“Əməkdar müəllimlərimizi tanıyaq” rubrikasında bu dəfə oxucularımıza Siyəzən şəhər C.Cabbarlı adına 1 nömrəli tam orta məktəbin direktoru Nəcməddin Mürvətov və Gədəbəy şəhər Milli Qəhrəman İlham Əliyev adına 1 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Valeh Əsgərovun hekayələrini təqdim edəcəyik.

 

Siyəzən şəhər C.Cabbarlı adına 1 nömrəli tam orta məktəbin direktoru, “Tərəqqi” medallı Əməkdar müəllim Nəcməddin Mürvətov...  O, həmin Nəcməddin Mürvətovdur ki, ömrünün 45 ilini məktəb direktoru olaraq keçirib.

 

Müəllimliyin ilk 3 ilində 3 fəndən dərs deyib

 

Nəcməddin Mürvətov 1953-cü ildə Dəvəçi rayonunun Yuxarı Ələz kəndində anadan olub.  Parta arxasına ilk dəfə Yuxarı Ələz kənd ibtidai məktəbində keçib. Ancaq ailəsi Siyəzən şəhərinə köçdüyündən Siyəzən şəhər C.Cabbarlı adına 1 nömrəli tam orta məktəbdən məzun olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (o qəbul olunduğu illərdə universitet V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu adlanırdı) riyaziyyat fakültəsində oxuyub. 1974-cü ildə institutu “Riyaziyyat müəllimi” ixtisası üzrə bitirərək Dəvəçiyə qayıdıb. Rayonun Böyük Həmyə kənd 8 illik məktəbində müəllimliyə başlayıb. Deyir ki, məktəbdə o illərdə müəllim qıtlığı vardı. Hətta kimya və fizika müəllimləri olmadığından riyaziyyatla yanaşı, bu fənləri də tədris edib. Odur ki, müəllim işlədiyi 3 il ərzində 3 fəndən dərs deyib.

 

45 il direktor vəzifəsində

 

Həyatı hələ ali məktəbdə oxuduğu illərdə başlayıb. İctimai vəzifələrdə - qrup komsomol təşkilatının katibi, fakültə həmkarlar təşkilatının büro üzvü kimi idarəetmə təcrübəsi toplayıb. Məktəbdə müəllimliyə başlayandan 3 il sonra isə ona direktorluq həvalə edilib: “3 il idi müəllim işləyirdim. Qanunla direktor ola bilməzdim. Ancaq məktəbdə ali təhsilli 4 nəfər idik. Bir nəfər direktorluqdan azad olunmuşdu, bir nəfər kənd sovetinə sədr getdi, bir nəfər istəmədi və məni direktor təyin etdilər”.

 

 

O gündən Nəcməddin müəllim direktordur. 1977-ci ildən Böyük Həmyə kənd məktəbinə direktor təyin edilib və bu vəzifəni düz 30 il daşıyıb. Bu 30 ildə məktəbin həyatında böyük dəyişikliklər olub. Təhsil ocağı ümumi orta məktəbdən tam orta məktəbə çevrilib, ali təhsilli müəllimlərin sayı artıb, Ukrayna məktəbliləri ilə dostluq əlaqələri qurulub. Rayonda tanınan məktəb olan Böyük Həmyə tam orta məktəbi şagirdlərinin fəallığı ilə seçilib.

 

N.Mürvətov 2008-ci ildən Siyəzən şəhər C.Cabbarlı adına 1 nömrəli tam orta məktəbin direktorudur. Məktəb indi bilik yarışlarında olimpiada qalibləri, idman yarışlarında isə Avropa çempionları ilə öyünür. N.Mürvətovun direktor olması ilə uğurları artan məktəb “İlin məktəbi” müsabiqəsinin qaliblərindəndir.

 

Riyaziyyat müəllimi ola-ola fizika və kimyadan dərs deyən Nəcməddin müəllim humanitar sahədə də öz sözünü deyib, şeirlər yazıb, kitablar nəşr etdirib. Bir sözlə, məşhur direktor həm də tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2008-ci ildə “Tərəqqi” medalı, 2014-cü ildə “Qızıl Qələm”, 2015-ci ildə Həsən bəy Zərdabi adına media və Cabir Novruz Mədəniyyət Fondunun mükafatlarını alıb. 2015-ci ildən Əməkdar müəllimdir. 2018-ci ildə Prezident təqaüdünə layiq görülüb. Beynəlxalq Rəsul Rza mükafatçısıdır.

 

Məktəbi yüksəlişdə...

 

 

1300 şagirdi olan Siyəzən şəhər C.Cabbarlı adına 1 nömrəli tam orta məktəbi rayonun qabaqcıllarındandır. Ötən tədris ilində Siyəzəndən olan 2 olimpiada qalibi məhz bu məktəbin şagirdidir. Bu il ali təhsil müəssisəsinə qəbul imtahanlarında iştirak edərək 600-dən yuxarı bal toplayan 8 siyəzənli şagirdin 4-ü C.Cabbarlı adına 1 nömrəli tam orta məktəbin məzunudur.

 

Nəcməddin müəllim üçün isə artıq müəllimlik yolunun sonudur: “Artıq 69 yaşım var. Bu il məktəblə vidalaşacağam”.

 

 

“Müəllimliyim ilə önə çıxmaq istəmişəm”

 

Valeh Əsgərov isə sadəcə müəllimdir. Artıq 44 ildir ki, ən böyük vəzifə budur onun üçün. Hazırda Gədəbəy şəhər Milli Qəhrəman İlham Əliyev adına 1 nömrəli tam orta məktəbin coğrafiya müəllimidir. Ona qədər isə Gədəbəyin Şəkərbəy və Daşbulaq kəndlərində müəllimlik edib. 2006-cı ildə “Tərəqqi” medalına layiq görülüb. 2019-cu ildən Əməkdar müəllimdir.

 

Aktyor olacaqdı...

 

Hazırda işlədiyi məktəbin şagirdi olub Valeh müəllim: “O vaxt Krupskayanın adını daşıyırdı məktəbimiz. “Nəsimi” filminin ekranlara çıxdığı illər idi. Filmin təsiri altına düşmüşdüm, Rasim Balayevə heyran idim. Onun kimi aktyor olmaq istəyirdim mən də”.

 

Ata arzusu, müəllimlik yolu...

 

Amma ixtisas seçiminə atası təsir göstərib: “Orta təhsilimi tamamlayıb Bakı Dövlət Universitetinin geoloji coğrafiya fakültəsinə qəbul olundum və atamın təkidi ilə müəllim oldum. Atam mühasib idi və məni müəllim kimi görürdü. Onun arzusunu yerinə yetirərək müəllim oldum, amma qısa müddətdə peşəmi sevdim”.

 

O da ədəbiyyatla coğrafiyanı birləşdirib...

 

Fənnini bir az ədəbiyyat, bir az riyaziyyat “qataraq” tədris edib: “Ən çox da ədəbiyyatla əlaqə yaradıram. Çünki ədəbiyyatı sevirəm”.

 

Şagirdləri müəllimlərinin inteqrativ dərsini çox sevib və coğrafiyaya maraqları artıb: “Elə son tədris ilində coğrafiya fənnindən şagirdim respublika fənn olimpiadasında qızıl medal aldı.  Olimpiadaya qatılan və son mərhələyədək gedən şagirdlərim çox olub indiyədək. Amma medala layiq görülən ilk dəfə oldu”.

 

Əməkdar müəllim oldu

 

Olimpiadada ilk uğuru olsa da, Valeh müəllimin şagirdləri qəbul imtahanlarında əldə etdikləri nəticələri ilə hər zaman fərqləniblər: “2006-cı ildə II ixtisas qrupu üzrə hazırlaşan şagirdim 647 bal toplayaraq ali məktəbə qəbul olundu. Həmin il ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş bütün şagirdlərim coğrafiyadan yaxşı nəticələr göstərmişdi. Elə bu nəticə karyerama təsir etdi və “Tərəqqi” medalına layiq görüldüm”.

 

Valeh Əsgərov 2019-cu ildən Əməkdar müəllimdir.

 

Müəllimlərinə minnətdardır

 

Şagirdlərinin nəticələri ilə öyünməyə üstünlük verən Valeh Əsgərov bu illər ərzində vəzifə şanslarının olmasından da danışıb: “Göz önündə olmaq istəməmişəm. Müəllimliyim ilə önə çıxmaq, insanların məni daha çox müəllim kimi tanımalarını istəmişəm”.

 

Tanınıb da... Buna görə öz müəllimlərinə minnətdardır: “Müəllim necə olur, bunu müəllimlərimdə gördüm. Ömrüm boyu məhz onlar kimi müəllim olmaq istədim. Bu gün də onların məzarlarını ziyarət edir, öz borcumu yerinə yetirməyə çalışıram. Ən böyük minnətdarlığım mənə bu məktəbdə dərs demiş riyaziyyat müəllimim Mikayıl Allahverdiyevə, ədəbiyyat müəllimim Gülarə Əşrəfovayadır. Yaxşı müəllim ola bildiyim üçün onlara borcluyam”.

 

Valeh müəllim özü də daim axtarılan müəllimlərdəndir. Özünü də şagirdləri hörmət, sevgi ilə arayır: “Keçmiş şagirdlərim də məni unutmur. Bayramlarda yada salan, zəng edən çox olur. Müəllimlərim kimi unudulmayan müəllim olmağı bacardım”.

 

Yenidən dərsə girəcək...

 

Tezliklə dərslər başlayacaq. Sentyabr ayından Valeh Əsgərov yenidən dərsə girəcək. Ancaq...

 

Valeh Əsgərovun bu il sentyabrın 25-də 65 yaşı tamam olur: “Növbəti dərs ilində də  şagirdlərimlə bərabərəm. Həm 65 yaşım tədris ilinin ortasında tamam olduğu üçün, həm də fəxri adlarıma görə tədris ilinin sonunadək dərslərimi davam etdirəcəyəm”.

 

Ruhiyyə DAŞSALAHLI