Son dövrlərdə tez-tez eşidilən mövzulardan biri də risk qrupuna daxil olan uşaqlardır. Bugünkü məktəbdə ailədən qaynaqlanan problemlər mövcuddur. Zorakılıq, inamsızlıq, soyuqluq, diqqətsizlik, ailə üzvlərinin bir-birini dinləməməsi və bu kimi başqa hallar həmin ailədən olan uşaqların davranışına, psixologiyasına mənfi təsirini göstərir. Bütün bu pozucu hallar məktəbdə ortaya çıxır və tədricən məktəbin də həlli vacib məsələsinə çevrilir. Ailədə zorakılığa uğrayan uşaq bunu məktəbdə öz yoldaşlarına tətbiq edir. Demək, problemin kökü ailədən qaynaqlanır. Məktəbin vəzifəsi bu problemləri vaxtında aşkarlamaq və qarşısını almaq üçün lazımi tədbirlər görməkdən ibarətdir. Bu tədbirlər hansılar olmalıdır?
Risk qrupuna daxil olan uşaqlarla işin təşkili ən əvvəl onların vaxtında aşkarlanması və kateqoriyalara bölünməsi ilə başlayır. Bu qəbildən olan uşaqlar kimlərdir? Bunlar yarımçıq ailədən olan uşaqlar, boşanmış ailənin övladları, zərərli vərdişlərin aludəçisinə çevrilən ailədən olan və ya özü də zərərli vərdişə yoluxan uşaqlar, öz yaşıdları tərəfindən bulinqə məruz qalan və ya yaşıdlarını bulinqə məruz qoyan uşaqlar və başqalarıdır.
Onları necə müəyyən etməli?
Fərdi və ya seçmə üsulu ilə söhbətlərin, müşahidələrin, valideynlərlə, ayrı-ayrı müəllimlərlə, psixoloqla danışıqların aparılması, anonim sorğuların keçirilməsi, esselərin yazdırılması və s. yollarla aşkar etmək olar. Problemin səmərəli həllinə nail olmaq üçün risk qrupuna daxil olan uşaqları vaxtında aşkar edib, obyektiv şəkildə kateqoriyalara ayırmaq lazımdır.
Bundan sonra əsas məsələ bu tip uşaqlarla işi doğru-düzgün qurmaqdır. Bu işi necə qurmaq lazımdır? Risk qrupuna daxil olan uşaqlarla işi təşkil etməyin yolu məktəbdə tərbiyə işinin planlı və sistemli şəkildə qurulmasından ibarətdir. Bunun üçün sinif rəhbərləri, psixoloq, müəllimlər, UBTR ilə vaxtaşırı maarifləndirici söhbətlər aparmaq, “dəyirmi masa”lar, disputlar keçirmək, məqsədə nail olmaq üçün onları təlimatlandırmaq əsas şərtlərdən biridir. Qeyd etmək lazımdır ki, bu kateqoriyalardan olan uşaqların valideynləri ilə də həssaslıqla fərdi söhbətlər aparılmalı, onlar da bu yöndən maarifləndirilməlidirlər. Problemi aradan qaldırmağın yollarının empatiya hissi ilə müzakirəsi, birlikdə həlli yolunun axtarılıb-tapılması, düşünürəm ki, işin xeyrinə olar.
Problemin həll yollarından biri də məktəbdə eyni yaş qrupuna daxil olan siniflərin sinif rəhbərlərinin metodbirləşməsinin təşkilidir. Sinifdə tərbiyə işinin təşkilində sinif rəhbərlərinin məktəbdə aparıcı qüvvə olması danılmaz faktdır. Qabaqcıl təcrübəyə malik sinif rəhbərlərinin bir metodbirləşmə ətrafında birgə fikir, təcrübə mübadiləsi etmələri işin xeyrinə olar və səmərəli fərdi iş planlarının hazırlanmasına gətirib çıxarar.
Demək, kateqoriyaları müəyyən etdikdən sonra hər uşağın fərdi xüsusiyyətləri və problemi nəzərə alınaraq onlar üçün fərdi iş planı tutulmalıdır. Fərdi inkişaf planında məktəbin pedaqoji heyətinin və valideynin risk qrupuna daxil olan təhsilalanlara psixo-sosial dəstəyin göstərilməsi tədbirləri və bu tədbirlərin yerinə yetirilməsində cavabdeh şəxslərin rolları müəyyənləşdirilməlidir. Fərdi inkişaf planlarının icra olunmasına yerli təhsili idarəetmə orqanları tərəfindən nəzarətin həyata keçirilməsi də işin birbaşa xeyrinə olan amildir.
Elə bir səmimi mühit yaradılmasına nail olmaq lazımdır ki, uşaq üzləşdiyi problemi çəkinmədən gəlib sinif rəhbərinə danışa, ondan kömək istəyə bilsin. Həmçinin uşaqların öz hüquqları barədə vaxtaşırı maarifləndirilməsi daim diqqətdə saxlanılmalıdır. Çünki hüququnu yaxşı bilən uşaq çətinə düşəndə o çətinlikdən çıxmağın doğru-düzgün yolunu bilmiş olur. Bu işdə əsas aparıcı iş sinif rəhbərlərinin üzərinə düşür. Sinif rəhbərləri bu cür uşaqların maraq dairəsini öyrənib, onları məktəbin müxtəlif tədbirlərində iştiraka sövq edib həvəsləndirərsə, bu, uşağın formalaşmasında mühüm rol oynayar. Xüsusən, idman yarışlarına və ya müəyyən qabiliyyəti olan uşaqlar üçün rəsm, “Bacarıqlı əllər” müsabiqələrinə cəlb olunması, həmin uşaqların uğurlarının rəğbətləndirilməsi onların motivasiyasına və daha çox sosiallaşmasına səbəb olar. Məktəbdə risk qrupuna daxil olan uşaqlarla səmərəli iş aparıb, onları yenidən təhsil mühitinə qaytarmaq, davranış pozuntusu olan uşaqların davranışlarında müsbətə doğru irəliləyişə nail olmaq əsas məqsədə çevrilməlidir.
Yekun olaraq sonda onu qeyd edim ki, risk qrupuna daxil olan uşaqların vaxtında aşkar olunması, fərdi iş planının hazırlanması, bu qəbildən olan uşaqlara həssaslıqla qayğı göstərilməsi onların təhsil mühitinə qayıtmasına, davranışlarının müsbətə doğru dəyişməsinə, təlim nailiyyətlərinin yaxşılaşmasına səbəb olar. Bu isə həm məktəbin, həm də ümumilikdə cəmiyyətin qazanmasına gətirib çıxarar.
Gülyaz ƏLİYEVA,
Ağdam rayon 38 nömrəli tam orta məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçısı