Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun, Vəkillər Kollegiyasının və “Gənclərin maarifləndirilməsinə dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə gənc hüquqşünas tələbələr üçün Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Vəkil olmaq istəyirəm” adlı yay məktəbi təşkil  olunub.  

 

Şəki şəhərində keçirilən yay məktəbinə 55 hüquqşünas tələbə qatılıb. Tələbələrə biliklərinin artırılması, hüquqi yazı, vətəndaşlarla müsahibələrin keçirilməsi və digər sahələr üzrə  təlimlər  keçirilib. Eyni  zamanda düşərgədə gənc hüquqşünaslar üçün təcrübəli vəkillərin iştirakı ilə “Karyera söhbətləri” nin təşkili böyük maraq doğurub.

 

Yay məktəbinin Şəki Olimpiya İdman Kompleksində keçirilən yekun tədbirində iştirak edən Gənclər Fondunun icraçı direktor vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov, Vəkillər Kollegiyasının sədr müavini Şahmar Məmmədov və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov çıxışlarında Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu hüquqi islahatların müasir həyatımızda bəhrəsini görən, vəkillik sənətini seçən tələbələri daim qanunun aliliyinə hörmət, şəxsi davranışları ilə hər zaman nümunəvi olmağa çağırıb,  gələcəyin   vəkillərinə uğurlar arzulayıblar.

 

Qeyd edək ki,  ikinci dəfə təşkil edilən “Vəkil olmaq istəyirəm” yay məktəbinə 20 yerli və xarici universitetdən 350 hüquqşünas tələbə müraciət edib, onlardan bilik və ictimai fəallığı ilə seçilən 55 gənc seçilərək düşərgədə iştirak etmək hüququ  qazanıb.

 

Sifai SƏFƏROVA