Şairin 110 illik yubileyi Naxçıvan Müəllimlər İnstitutunda qeyd olunub
Oktyabrın 11-də Naxçıvan Müəllimlər İnstitutunda şair Mikayıl Müşfiqin həyat və yaradıcılığına həsr olunan elmi-praktik konfrans keçirilib. Konfransı giriş sözü ilə açan institutun rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev bildirib ki, öz işıqlı siması, qətiyyətli iradəsi və çağlayan istedadı ilə gənc ikən parlayan Müşfiqin yolunun üzərində əngəllər törədənlər sonralar onun həbs olunmasına çalışdılar və buna nail oldular. Bugünkü nəsillərə örnək olan şair 29 il yaşadı. Lakin bu qısa ömür yolunda onun yazdığı bədii nümunələr və etdiyi tərcümələr necə gərgin bir həyat yaşadığının nümunəsidir.
İnstitutun “Dillər və ədəbiyyatı” kafedrasının dosenti Əbülfəz Əzimli “Mikayıl Müşfiqin həyat və yaradıcılığı: həyat ondan küsənləri incidir” mövzusunda etdiyi məruzəsində şairin ömür və yaradıcılıq yoluna nəzər salıb. Bildirib ki, qısa, lakin mənalı ömür yaşamış M.Müşfiq 1930-35-ci illərdə bir-birinin ardınca “Günün səsləri”, “Küləklər”, “Buruqlar arasında”, “Vuruşmalar”, “Pambıq”, “Şəngül, Şüngül, Məngül”, “Kəndli və ilan” kitablarını çap etdirmişdir. Şairin “Oxu, tar”, “Yenə o bağ olaydı”, “Duyğu yarpaqları” və bir şox şeirlərinə mahnı bəstələnmişdir. Onun mahnıları bu gün də musiqi xəzinəmizin qızıl fondundadır.
1937-ci ilin iyun ayında repressiya qurbanı kimi həbs olunan şair 1938-ci ilin yanvar ayının 5-də 20 dəqiqəlik mühakimə ilə güllələnməyə məhkum edilmiş və yanvarın 6-da hökm yerinə yetirilmişdir. Onun xatirəsi qədirbilən dövlətimiz tərəfindən əbədiləşdirilmişdir.
Sonra institutun Tədris və tərbiyə işləri üzrə prorektoru, dosent K.Camalov “Mikayıl Müşfiqin pedaqoji ideyaları”, “Dillər və ədəbiyyatı” kafedrasının professoru Yusif Səfərov “Mikayıl Müşfiqin poeziyasında sənətkarlıq” mövsularında çıxış etmişlər.
İnstitun tələbələrinin ifasında şairin “Necə əl çəkim” və “Nə bəxtiyardır” şeirləri bədii qiraətlə söylənmişdir.