Mingəçevir Dövlət Universitetinin (MDU) koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) mövzusunda Erasmus+ layihəsi çərçivəsində 11 Azərbaycan universitetinin müvafiq əməkdaşarından ibarət nümayəndə heyəti İsveç Krallığının Stokholm şəhərində işgüzar səfərdədir. 21-25 avqust tarixlərini əhatə edən səfər çərçivəsində keçirilən təlimlərə Avropanın və dünyanın nüfuzlu ali təhsil müəssisələrindən olan İsveçin KTH Kral Texnologiya Univerisiteti evsahibliyi edir.

 

Nümayəndə heyətinin tərkibinə layihə konsorsiumuna daxil olan Azərbaycan universitetlərinin rektorları, prorektorları, inzibati və akademik heyət üzvləri, eləcə də Polşanın Bydgoszc İqtisadiyyat Univeristetinin əməkdaşları daxildir.

 

Təlim səfərinin əsas məqsədi ali təhsil müəssisələrində universitet-sənaye işbirliyinin gücləndirilməsi, innovasiya və sahibkarlıq fəaliyyətlərinin inkişaf etdirilməsi sahəsində İsveç təcrübəsinin öyrənilməsindən ibarətdir. Səfər müddətində innovasiya və sahibkarlığın inkişafı üçün əlverişli mühitin yaradılması, universitet-sənaye əməkdaşlığının strukturlaşdırılması, sahibkarlıq və innovasiyaya məzmunlu təhsilin təşkili, İsveç İnnovasiyalar Agentliyinin fəaliyyəti, İsveç Strateji İnnovasiya Proqramı, innovasiyanın və onun təsirlərinin artırılması üzrə beynəlxalq layihələr və digər mövzularda seminarların keçirilməsi, qarşılıqlı fikir mübadilələrinin aparılması nəzərdə tutulub.

 

Qeyd edək ki, MDU Azərbaycanda koordinator statusunda Erasmus+ layihəsinin qalibi olan ilk region universitetidir. 36 ay müddətində reallaşdırılacaq layihənin əsas məqsədi Azərbaycan ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsi, akademik heyətin və tələbələrin sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsi, universitetlərimizdə innovativ yanaşmanın təkmilləşdirilməsi, tədris prosesinin məzmununda praktiki komponentlərin artırılması, startap fəaliyyətlərinin və universitet – sənaye əməkdaşlığının genişləndirilməsidir.