Türkiyənin İstanbul şəhərində İslam Dünyası, Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) tərəfindən Peyk Modeli Təlimi və Aerokosmos Simpoziumunun (Model Satellite (CanSat) Training Workshop & Aerospace Symposium) açılış mərasimi keçirilib.


Bakı Dövlət Universitetinin (BDU) də həmtəşkilatçısı olduğu tədbirin əsas məqsədi İslam dünyasının ali təhsil müəssisələrinin tələbələri və əməkdaşları arasında kosmik tədqiqatlar sahəsinə marağın artırılması, bu sahədə fundamental, təcrübi bilik və bacarıqların formalaşdırılması, yerli kadrların hazırlanmasını təmin etməkdir.


Simpoziumun açılış tədbirində ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik, İstanbul Texniki Universitetinin (İTU) prorektoru Ali Deniz, İTU-nun aeronavtika və kosmonavtika fakültəsinin dekanı Zahit Mecitoğlu və digərləri çıxış edərək tədbirin əhəmiyyətindən söz açıblar.
 

Tədbirdə onlayn şəkildə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, astrofizika və kosmos elmləri üzrə fəaliyyət istiqamətlərinə, beynəlxalq əlaqələrə xüsusi önəm verən Bakı Dövlət Universiteti son illər ərzində bu sahədə bir sıra nailiyyətlər qazanıb. BDU-da tələbə və gənc mütəxəssisləri elmi tədqiqatlara, layihələrə cəlb etmək məqsədilə Tələbə Elmi-texniki yaradıcılıq Mərkəzi yaradılıb, beynəlxalq səviyyəli tədbirlər, məktəblər keçirilib: "BDU ilə İslam ölkələrinin müvafiq ali təhsil müəssisələri və elmi qurumları arasında Günəş fizikası, Günəş sistemi cisimlərinin tədqiqi, kosmik hava sahələrində, Yerin müşahidəsi, monitorinqi və müxtəlif tətbiqlər vasitəsilə kosmik məlumatların emalı istiqamətində əməkdaşlığın möhkəmləndirilməsi zəruridir. Ölkəmizin ICESCO və ona üzv ölkələrlə birgə layihələrin həyata keçirilməsində, əməkdaşlıq təkliflərinin reallaşdırılmasında BDU əhəmiyyətli rol oynamağa başlayıb. Bu istiqamətdə BDU bütün səylərini səfərbər edəcək. BDU-nun da həmtəşkilatçısı olduğu  simpoziumun beynəlxalq əlaqələrin inkişafında növbəti mərhələ olacağına, kosmik sənaye üzrə tərəfdaşlığın genişləndirilməsi üçün qarşılıqlı səylərin davam etdirilməsinə geniş imkanlar yaradacağına əminəm".
 

Rektor həmçinin qeyd edib ki, BDU-nun ICESCO və İstanbul Texniki Universiteti ilə də əməkdaşlığı uğurla inkişaf edir. Qurumlar arasında elm və təhsil sahələrində münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə, genişlənəcəyinə əminlik ifadə olunub. BDU-nun müvafiq kadrların hazırlanması sahəsində birgə fəaliyyətə, əməkdaşlığın qurulmasına hazır olduğu bildirilib. BDU-da Biotibbi materiallar İCESCO kafedrası fəaliyyət göstərir və yeni bir kafedranın açılması istiqamətində də işlər gedir.   
 

Qeyd edək ki, tədbirdə ölkəmizi təmsil edəcək BDU komandası tərəfindən hazırlanan “CANSAT1919” və “CubeSat” model peykləri də sərgilənir. Havada olan qazların miqdarını, nisbətini, havanın nəmlik dərəcəsini ölçə bilən bu model peyk sistemləri, eyni zamanda səmada çəkiliş edərək bütün məlumatları anlıq olaraq Yer idarəetmə stansiyasına (YİS) ötürmək qabiliyyətinə malikdir. Elektrik enerjisi ehtiyacını üzərində olan monokristal günəş panellərindən təmin edən “CANSAT1919” və “CubeSat” avtomatik olaraq yerə eniş edə, üzərində olan məsafə sensorları sayəsində peyk passiv enmə sistemini (paraşütü) və stabilləşdirici ayaqları avtomatik hərəkətə gətirə bilir.
 

Simpozium və təlimlər avqustun 5-dək davam edəcək.