Hər iki universitet yeni əməkdaşlıq sahələrinin axtarışındadır


Voronej Dövlət Texniki Universitetinin nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub.

 

Qonaqları qəbul edən AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov universitet haqqında geniş məlumat verib. Professor Xalıq Yahudov Azərbaycan-Rusiya əlaqələrinə diqqət çəkərək qeyd edib ki, AzTU-nun Rusiya ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq formatı mövcuddur. Rektor əvəzi bildirib ki, AzTU ilə Voronej Dövlət Texniki Universiteti arasındakı əməkdaşlıq müqaviləsi çərçivəsində ötən illərdə xeyli işlər görülüb və bu işlərin davamı olaraq iki universitetin nümayəndə heyəti yeni əməkdaşlıq sahələrinin axtarışındadır.

 

Voronej Dövlət Texniki Universitetinin birinci prorektoru Sergey Safonov ikitərəfli görüşlərin əhəmiyyətli olduğunu bildirərək qeyd edib ki, iki universitet arasında nanotexnologiya və kompazisiya materiallarının tədqiqi üzrə səmərəli əməkdaşlıq potensialı mövcuddur. Sergey Safonov bundan əlavə olaraq AzTU ilə tələbə-müəllim mübadiləsinin, birgə təlim və konfransların keçirilməsinin mümkünlüyündən də danışıb.

 

Görüşdən sonra AzTU ilə Voronej Dövlət Texniki Universiteti arasındakı əməkdaşlıq müqaviləsi yenilənib.