Azərbaycan Voleybol Federasiyasının (AVF) təşkilatçılığı ilə "Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı düşərgəsi"nə start verilib. Düşərgə yeniyetmə və gənclərdən ibarət milli komandaların rəhbəri Şahin Çatmanın rəhbərliyi ilə Voleybol Mərkəzində keçirilib.
Düşərgəyə Bakı, Sumqayıt və Xırdalandan olan 55-ə yaxın 15 yaşadək voleybolçu qızlar qatılıblar. Uşaqların valideynləri ilə görüş də keçirilib. Onlara 5 günlük keçirilən düşərgədə hər yaş qrupuna gündə iki dəfə məşqlər keçirilməsi barədə məlumat verilib. Bildirilib ki, düşərgələrin təşkilində əsas məqsəd yeniyetmə və gənclərdən ibarət milli komandaların formalaşdırılması və beynəlxalq yarışlarda ölkəmizi təmsil etməkdir.
Qeyd edək ki, yeniyetmə voleybolçular bir neçə ay ərzində ölkənin müxtəlif regionlarında keçirilən seleksiya məşqlərində öz istedadlarını nümayiş etdiriblər. Uşaq voleybolunun inkişafı istiqamətində aparılan tədbirlər çərçivəsində reallaşan belə seleksiya məşqləri və düşərgələr davamlı olacaq.
Sifai SƏFƏROVA