabiqələrində üzümü ağ edirlər, mənə hər yandan sağ ol qazandırırlar. Onlar ən çətin və məsuliyyətli müsabiqələrə qatılmaqdan qorxmurlar, çəkinmirlər".
Təsviri və tətbiqi sənət şöbəsinin müdiri Kəmalə Kərimova da yetirmələri haqqında ürəkdolusu danışdı. Dedi ki, şöbədə qrafika, rəngkarlıq, heykəltəraşlıq, bədii-tikmə, keramika, qobelen, moda-dizayn ixtisaslar üzrə 394 şagird təhsil alır. İstedadlı şagirdlərdən söz düşəndə isə Fərəh adlı bir qızın adını hədsiz sevinc hissi ilə təqdim etdi və onu mənimlə görüşdürəcəyini qərarlaşdırdı. Kəmalə xanım söylədi ki, Fərəh Kərimovanın olduqca parlaq gələcəyinə ümid bəsləyir. Mən də təbii olaraq həmin hissləri bölüşmək üçün Fərəhlə tanışlığa tələsdiyimi müəllimdən gizlətmədim...
Böyüdükcə dərk elədim ki, rəssam olmaq asan iş deyil
...Üz-gözündən adı kimi fərəh yağan Fərəhin 14 yaşı var. Deyir ki, lap erkən yaşlarından rəsm çəkməyi sevirəm. Atam mənə çoxlu rəngli karandaşlar, albomlar, kitablar alardı . Hələ uşaq bağçasında olanda belə rəngli karandaşlar əlimdən düşmürdü, “Qız”, “Ana”, “Heyvanlar aləmində”, “Meşə”, Dağlar”, “Təbiət mənzərələri” şəkillərim bağça müəllimlərimin xoşuna gəlirdi. O vaxt mən baça müəllimlərimə söz vermişdim ki, böyüyəndə rəssam olacağam, tərbiyə aldığım bağçanın və bağça dostlarımın şəkillərin çəkəcəyəm. Arzularıma çatmaq üçünsə çox, lap çox çalışıram. Çünki dərk edirəm ki rəssam olmaq uşaqlıqda təsəvvür etdiyim qədər asan iş deyil. Müəllimim Kəmalə Kərimovanın diqqət və qayğısı sayəsində bu sənətin sirlərinə həvəslə yiyələnirəm. Əvvəllər əyləncə saydığım bu peşənin fəlsəfəsini dərk etmək və tamaşaçıya çatdırmaq olduqca çətin imiş.
İlk sərgim birinci sinifdə oxuyarkən keçirildi
Hər bir rəssamın ən böyük arzusu əsərlərinin sərgisinin keçirilməsidir. Mən də o ilk sevinc hisslərini birinci sinifdə oxuyarkən yaşadım. Necə deyərlər, arzularımın biri, mənim üçün bəlkə də ən əhəmiyyətlisi həyata keçdi. Çünki bu sərgi gələcəkdə qazanacağım bütün uğurlara nəfəs verəcəkdi və şükürlər olsun ki, hər şey ürəyimcə oldu. Sərgidə təmsil olunan 57 rəsmimin hamısı bəyənildi. Məktəbimizin foyesi gözəl bəzədilmişdi. Tədbirin açılışını Gimnaziyanın rəqs qrupu etdi. Çoxlu qonaqlar, dostlarım, müəllimlərim, valideynlərim iştirak edirdilər. O qədər hədiyyələr aldım ki! Nənəm məni bağrına basıb gözəl bir gül dəstəsi verdi. O, mənim üçün ən qiymətli hədiyyə idi. Sərginin nəticəsinə görə ilk dəfə olaraq məktəb rəhbərliyi tərəfindən diplomla mükafatlandırıldım.
Belə nənəni necə candan əziz sevməyəsən?!
3-cü sinifdə isə ikinci sərgim keçrildi. Yenə də müəllimlərim, valideynlərim, rəfiqələrim Lalə, Milanə, Sona, Ədilə iştirak edirdilər. Sərgimdə 60- yaxın rəsm əsərim nümayiş olundu. Budəfəki rəsmimdə yağlı və sulu boyalardan, açıq, mavi, çəhrayı rənglərdən istifadə etmişdim . Çox həyəcanlı idim. Rəsmlərim sərgi iştirakçılarının xoşuna gəldi. Amma hamıdan çox yenə nənəm sevinirdi. Bu dəfə nənəm mənə “Mələk” adlı suvenir təqdim etdi. Yenə də mənim üçün ən qiymətli hədiyyə nənəmin hədiyyəsi idi. Emalatxanamda onu yadigar olaraq saxlayıram. Əfidə nənəm mənimlə hər gün maraqlanır. Neçə qiymət aldığımla, neçə şəkil çəkdiyimlə maraqlanır. Sanki bununla o, mənə müsbət impuls ötürür. Deyir ki, uğurlarım ona qol-qanad verir. Belə nənəni necə candan əziz sevməyəsən?!
Rəsmlərimdə fantaziyamdan çox bəhrələnirəm
2016-cı il də bəxş etdiyi uğurla mənim üçün əlamətdar və yaddaqalan oldu. Naxçıvanda şair və yazıçılara həsr olunmuş rəsm yarışında şöbə müdirimiz Kəmalə xanımdan qalib olduğumu eşidəndə sevincim yerə-göyə sığmırdı. Bütün rəsmlərimdə fantaziyamdan çox bəhrələnirəm. Rəsm çəkməzdən öncə fikirləşirəm ki, hansı rənglərdən istifadə etsəm daha yaxşı effekt verər. Çünki bu sənət bir dəryadır, hərə yalnız bacardığı qədər bu dəryaya baş vura, üzə bilər.
Sinfimizin istedadlı şagirdiyəm
Sinfimizdə 32 şagird var. Onlar məni sinfin istedadı adlandırırlar. 2017-ci ildə Türkiyədə “Barış və Dostluq” mövzusunda keçirilən beynəlxalq rəsm müsabiqəsinə qatıldım və I yeri qazandım. 2018-ci ildə qazandığım uğurları sadalamaqla qurtaran deyil. Yunanıstanda keçirilən “Dünyanın musiqi yollarında” , Çexiyada “Su altında həyat” və sair mövzularda keçirilən beynəlxalq rəsm müsabiqələrində diplomlarla mükafatlandırılmışam. Bakıdakı 3 nömrəli Uşaq-Gənclər rəsm qalereyasında “Bilik günü” ilə bağlı keçirilən rəsm müsabiqəsində “XXI əsrin bilik günü” rəsmim hamı tərəfindən bəyənildi və diploma layiq görüldüm.
Qalib olacağam
Hazırda Türkiyədə keçirilən “Kaspi ART” beynəlxalq incəsənət müsabiqəsinə “Qədim Bakı”, “Qarabağ atı” və “Caz Baku” rəsmlərimi göndərmişəm. Oktyabr ayının sonlarında qaliblər müəyyən olunacaq. Əminəm ki, şad xəbər eşidəcəyəm. Respublika üzrə “Xalq Cümhuriyyəti İli” çərçivəsində rəsm sərgi keçirildi. Sərgidə istedadlı gənclər iştirak edirdilər. Mən də onların arasında idim. Həmin tədbirdə özüm haqqında ətraflı məlumat verdim. Qazandığım uğurlardan söz açdım. Qeyd edim ki, 3- dəfə rəsm sərgisi keçirməyə hazırlaşıram. 100- yaxın rəsmim orada sərgilənəcək. Hələ vaxt təyin olunmayıb. O sərginin sevincini yaşayacağım anı da səbirsizliklə gözləyirəm.
“Qaraçı” rəqsini ifa etdim
Modellər və libaslar çəkirəm. Bir neçə dəfə milli geyimləri nümayiş etdirmişəm. Yeri gəlmişkən qeyd edim ki, mən təkcə rəssamlıqla məşul olmuram, yəni başqa hobbilərim də var. Gimnaziyada fəaliyyət göstərən rəqs dərnəyinə yazılmışam. Milli, dünya rəqslərini çox xoşlayıram. R.Behbudov adın Mahnı Teatrında R. Behbudovun 100 illik yubileyində “Qaraçı” rəqsini ifa etdim və alqışlarla qarşılandım. Gimnaziyada xor kollektivinin də üzvüyəm. “Ən yaxşı vokal ifaçısı” adını qazanmışam və diploma layiq görülmüşəm. ncəsənətə dərindən bağlı olduğum üçün bu sənətin məsuliyyətini dərindən dərk edirəm. Bacarığıma, potensialıma çox güvənirəm. Mənim öz yaradıcılıq dünyam var. Tez-tez televiziya kanallarına dəvət alırıq. İdmanın demək olar ki, bütün növlərini sevirəm. Üzgüçülük və gimnastika ilə məşğul olmuşam.
Fərəh ilə söhbətim qurtaran deyildi, onu dinləməkdən doymaqmı olardı?! Qəfil çalınan zəngsə bizə ayrılmaq xəbərdarlığını verdi. Fərəh dərsə tələsdi, mən isə redaksiyaya...
Sifai Səfərova