Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) məktəblilər üçün hazırlıq düşərgəsi keçirilib. Düşərgədə Polşada keçiriləcək XVI Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycanı təmsil edəcək şagirdlər iştirak edib.
Hazırlıq düşərgəsinin keçirilməsində əsas məqsəd Azərbaycan komandasının olimpiadaya hazırlıq prosesinin təkmilləşdirilməsi, iştirakçıların nəzəri və praktiki biliklərinin dərinləşdirilməsi, sürətli düşünmə və qərar vermə bacarıqlarının inkişaf etdirilməsidir.
ŞAR-ın Baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov olimpiada təmsilçilərini təbrik edib, beynəlxalq olimpiadalarda əldə olunan təcrübənin gələcəkdə daha böyük nailiyyətlərə imkan yaradacağına inamını ifadə edib. İştirakçılara rəsədxananın fəaliyyəti, əsas elmi istiqamətləri və perspektiv imkanları barədə geniş məlumat verən N.Cəlilov məktəblilərin astronomiyaya yanaşmalarını, bu sahə ilə bağlı gələcək hədəflərini müəyyənləşdirmək üçün iştirakçılarla fərdi söhbət edib. Alim astronomiyanın orta ümumtəhsil məktəblərində tədris olunmamasına rəğmən bu elmə maraq göstərən şagirdlərə hər zaman dəstək olacaqlarını xüsusi vurğulayıb.
Düşərgədə Bakı Dövlət Universitetinin fizika fakültəsinin astrofizika kafedrasının dosenti Xıdır Mikayılov tərəfindən olimpiadaya hazırlıq dərsləri keçirilib. Həmçinin olimpiadanın keçən ilki mükafatçılarından, Sinqapurun Nanyanq Texnoloji Universitetinin tələbəsi Vaqif Əliyevlə bərabər olimpiada məsələlərinin həllinə baxılıb. İnteraktiv formada təşkil olunan dərslərdə şagirdlərə olimpiadalara effektiv hazırlaşma metodikası öyrədilib, fənn olimpiadalarının mövzularının asan qavranılması üçün sadə üsullarla izahlar və həll yolları göstərilib.