Azərbaycan Dillər Universitetində beynəlxalq elmi konfrans keçirilir
Azərbaycan Dillər Universitetində (ADU) Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondu "STMEGI" və İsraildəki Bar-İlan Universitetinin nəzdində Dahan Mərkəzinin (Dahan Centre) birgə layihəsi olan "Şimali və Şərqi Qafqaz yəhudilərinin irsi və mədəniyyəti" mövzusunda beynəlxalq elmi konfrans keçirilir.
Konfransdan əvvəl Bar-İlan Universitetinin nəzdində Dahan Mərkəzinin direktoru Şimon Ohayon, Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla, BBMM-ın icraçı direktoru Rəvan Həsənov, Aşkelon Akademik Kollecinin rektoru Şimon Şarvit, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov və Bar-İlan Universiteti təhsil fakültəsinin dekanı Zehavit Qrossun görüşu olub.
Rektor K.Abdulla ADU haqqında məlumat verərək qeyd edib ki, bu gün universitetdə 20-yə yaxın dil öyrədilir. Buraya təkcə Avropa dilləri daxil deyil, o cümlədən Yəhudi Dili Mərkəzi də var: “Paralel olaraq çalışırıq ki, Azərbaycan dilini də digər ölkələrdə yayaq. Bu məqsədlə bəzi ölkələrdə Azərbaycan Dili Mərkəzi də var. İsraildə də bu cür mərkəzlər yaradılarsa, sevinərik".
O əlavə edib ki, universitet müasir dillərin öyrənilməsində 300-cü yerdədir və bu, 1600 universitet arasında aparılan statistikadır.
K.Abdulla qonaqların diqqətinə çatdırıb ki, Azərbaycanda yəhudilərlə münasibətlər çox gözəl inkişaf edib. Ümumiyyətlə, bütün dinlər arasındakı münasibətlər harmonik vəziyyətdir. Ölkəmizdə aparılan siyasət bunu tənzimləyən amillərdəndir ki, bütün konfessiyalara bərabər münasibət göstərilir. Nəticədə isə bu xüsusiyyətlər Azərbaycanda multikulturalizmin çiçəklənməsinə gətirib çıxarıb.
BBMM-ın icraçı direktoru Rəvan Həsənov qonaqlara mərkəzin fəaliyyəti haqqında məlumat verib. Ölkəmizdə multikulturalizmə aid tədbirlərin keçirilməsinin ənənəvi hal aldığını qonaqların diqqətinə çatdırıb.
Görüşün sonunda qonaqlara hədiyyələr təqdim edilib.
Konfrans Azərbaycan və İsrailin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
“Şimali və Şərqi Qafqaz yəhudilərinin irsi və mədəniyyəti" mövzusundakı beynəlxalq elmi konfransda çıxış edən Bar-İlan Universitetinin nəzdində Dahan Mərkəzinin direktoru Şimon Ohayon bildirib ki, ADU ilə Bar-İlan Universiteti arasında əməkdaşlıq əlaqələri qurulacaq. Bu da universitetlər arasındakı münasibətləri yaxşılaşdıracaq. O, Dağ, Avropa və Gürcüstan yəhudiləri haqqında məlumat verərək deyib ki, bu konfrans vasitəsilə akademik və mədəni əməkdaşlığın əsası qoyulur.
Qeyd edək ki, konfransda Azərbaycan, İsrail, Rusiya, ABŞ, Fransa və digər ölkələrdən 60-dan çox tədqiqatçı-alim iştirak edir.
Beynəlxalq konfrans çərçivəsində Azərbaycanın musiqi və rəqslərinin də nümayiş olunacağı Qala tədbirinin keçirilməsi nəzərdə tutulur.
İki gün davam edəcək beynəlxalq konfransın 13 panel iclasında - "Adət və ənənələr". "Azərbaycanda və yəhudi icmasında multikulturalizm", "Milli və etnik kimlik", "Sionist fəaliyyət və Qafqazdan immiqrasiya", "İsrail-Azərbaycan münasibətləri", "Bakıdakı yəhudi icması: Tarix və cəmiyyət", "Dil və kimlik", "Qafqaz yəhudiləri müasir dövrdə", "Dağ Yəhudiləri İkinci Dünya müharibəsi dövründə", "Mədəniyyət və incəsənət", "Yəhudilər Azərbaycanda", "Qafqaz yəhudilərinin tədqiqi mənbələri" mövzularında geniş müzakirələr aparılır.