Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Təhsil şöbəsinin müdiri Kəmalə Əsədova və Geobotanika şöbəsinin əməkdaşları- Rəna Abdıyeva, Nigar Mürsəl qızı tərəfindən Qazax rayonunun ərazisində çöl-tədqiqat işləri aparılıb.

 

Tədqiqatın məqsədi floraya yad mənşəli  invaziv növlərin sayının və populyasiyalarının öyrənilməsirayonda zonallıq təşkil edən formasiyaların təyini, rayon ərazisində yad mənşəli növlərin qeydiyatının aparılması və Qarayazı Dövlət Təbiət Qoruğunda, digər  meşə massivlərində bu növlərin mövcudluğunun öyrənilməsi olub. Elmi tədqiqat işi rayonun Daş Salahlı, Şıxlı, Muğanlı, Köçvəli, Poylu, Saloğlu, Soyuqbulaq, Böyükkəsik, Sadıqlı, Şəkərli, Ağköynək, Damcılı ərazilərini əhatə edib. Rayonun relyefi səthi, əsasən düzənlikdir.  Aparılan müşahidələr  nəticəsində məlum olub ki, rayonun  dağlıq  ərazisində - ağcaqayın, palıd üstünlüyü ilə enliyarpaq dağ meşələri, dağətəyi ərazilərdə qaratikan, düzən sahələrdə isə yovşan, şoran, yovşanlı-şoran, efemerli səhra və yarımsəhralar, o cümlədən yulqun formasiyaları zonallıq təşkil edir.

 

Kür çayı boyu (o cümlədən Qarayazı Dövlət Təbiət Qoruğu) və onun ətrafında  yerləşən düzən, tuqay meşələrində hazırda  əsas meşə əmələ gətirən ağaclar uzunsaplaq palıd, ağyarpaq qovaq və yemişan çoxluq təşkil edir. Bunlardan başqa  qarağac,  yabanı alça, armud, alma, əzgil, qafqaz xurması, dəvədabanı, adi zirinc,  adi  birgöz, böyürtkən, kol ilanlar, mərəvcə, Qırmızı Kitab növü olan yabanı meşəüzümü və daş sarmaşığı qeydə alınıb. Otlardan gürcü güləvəri zonallıq təşkil edir. Ona rayonun həm antropogen təsirə məruz qalmış ərazilərində, həm təbii sahələrində 4-5 bal bolluqla rast gəlinir. Tədqiqat aparılan ərazidə  12 yad mənşəli növ qeyd olunub. Bunlardan hazırda 3 növ - transformer, yəni təbii bitki landşaftını dəyişən növlərdir.