Bakı Ali Neft Məktəbinin (BANM) “İnformasiya təhlükəsizliyi” ixtisasının III kurs tələbəsi Azər Sadıxzadə Çinin “Huawei” şirkətinin Qətərin Doha şəhərində keçirəcəyi “Gələcəyin toxumları” (Seeds for the Future) proqramında Azərbaycanı təmsil edən komandanın kapitanı seçilib.
Proqramın Bakıda keçirilən seçim mərhələsinə BANM-ın proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının müdiri Nailə Allahverdiyevanın rəhbərliyi ilə “İnformasiya təhlükəsizliy”i ixtisasının 3 tələbəsi - Əsmər Hacızadə, Azər Sadıxzadə və Elnur Bədəlov qatılıb.
Seçim mərhələsində hər tələbəyə 10 dəqiqə, tələbələrin çıxışı üçün 5 dəqiqə, münsiflərə isə sual vermək üçün 5 dəqiqə vaxt verilib. Münsiflər tərəfindən tələbələrin dil səviyyəsi və ünsiyyət bacarıqları qiymətləndirilib.
Yekunda A.Sadıxzadə yüksək nəticə göstərib və müxtəlif universitetlərin tələbələrinin də iştirak etdiyi Azərbaycanı təmsil edən 5 nəfərlik komandanın kapitanı seçilib.
Qeyd edək ki, “Huawei” şirkəti bu ilin sentyabr ayında Qətərin Doha şəhərində “Gələcəyin toxumları” (Seeds for the Future) adlı 8 günlük təlim proqramı təşkil edəcək. Bu proqram çərçivəsində azərbaycanlı tələbələr “Huawei” tərəfindən hazırlanmış İKT biliklərinə yiyələnəcəklər. Azərbaycanı bu yarışmada 5 tələbə təmsil edəcək. Yarışma 3 mərhələdən ibarətdir. Qaliblərin Çinin Şenzen şəhərində yerləşən “Huawei”in Baş ofisinə səfəri nəzərdə tutulub.