Lənkəran Dövlət Universitetinin (LDU) oğlan tələbələri 2023/2024-cü tədris ilində müasir tələblərə cavab verən yeni- 250 yerlik yataqxana binasından istifadə edə biləcəklər.
Universitetdən bildirilib ki, yeni yataqxana binası universitetin II saylı korpusunda inşa olunub və burada oğlan tələbələrin rahatlığı üçün hər cür şərait yaradılıb. Belə ki, otaqlar zəruri məişət avadanlıqları, fasiləsiz internetlə təmin olunub. Yataqxanada idman, kitabxana və oxu zalı, informatika otağı, istirahət guşəsi tələbələrin ixtiyarına veriləcək. Yataqxana binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri qurulub, telefon xətləri çəkilib. 5 mərtəbə, 100 otaqdan ibarət olan tələbə yataqxanasında otaqlar 2 və 3 nəfərlik nəzərdə tutulub və çarpayı, soyuducu, sanitar qovşağı, fasiləsiz su, mətbəx ləvazimatları və s. ilə təchiz edilib.
Universitetin rektoru professor Natiq İbrahimov oğlanlar üçün nəzərdə tutulmuş yeni tələbə yataqxanasını LDU-nun 30 illik tarixinin ürəkaçan nailiyyətlərindən biri kimi dəyərləndirib, gələcəkdə bu işin davamlı aparılacağını, tələbələrin sayı artıqca yeni yataqxana binalarının, kampusların inşa olunacağını deyib.
Xatırladaq ki, LDU-da 160 yerlik tələbə yataqxanası 2019-cu ildə qızlar üçün istifadəyə verilib.