Müharibə veteranlarının təhsil haqqı dövlət büdcəsi vəsaiti hesabına ödəniləcək
Ölkə başçısı cənab İlham Əliyevin “Sosial müdafiəyə xüsusi ehtiyacı olan bir sıra şəxslərin təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi mexanizminin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 mart tarixli 347 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” 27 iyul 2023-cü il tarixli Sərəncamına müvafiq olaraq ölkəmizin ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin təhsil müddəti ərzində təhsil haqqı 2023/2024-cü tədris ilindən etibarən dövlət büdcəsi vəsaiti hesabına ödəniləcək.
Qalibiyyətimizə görə borclu olduğumuz müharibə veteranı olan gənclərimiz dövlət başçısının bu Sərəncamını yüksək dəyərləndirirlər. Bəli, bu gənclər artıq təhsil haqqından azaddırlar və onlar öz sevinclərini “Azərbaycan müəllimi” qəzeti ilə bölüşüblər.
Kamran ƏZİMOV: - 2016-cı ildə 657 balla Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) qəbul olmuşam. 2020-ci ildə bakalavriatura təhsilimi başa vurmuşam. Həmin il hərbi xidmətə yollandım və İkinci Qarabağ müharibəsində iştirak etdim . Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalına layiq görülmüşəm. Mən həm də “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşam.
İkinci Qarabağ müharibəsindən sonra təhsilimi davam etdirmək qərarına gəldim. 2022-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin magistraturasına qəbul oldum. Ödənişli əsaslarla təhsil alıram və mənim üçün bu, kifayət qədər böyük məbləğdir.
Dövlət başçısının Sərəncamı artıq bizlərin təhsillə bağlı maddi problemlərini tamamilə aradan qaldıracaq. Prezidentimizin müharibə veteranlarına, şəhid ailələrinə , qazilərə olan diqqət və qayğısı ən yüksək səviyyədədir. Bizim təhsil haqqından azad olunmağımız təhsilə əlçatanlığı təmin edir, vətənə layiqli mütəxəssis kimi öz töhfəmizi verməyə imkan yaradacaq.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Düşünürəm ki, təhsil sahəsində həm maddi, həm də mənəvi sıxıntılarımız artıq aradan qalxdı.
Bu Sərəncam bütövlükdə müharibə veteranlarımıza imkan verəcək ki, onlar sosial vəziyyətlərindən asılı olmayaraq ali təhsil ala, özlərini bu müstəvidə inkişaf etdirə bilsinlər. Prezidentimizin imzaladığı Sərəncam dövlətimizin həm veteranlara, həm də təhsilə göstərdiyi diqqət və qayğının növbəti təzahürüdür.
Pərvin ABASQULİYEV: - 2009-2013-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində “Biologiya” ixtisası üzrə bakalavr təhsili almışam. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Biznesin təşkili və idarə edilməsi (menecment)” ixtisası üzrə magistraturada ödənişli əsaslarla təhsil alıram. II kurs tələbəsiyəm.
Hər bir azərbaycanlının uzun illər sağalmayan yarası var idi. Və biz bir məqsəd, bir amalla yaşayırdıq. İşğal altında olan torpaqlarımızı mənfur düşməndən azad, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, tökülən qanların qisasını almaq. Mən Kəlbəcər istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmişəm. Dövlət başçısının Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalına layiq görülmüşəm.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin müvafiq Sərəncamı məni bir Vətən müharibəsinin veteranı olaraq çox sevindirdi. Belə ki, qeyd etdiyim kimi, hazırda Azərbaycan Dövlət İqtisad Universitetində magistraturada ödənişli əsaslarla təhsil alıram. Təhsil haqqından azad olunmağımız dövlətin bizə necə yüksək dəyər verdiyini göstərir.
Bu imkanı yaratdığına görə cənab Prezidentə sonsuz təşəkkürümü bildirirəm. Sərəncamı biz müharibə veteranlarına, şəhid ailələrinə, qazilərə göstərilən qayğı, eyni zamanda bizim şəxsi inkişafımıza dəstək kimi qiymətləndiririk. Və hesab edirəm ki, gələcək karyera imkanlarımızda misilsiz rol oynayacaqdır.
Vəliəhəd VƏLİYEV: - Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Maşın mühəndisliyi” ixtisasi üzrə III kurs tələbəsiyəm. İkinci Qarabağ müharibəsi zamanı Zəngilan rayonunun azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişəm. 52 gün əsirlikdə olduğum zamanda belə, Rəşadətli Ordumuzun Qələbə qazanacağına əmin idim.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin “Dəmir Yumruq” siyasəti nəticəsində 14 dekabr 2020-ci ildə əsirlikdən azad olunaraq Vətənimə geri qaytarıldım.
Ali təhsil almaq, arzu etdiyim ixtisasa yiyələnmək mənim ən böyük istəyim idi. Və sevinirəm ki, arzuma çatmışam. Təhsilim ödənişli əsaslarla olduğu üçün bu maddi vəsaiti ödəməkdə çətinlik çəkirdim.
“Mən hər zaman qazilərin yanında olacağam”, - söyləyən Prezident İlham Əliyev, əslində, cəmiyyətimizdə bütün müharibə iştirakçılarına olan münasibətini bildirmiş oldu. Dövlət başçısının şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına yüksək diqqəti, qayğısı və imzalanmış bu Sərəncam biz müharibə veteranlarına necə həssaslıqla yanaşılmasını göstərir.
Verilən qərar ali təhsil almaq istəyən, bunun üçün müvafiq bazası olan, ancaq təhsil haqqı ödəməyə maddi çətinlik çəkən müharibə iştirakçıları üçün gözəl fürsət və geniş imkanlar deməkdir.
Ali təhsilimi bitirdikdən sonra da Vətənimə layiqli mütəxəssis kimi xidmət edəcəyimə əminəm.
Elvin BƏKİROV: - 2009-2013-cü illərdə Gəncə Dövlət Universitetində “İqtisadiyyat” ixtisası üzrə təhsil almışam.
Bilirsiniz ki, ermənilər 30 ilə yaxın bir müddətdə bizim dədə-baba torpaqlarımızı işğal edərək minlərlə azərbaycanlıya qarşı vəhşiliklər törətmişdir. Təbii ki, biz qisas anını gözləyirdik. Ali Baş Komandan, Prezident İlham Əliyevin çağırışına inamla qoşularaq 2020-ci il sentyabrın 21-də könüllü olaraq ordu sıralarına yazıldım. Quru qoşunlarının “N” saylı hərbi hissəsinin həmlə taboru ilə bərabər, həmin ilin sentyabrın 27-də döyüşlərə qatıldım. İlk döyüşümüz Talış kəndi uğrunda oldu, sonra isə Suqovuşanı düşmən tapdağından azad etdik. Dekabrın 1-də isə artıq Laçın rayonuna daxil olduq.
Ölkə başçısının müvafiq Sərəncamı ilə “Laçının azad olunmasına görə” medalına layiq görülmüşəm. “Vətən müharibəsi iştirakçısı” medalı ilə də təltif olunmuşam.
İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra təhsilimi yenidən davam etdirmək istədim. 2022-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) magistraturasına qəbul olundum və hazırda “Beynəlxalq ticarət” ixtisası üzrə II kurs tələbəsiyəm.
Prezident İlham Əliyevin imzaladığı bu Sərəncam biz müharibə veteranlarını çox sevindirdi. Artıq bizim təhsil xərci ilə bağlı problemimiz olmayacaq. Bu, məni təhsil haqqımı düşünmək məsulliyətindən azad etdi. Bir müharibə veteranı olaraq Prezidentimizə bizə göstərdiyi diqqət və qayğıya görə minnətdaram.
Samirə KƏRİMOVA