63 yaşlı müəllim sertifikasiya imtahanı verəcəyi günü səbirsizliklə gözləyir


“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda müvafiq dəyişiklik edildi. Artıq 60 və daha yuxarı yaşda olan şəxslərin müəllimlərin sertifikatlaşdırılması imtahanında iştirakı könüllüdür. Bəs, müəllimlər özü nə qədər könüllüdür? Vera Silukova Xaritionovna Bakı şəhəri Xətai rayonundakı 257 nömrəli tam orta məktəbdə 30 ildən artıqdır ki, müəllimdir. “63 yaşım var və buna baxmayaraq, çox fəal müəlliməm”, - deyir. İlk sertifikasiya imtahanlarında səhhəti ilə əlaqədar iştirak edə bilməyib. Növbəti imtahanlarda isə 60 yaşdan yuxarı müəllimlər üçün verilən qərar ona mane olub. İndi könüllü əsaslarla imtahan verməyə hazırlaşır: “İxtisasımdan, tədris etdiyim fəndən 50 baldan yuxarı nəticə göstərəcəyimə əminəm”.

 

“Müəllim hər gün dərs dediyi fəndən imtahan verməkdən qorxmamalıdır”

 

 

“Ümumiyyətlə, sertifikasiya imtahanlarının keçirilməsinə etirazı başa düşmürəm”, - deyir. Onun fikrincə, bu imtahanın müəllimlərin karyerasında çox ciddi əhəmiyyəti var: “Müəllim hər gün dərs dediyi fəndən imtahan verməkdən qorxmamalıdır. Ən əsası, biliyi varsa, müəllim özünü sınamaq istəyəcəkdir. Bu, həm də müəllim kimi nüfuzunun artmasına xidmət edər. Valideynlər imtahan nəticələrini bilir və müəllimə daha çox hörmət edirlər”.

 

Sertifikasiya öncəsi mühit də ürəyincədir: “Sertifikasiyanın yaratdığı mühit mənə çox xoş gəlir. Hamı oxuyur, təkrar edir, imtahana hazırlaşır. Mən də səbirsizliklə gözləyirəm ki, nə vaxt imtahan verəcəyəm”.

 

“Azərbaycanı sevirəm, sevgimi şagirdlərimə də ötürürəm”

 

 

Vera Silukova Xaritionovna imtahanla bağlı özünə bu qədər güvənməsini müəllimlik fəaliyyəti ilə əsaslandırır. O, 1984-cü ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu (indiki Bakı Slavyan Universiteti) bitirib. Rus bölməsində Azərbaycan dili və ədəbiyyat fənnini tədris edib. 8 il sonra ixtisasdəyişmə kursuna qatılıb və müəllimlik fəaliyyətinə yenə tədrisi rus dilində aparılan bölmədə ibtidai sinif müəllimi kimi davam edib: “Uşaqları çox sevirəm. Çalışıram ki, dərsi onlar üçün maraqlı edim. Nəticə etibarilə buna nail oluram da. Bu il IV sinifdə dərs deyirdim və sinfimdə 43 şagird vardı. Onlardan 35 nəfəri fəal uşaqlar idi və çox keyfiyyətli dərslər keçdik onlarla. Hər biri fərqli nailiyətlər qazanırlar. Çalışıram şagirdlərimə bilik də verim, tərbiyə də. Oyunlar, viktorinalar qurur, həyatda onlara lazım olacaq şeyləri mübarizə şəraitində öyrətməyə çalışıram. Ona görə də hər bir şagirdim rəqabəti sevir, rəqiblərinə necə davranmağı bilirlər”.

 

Vera müəllim riyaziyyatı sevir, sevdirir: “Filoloq olsam da, riyaziyyatı da çox sevirəm. Bu fənni şagirdlərimə də sevdirməyi bacarıram. Yuxarı sinfə keçən şagirdlərimdən riyaziyyat müəllimləri həmişə razılıq edir, fərqləndiklərini deyirlər.

 

İndiyədək olan nailiyyətlərinə gəlincə, 40 ilin müəllimi üçün ən böyük nailiyyət yetirmələridir: “Artıq 40 ildir müəlliməm. Bir insan kimi şəxsi nailiyyətim çox deyil. Amma müəllim kimi qürur duyduğum çox şagirdim var. Olimpiada qalibləri, müsabiqə laureatları, ictimai fəaldırlar. Harda ictimai tədbir varsa, şagirdlərim o tədbirin aparıcı heyətində iştirak edirlər”.

 

Sadəcə uşaqları yox, Azərbaycanı da çox sevir: “Rus bölməsində dərs desəm də, Azərbaycan dilini də sərbəst bilir, danışıram. Çalışıram hər il dil biliyimi təkmilləşdirim. Bu, həm də ona görədir ki, Azərbaycanı çox sevirəm. Bu sevgimi şagirdlərimə də uğurla ötürürəm”.

 

Qönçə Ələkbərova: “Pedaqoji stajı 3 il olan təhsilverənlərin sertifikatlaşdırma prosesinə cəlbi uğurlu qərardır”

 

“Bu imtahana maksimum nəticə üçün qatılacağam”

 

Avqustun 29-da ötən il keçirilən sertifikatlaşdırma prosesində ibtidai sinif üzrə uğur qazanmayan təhsilverənlər, avqustun 31-də isə ibtidai sinif müəllimliyi, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə pedaqoji stajı 3 il olan təhsilverənlər, həmçinin müsabiqədə könüllü iştirak etmək istəyən 60 və daha yuxarı yaşda olan müəllimlər test imtahanı mərhələsinə cəlb olunacaqlar.

 

İbtidai sinif müəllimi Qönçə Ələkbərova pedaqoji stajı 3 il olan təhsilverənlərdən biri kimi avqustun 31-də sertifikatlaşdırma imtahanında iştirak edəcək: “Son 5 ildə hər il müəllimlərin işə qəbulu imtahanlarında iştirak etmişəm. Ötən ildən  95.81 balla Bakı şəhəri Nəsimi rayonundakı 111 nömrəli tam orta məktəbdə çalışıram. “Təhsil haqqında” Qanunda son dəyişiklikdən sonra bu il sertifikasiya imtahanına qatılacağam”.

 

 

O, 111 nömrəli tam orta məktəbdə 1 ildir fəaliyyət göstərsə də, müəllimlik fəaliyyətinə 2017-ci ildən Saatlı rayonu, Potubəyli kənd ümumi orta məktəbində başlayıb: “Mənimlə eyni vaxtda işə qəbul olunanlar ötən il sertifikasiya imtahanlarına  qatıldılar.  Mən MİQ-də yeni iştirak etdiyim üçün həmin imtahana qatıla bilməmişdim. Yeni qərar tam mənim üçün oldu”.

 

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin “İbtidai sinif müəllimliyi” ixtisası üzrə məzunu olan Qönçə Ələkbərova sertifikasiya imtahanının gənc müəllimlər üçün faydalı olacağını düşünür: “3 il pedaqoji təcrübəsi olanların sertifikatlaşdırma imtahanlarında iştirak qərarı ən çox yeni işə qəbul olunan müəllimlər üçün faydalı olacaq. Həm maddi baxımdan, həm də motivasiya baxımından uğurlu qərar olduğunu düşünürəm. Bu qərardan mən də faydalanacağam, avqustun 31-də imtahanda iştirak edəcəyəm. 1 ay vaxt qalmasına baxmayaraq, yenidən biliklərimi təkrarlayıram. Çünki bu imtahana maksimum nəticə üçün qatılacağam. Ona görə də mənim üçün məsuliyyəti çox böyükdür, çünki potensialımı bilib girirəm imtahana. Bildiyiniz kimi, 2022-ci ildə MİQ imtahanlarında iştirak edib, ölkədə üçüncü ən yüksək bal toplamışam. İnanıram ki, sertifikasiya imtahanında da nə özümü, nə də mənə böyük ümidlə baxanları yanıldaram”.

 

Elə bu məsuliyyətin böyüklüyüdür ki, sertifikasiya həyəcanını artıq ürəyində hiss edir: “Təcrübə, üstəgəl bilik, bunlar əsas şərtdir. Buna baxmayaraq, həyəcan da hiss edirəm və bu, çox gözəl həyəcandır,  bunu idarə etmək isə ondan da gözəldir. Dəfələrlə imtahanlarda iştirak etmişəm. Hər iştirakım mənə nəsə qazandırıb. Gələcək fəaliyyətim, bilgilərim, vaxtımı düzgün bölüşdürmək, öz imkanlarıma tənqidi yanaşma kimi xüsusiyyətlərimi inkişaf etdirməyimə kömək edib. Ona görə hesab edirəm ki, sertifikasiyada iştirak etmək müəllimlərin öz üzərində işləmələrinə səbəb olan amillərdəndir”.

 

Q.Ələkbərova üçün müəllimliyin anlamı inkişaf deməkdir: “Mənim üçün müəllim olmaq təkcə sinifdə fənni tədris etməkdən ibarət deyil. Şagirdlərimə həm də incəsənət yönümlü inkişafı aşılamaq, onların bu cür bacarıqlarını kəşf etmək xüsusi zövq verir. Əyləncəli, musiqili dərslərdən zövq alırıq”.

 

Ruhiyyə DAŞSALAHLI