Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndələri Naxçıvan Dövlət Universitetində tibb fakültəsinin fəaliyyəti ilə yaxından tanış olub. Görüş zamanı qonaqlara ali təhsil müəssisəsinin tibb fakültəsi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, 20 ildən artıq təcrübəsi olan fakültənin fəaliyyətinə daim dövlət dəstəyi göstərilir və tibb fakültəsi üçün ayrıca binanın, xəstəxananın mövcudluğu peşəkar kadr hazırlığına öz töhfələrini verməkdədir.
Qeyd edilib ki, tibbi kadrların hazırlığı üçün xarici universitetlərlə geniş əlaqələr, təcrübə mübadilələri, fakültənin beynəlxalq layihələrdə iştirakı, müasir laboratoriyaların qurulması tədris imkanlarını daha da artırır. Tibb fakültəsinin məzunları nəinki Naxçıvanda, hətta onun hüdudlarından kənarda –Amerika Birləşmiş Ştatları, Braziliya, İspaniya, Almaniya, İtaliya, Türkiyə və digər ölkələrdə təhsillərini davam etdirərək muxtar respublika səhiyyəsinin inkişafında mühüm rol oynayırlar.
Məlumat verilib ki, fakültədə tədrisi ingilis dilində aparılan “Tibb” ixtisası da bu ildən fəaliyyətə başlayıb. Bundan əlavə, Naxçıvan Dövlət Universiteti nəzdində yaxın zamanlarda müasir standartlara cavab verən Tibbi Tədqiqat Klinikası, Tibb fakültəsi, Stomatologiya fakültəsi, Tibb kolleci və bir sıra sosial infrastrukturu özündə cəmləyən yeni tibb kampusunun qurulması xarici dillərdə tibbi kadrların hazırlanması üçün geniş imkanlar yaradacaq və əsaslı baza rolunu oynayacaq.
İngilis dilində tibb təhsili sonrakı təhsil səviyyələrində yüksəkixtisaslı kadr kimi formalaşmaqda Avropa universitetlərində rezidentura və ya uzmanlıq təhsili üçün geniş imkanlar yaradacaq.
Qonaqlar fakültədə fəaliyyət göstərən kitabxana, kompüter otağı, histologiya, anatomiya, fizioterapiya, patalogiya, stomatoloji simulyasiya, əczaçılıq simulyasiya kabinələri, kimya, fiziologiya və stomatoloji texniki laboratoriyaları, Tibb Kollecinin fəaliyyəti ilə də yaxından tanış olublar.