Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulunun nəticələrinə əsasən, Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) qəbul olunan abituriyentlər arasında Gəncə Şəhər Uşaq Evinin sakini Həsən Mikayıl oğlu Həsənov da var.
O, qəbul imtahanlarında 420 bal toplayaraq dövlət sifarişi ilə ADPU-nun “Sosial iş” ixtisasına qəbul olunub.
ADPU-nun rəhbərliyi Həsənin bundan sonra universitet rəhbərliyinin himayəsində olacağını və onun təhsil aldığı müddətdə bütün ehtiyaclarının qarşılanacağını bəyan edib. Bildirilib ki, sosial həssas təbəqədən olan istedadlı tələbənin təhsilinə dəstək üçün bütün tədbirlər görüləcək.
ADPU-nun əməkdaşları Həsənlə əlaqə quraraq, onu tələbə adı qazanması münasibəti ilə təbrik edib, təəssüratlarını öyrəniblər. Həsən deyib ki, tarixə, hüquqa, sosial sahəyə çox böyük sevgisi var, elə buna görə də, ixtisas seçimində ADPU-nun “Sosial iş” ixtisasını seçib.
Həsənin yaşadığı Gəncə Şəhər Uşaq Evinin direktoru Nazilə İsmayılova bildirib ki, Həsən çox ağıllı, fəal uşaq olub, həmişə dərslərini yaxşı oxuyub, hər həsin rəğbətini qazanıb. 2012-ci ildə Samir Vəliyev adına Gəncə şəhər 34 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olub, 2023-cü ildə məzun olub.”
Onun təhsil aldığı məktəbin direktoru Yuris Xəlilov da vurğulayıb ki, Həsən çox tərbiyəli və yaradıcı şagird olub, Respublika Fənn Olimpiadasında iştirak edib. Məktəb rəhbərliyi və müəllimləri daim onun dərslərinə ciddi nəzarət edib, yüksək nəticə əldə etməsi üçün hər cür dəstək göstəriblər.
Qeyd edək ki, Həsənin atası dünyasını dəyişib, anası isə xəstə olduğundan bacısı və qardaşı ilə birgə 2012-ci ildən etibarən Gəncə Şəhər Uşaq Evində yaşamağa başlayıblar. Ailəsi Yevlax rayonundandır. Hazırda böyük qardaşı və anası Yevlax rayonunda, özü və 15 yaşlı bacısı isə uşaq evində yaşayır.