Naxçıvan Dövlət Universitetində (NDU) builki qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərən abituriyentlərlə görüş keçirilib. Universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Arzu Abdullayev yüksək bal toplayan gənclərlə bu cür görüşlərin keçirilməsinin artıq universitetdə bir ənənə halını aldığını qeyd edib.

 

Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda Naxçıvan Dövlət Universitetinin də qarşıdakı mərhələlər üzrə perspektivləri müəyyən edilib. Dövlət Proqramında NDU ilə digər ölkələrin ali məktəbləri arasında əməkdaşlıqların güclənməsi, birgə proqramların təşkil olunması, həmçinin universitetlərdə yeni məzmunlu proqramların (SABAH, ingilisdilli tibb fakültəsi, tibbi tədqiqat klinikası və s.) tətbiqi üzrə layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Dövlət Proqramının səmərəli icrası nəticəsində artıq universitetin nəzdində ingilisdilli orta məktəb fəaliyyətə başlayıb, məhz həmin sərəncamla ali təhsil ocağına yüksək etimad göstərilib:”Əminliklə qeyd edə bilərik ki, Azərbaycan təhsil tarixində ilklərə imza atan Naxçıvan Dövlət Universiteti Dövlət Proqramının icrası istiqamətində öz töhfəsini verəcək”.

 

Universitetin maddi-texniki bazası, müasir tədris üsulları haqqında məlumat verən prorektor deyib ki, klassik universitet modelinə malik Naxçıvan Dövlət Universitetində 8000-ə yaxın tələbə təhsil alır.

 

Prorektor yaradılacaq tibb kampusu və ali təhsil ocağında müasir dövrün tələblərinə uyğun ixtisasların üstünlüklərindən danışıb:” Yeni yaradılan ixtisasların fəaliyyəti onu deməyə əsas verir ki, bu ixtisasları bitirən tələbələrin gələcəkdə universitetdə qurulan Texnoparkda fəaliyyət göstərmələri üçün əsaslı zəmin yaranacaq”.

 

Universitetdə tədrisi ingilis dilində olan “İqtisadiyyat”, “Beynəlxalq münasibətlər”, “İqtisadiyyatın tənzimlənməsi” (magistr) ixtisaslarının uğurlu fəaliyyəti haqda məlumat verən A.Abdullayev diqqətə çatdırıb ki, artıq ali təhsil ocağında ingilisdilli ixtisasların sayı artırılır. Belə ki, bu il “Tibb” və “Kompüter mühəndisliyi” ixtisası fəaliyyətə başlayacaq. Bu da universitetin beynəlxalq aləmdə nüfuzuna öz müsbət təsirini göstərir.

 

Görüşdə ali təhsil ocağının beynəlxalq aləmdə qazandığı uğurlar da nəzərə çatdırılıb. Bildirilib ki, ali təhsil ocağı, nəinki Azərbaycan, hətta dünya universitetlərinin reytinq sıralamasında öz layiqli yerini tutmaqdadır.

 

Univesitetdə ikili diplom proqramlarının fəaliyyətindən danışan prorektor qeyd edib ki, bu proqramlar üzrə təhsil alan tələbələr həm NDU, həm də xarici ölkələrlə bağlanılan müqavilələrə əsasən, həmin universitetin diplomunu əldə etmə imkanına malik olacaqlar.

 

A.Abdullayev NDU-da IELTS qeydiyyat və imtahan mərkəzinin uğurlu fəaliyyətindən danışıb. Vurğulayıb ki, artıq bir neçə ildir,  öz işini uğurla davam etdirən mərkəzdə imtahanlar keçirilib və uğurla yekunlaşıb.

 

Prorektor tələbələrin dərsdən kənar məşğuliyyətlərinin, dünyagörüşlərinin, sosial bacarıqlarının qiymətləndirilməsi məqsədilə ali təhsil ocağında tələbə təşkilatlarının bu sahədə aktiv bacarıqlarını da diqqətə çatdırıb.

 

Qeyd edilib ki, tələbələr, həmçinin bu məqsədlə müxtəlif könüllülük proqramlarına qoşulur, öz bacarıqlarını daha da zənginləşdirirlər.

 

Sonra universitetin tanıtım videoçarxı nümayiş olunub.