Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri çoxsaylı istehsalat müəssisələrində Yay təcrübələrini uğurla keçirlər. Belə ki, bu il 1300-dən yuxarı tələbə Yay təcrübəsinə yazılıb. Bir qismi artıq təcrübə müddətini başa vurub, yerdə qalan tələbələr hazırda təcrübələrini davam etdirirlər. Onlar öyrəndikləri nəzəri bilikləri təcrübədə sınaqdan keçirməklə ixtisaslarının incəlikləri ilə daha yaxından tanış olur, həm də daimi işlə təmin olunmaq şansı qazanırlar.

 

Qeyd edək ki, ADNSU 400-dən yuxarı özəl və dövlət şirkəti ilə əməkdaşlıq edir. Tələbələr paytaxtda və bölgələrdə yerləşən bu şirkətlərdə təcrübə keçirlər. 30 nəfər tələbə “AzərEnerji” ASC, 15-dən yuxarı tələbə “Norm Sement” Zavodunda və 12 tələbə “SOCAR Downstream”da ödənişli təcrübədədir. Təcrübəyə cəlb olunan tələbələrin bir hissəsi, həm də daimi işlə təmin olunur. Belə ki, 5 tələbə Bakı Sağlamlıq Mərkəzində, 3 tələbə “Turan Drilling”də, 2 tələbə “Bahar Enerji” Əməliyyat Şirkətində,  4 tələbə Azərbaycan Standartlaşdırma İnstitutunda və digər müəssisələrdə uğurlu təcrübə keçiblər, hazırda da təcrübələrini davam etdirirlər, onlardan sonuncu kursda oxuyan bir neçə tələbə daimi işlə təmin olunub.