Layihəyə cəlb olunan məktəblərin ümumi sayı 250, bundan yararlanan şagirdlərin sayı isə 100000 nəfərdir


Bakı Ekspo Mərkəzində 12-ci  Beynəlxalq Təhsil Sərgisi keçirilib. Sərgidə “TOPs proqramı – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” layihəsi də təqdim olunub.

 

Qeyd edək ki, TOPs proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə 2014-cü ildən həyata keçirilir. Proqram Böyük Britaniya təcrübəsinə əsaslanaraq ümumtəhsil məktəblərində fiziki tərbiyə fənnini tədris edən müəllimlərin TOPs metodologiyası ilə bilik, bacarıqlarının zənginləşdirilməsi və şagirdlərin sağlamlıqlarının möhkəmləndirilməsi  və bu sahədə innovativ təhsil texnologiyasının yaradılması məqsədi ilə həyata keçirilir. Bu metodika fiziki tərbiyədə  inklüziv tədrisin həyata keçirilməsini təmin edən təlim metodlarını da özündə birləşdirir.  

 

TOPs layihəsinin rəhbəri Vəli Musayev layihə çərçivəsində  görülən işlər barəsində sərgi iştirakçılarına məlumat verib:

 

Qeyd olunub ki, layihə Bakı, Sumqayıt, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Qubadlı və Laçın rayonlarından olan  ümumtəhsil məktəblərində tətbiq olunur. Bu müddət ərzində 1000 nəfərdən artıq müəllim TOPs təlimlərindən keçərək öz praktiki bilik və bacarıqlarını artırıb və daha keyfiyyətli dərslər keçməyə başlayıblar. Layihə çərçivəsində hazırlanan metodiki tədris kartları  fiziki tərbiyə kurikulumuna uyğunlaşdırılıb və müəllim fəaliyyətinin gündəlik planlaşdırılması üçün hesablanıb. Hər bir kart 1 mövzunu əhatə edir və mövzu üzrə metodiki tövsiyələr təqdim olunur. Dərslərin daha səmərəli tədris edilməsi üçün müxtəlif idman ləvazimatlarından ibarət olan TOPs Oyun çantası əsas köməkçi alətlərdəndir. Çantada təlim nəticələrinin əldə olunması üçün lazım olan əsas idman ləvazimatları müəllimlərə dərsləri istənilən yerdə keçirilməsinə yaxşı imkan yaradır. Layihəyə cəlb olunan məktəblərin ümumi sayı 250-dir,  bundan  yararlanan şagirdlərin sayı isə 100000 nəfəri keçib.

 

TOPs proqramı çərçivəsində  beynəlxalq səviyyəli təlim kursları təşkil edilib və  20 nəfər təlimçi sertifikatı alaraq bu metodikanın digər fiziki tərbiyə müəllimlərinə öyrədilməsi məqsədi ilə hazırlanıb.  

 

Daha sonra TOPs layihəsi çərçivəsində həyata keçirilmiş fəaliyyətləri özündə əks etdirən geniş videomaterial nümayiş etdirilib.