“Yüksəliş” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi baş tutub. Təltifetmə mərasimi “Yüksəliş” müsabiqəsinin təsis olunmasının 4 illiyi münasibətilə 26 iyul tarixində keçirilib. Tədbirdə müsabiqənin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, gənclər və idman naziri Fərid Qayıbov, elm və təhsil naziri Emin Əmrullayev, DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev  iştirak ediblər. Tədbir ADA universitetində keçirilib.

 

Təşkilat Komitəsinin sədri, Komitənin üzvləri, müsabiqənin İşçi qrupunun rəhbəri,  o cümlədən tədbirin xüsusi qonaqları çıxışlarında qalibləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Onlar müsabiqənin uğurlu təşkili barədə danışıb, üçüncü dəfə baş tutan “Yüksəliş” müsabiqəsinin yeni nəsil idarəçilərin aşkara çıxarılması və formalaşmasında oynadığı əhəmiyyətli rolu vurğulayıb, müasir idarəçiliyin tələblərinə və rəqabətli insan kapitalının önəminə diqqət çəkiblər.

 

Üçüncü “Yüksəliş” müsabiqəsinin 22 qalibi Təşkilat Komitəsinin sədri, Komitənin üzvləri, müsabiqənin İşçi qrupunun rəhbəri,  o cümlədən tədbirin xüsusi qonaqları tərəfindən diplomla təltif ediliblər.

 

“Yüksəliş” müsabiqəsinin 22 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı gözləyir.

 

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir.

 

Qeyd edək ki, üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.