12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisi çərçivəsində "Təhsil avtobusu - 2018" yay məktəbi layihəsinə dəstək olan qurumların mükafatlandırılması mərasimi keçirilib.

 

Mərasimdə təhsil nazirinin müavini Firudun Qurbanov, layihənin təşkilatçıları və tərəfdaş qurumların nümayəndələri iştirak edib.

 

Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək “Azərbaycan üçün öyrət” təhsil proqramı üzrə artıq üçüncü dəfə həyata keçirilən yay məktəbinin şagirdlərin şəxsi inkişafına, dünyagörüşünə müsbət təsir etdiyini qeyd edib və bu istiqamətdə tərəfdaş qurumların verdiyi dəstəyin rolunun yüksək olduğunu vurğulayıb. Qeyd olunub ki,  iyulun 17-dən start verilən layihə çərçivəsində Bakı-Quba-Masallı-Şəmkir-Şəki-Qəbələ-Bakı marşrutu üzrə səyahət edilib və 5 bölgənin 20  kənd, 17  şəhər məktəbindən ümumilikdə 140-a yaxın şagird layihəyə cəlb edilirb. Bu məktəblər sırasında ucqar kəndlərdə tikilən modul tipli məktəblər də olub.

 

"Azərbaycan üçün öyrət" təhsil proqramı üzrə həyata keçirilən yay məktəbi müddətində şagirdlər "Mənim uğurlu karyeram", “Kommunikasiya”, “Robotlarla iş”, "Sığorta” adlı təlimlərdə iştirak ediblər, "Nə? Harada? Nə zaman?" intellektual oyunu, “Code Tusi" komanda oyununa qatılıblar.  Həmçinin hər bir bölgədə şagirdlər üçün “Ekspo 2025 Bakı” layihəsinin təqdimatı keçirilib.

 

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun həyata keçirilən layihə keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasına xidmət edən təhsil proqramıdır.

 

“Təhsil avtobusu” yay məktəbi “Azərbaycan üçün öyrət” təhsil proqramının ölkəmizin müxtəlif şəhər və rayonlarını əhatə edən təhsil marafonudur. Ümumilikdə “Təhsil avtobusu” yay məktəbi çərçivəsində 16 gün ərzində 4000 km yol qət edilib, 22 ali və orta ixtisas təhsili müəssisəsinin 400-dən çox şagird və tələbəsi cəlb edilib, təlimçi və ekspertlər tərəfindən 150 akademik saatdan çox təhsil proqramları və komanda-öyrədici oyunları keçirilib.

 

Yay məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, “Engin” LTD MMC, “Kapital Bank”, “Ekspo 2025 Bakı” layihəsinin əsas dəstəyi, “Bakcell”, “GoldenPay”, “Microsoft Azərbaycan” və “PAŞA Sığorta” şirkətlərinin dəstəyi, “1News.az, “Azərbaycan İntellektual Klublar Assosiasiyası”, “ARB TV, “ASAN xidmət”, Bir” Tələbə-Könüllü proqramı, “Code Tusi” , “Edumap” Təhsil portalı, “Edutainment.az”, “Engineering For Kids”, “SABAH” qrupları, Şərq-Qərb” ASC, “Təhsil TV” və “Youth Inc.” Sahibkarlıq Proqramının tərəfdaşlığı ilə keçirilib.