Gənc müəllimlər işğaldan azad olunmuş şəhərlərimizdə işləməyə qərar veriblər


Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqə başa çatıb. Vakansiya seçimi mərhələsində uğur qazanan 1045 namizəd müddətli müqavilə ilə çalışmaq imkanı əldə edib. Seçdikləri vakansiyalar üzrə işə qəbul olunan namizədlər zəruri hesab edilən sənədləri aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim ediblər. Çıxarışı təsdiq edilənlər qəbul olunduqları məktəblərdə bir tədris ili dərs demək imkanı qazanacaqlar. MİQ-in vakansiya seçimi mərhələsində uğur qazananlar arasında Şuşa və Füzulidə yerləşən 1 nömrəli tam orta məktəblərdə müddətli müqavilə əsasında müəllimlik fəaliyyətinə başlayacaq namizədlər də var. Onlardan biri də İltimas Məmmədovadır.

 

İltimas Məmmədova: “Füzuli məktəbində işləmək üçün əminliklə qərar verdim”

 

İltimas Məmmədova  Mingəçevir Dövlət Universitetinin 2020-ci il məzunudur: “Universitetə qəbul olunduğum il Aprel döyüşləri baş vermişdi. Hələ o vaxt Qarabağa getməyi düşünürdüm. Qarabağ üçün bir iş görmək fikri heç vaxt məni tərk etmədi. Qarşıma bu il fürsət çıxdı və heç tərəddüd etmədən qərar verdim”.

 

Nəinki tərəddüd etmək, İltimas Məmmədova işğaldan azad olunmuş torpaqlarda dərs deməyin onun üçün böyük üstünlüklər qazandıracağını düşünür: “Yeni məktəb, yeni qəsəbələr, yeni mühitlə qarşılaşacağam. Əslində, məzun olduğum il MİQ imtahanlarında 60 baldan 50 bal toplayaraq

 

Salyanın Peyk kənd tam orta məktəbində müddətli müqavilə ilə işlədim. Amma pandemiya olduğundan onlayn dərs keçdik və məktəb mühitinə müəllim olaraq daxil ola bilmədim. Bu il keçirilən imtahanlarda isə 100 maksimum baldan 71 bal topladım və ilk yerdə Füzulini seçdim. Balımın Füzuli məktəbində işləmək üçün kifayət edəcəyinə əmin idim və bu əminliklə də qərar verdim”.

 

İltimas Məmmədova deyir ki, gələn il yenidən imtahan verəcək: “Gələn il göstərdiyim nəticə Füzuli məktəbində daimi qalmağıma imkan versə, işləyəcəyəm”.

 

Gənc müəllim nişanlıdır və əmindir ki, o, Füzulidə daimi qalsa, nişanlısı da onunla gedəcək: “İndi müddətli müqavilə ilə işləməyə gedirəm. Fikrimcə, daimi işləmək istəsəm, nişanlım da mənimlə Füzuliyə getməyə razı olacaq”.

 

Zəhra İsayeva: “Müəllimliyə işğaldan azad olunmuş şəhərlərdə başlamaq qürurvericidir”

 

Zəhra İsayeva da bu tədris ilindən Füzulidəki ümumtəhsil müəssisəsində - 1 nömrəli tam orta məktəbdə işə başlayacaq və ilk dəfə sinfə girəcək.

 

1998-ci ildə doğulmuş Z.İsayeva Balakən rayonundandır. 2016-cı ildə Balakən rayonu Humanitar və texniki təmayüllü liseyindən məzun olub. 2018-ci ildə Mingəçevir Dövlət Universitetinin “İbtidai sinif müəllimliyi” ixtisasına qəbul olunub: “Müəllim peşəsinə, xüsusilə ibtidai sinif müəllimliyinə həvəsim kiçikyaşlı uşaqlara olan sevgimdən, onların təlim-tərbiyəsinə olan böyük marağımdan yaranıb”.

 

Qarabağda öz maraq sahəsi üzrə işləyəcək: “Vakansiya seçərkən heç tərəddüd etmədim. Böyük qürurla Qarabağda - Füzuli şəhərində yerləşən 1 nömrəli tam orta məktəbi seçdim. Elə həmin məktəbə təyin olunduğumu eşidəndə daha böyük qürur hissi keçirdim. Sevincimin hədd-hüdudu yox idi”.

 

Z.İsayeva üçün müəllimliyinin ilk ili olması həyəcanvericidir. Amma sevdiyi işə Qarabağda başlaması ona sevinc qarışıq qürur bəxş edib: “Müəllim kimi fəaliyyətimin ilk ilinə məhz işğaldan azad olunmuş şəhərlərdə başlamaq,  şagirdlərimizə  yeni  biliklər tədris etmək mənim üçün hədsiz qürurvericidir. Bu müqəddəs hissləri bizə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyir, Milli Ordumuza, Prezidentimizə təşəkkür edirəm”.

 

Z.İsayevanın gələcəklə bağlı çoxlu planları var: “İlk növbədə öz ixtisasım üzrə daha da inkişaf etmək istəyirəm, özümü təkmilləşdirmək, bu peşədə sayılıb-seçilən müəllimlərdən olacağam. Hazırda dünyanın inkişaf etmiş bir çox ölkəsində kiçikyaşlı şagirdlərin təlim-tərbiyəsi ilə bağlı olduqca maraqlı, innovativ proqramlar var. Həmin proqramlarla yaxından tanış olmaq və gələcək fəaliyyətimdə tətbiq etmək istəyirəm”.

 

Zəhra İsayeva müəllim olmağa çox tələsir: “Müəllim kimi məktəbdə yenilikçi  təkliflər  hazırlamaq  və  tətbiq etmək üçün səbirsizliklə gözləyirəm”.

 

Həyəcan, sevinc dolu  QÜRUR

 

Onlar gənc müəllimlərdir. Peşə həyatına ilk qədəmlərini Qarabağ torpaqlarında atacaqlar. Bir neçə gün öncə sənədlərini təqdim etmək, çalışacaqları məktəblə tanış olmaq üçün getdilər doğma torpaqlara. İlk dəfə sinfə girəcəklərinin sevinci o sinfin Qarabağ torpaqlarında olmasının qüruruna qarışıb. Keçirdikləri həyəcan, sevinc qarışıq bu qürurun təsiri ilə çox xoşbəxtdirlər.

 

Nə deyək? Qoy, Qarabağ səması hər zaman açıq və təhlükəsiz olsun. Göylərimizi sevincdən qanad açan gənc müəllimlərimiz bəzəsin!

 

Ruhiyyə DAŞSALAHLI