Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşları üçün Koreya Respublikasının İNHA Universitetində təşkil olunmuş təlimlər davam edir. BMU-nun “Elektrik mühəndisliyi” və “İnşaat mühəndisliyi” ixtisasları üzrə tədrisi həyata keçirən 16 nəfərdən ibarət professor-müəllim heyətinin iştirak etdiyi təlim proqramının artıq ikinci həftəsi yekunlaşıb.

 

Həftə ərzində BMU əməkdaşları İNHA Universitetinin İnşaat mühəndisliyi departamentində professor Song Ki-Ilin rəhbərliyi ilə geotexnika mühəndisliyi (geotechnical engineering) təlimlərində iştirak ediblər. Təlimdə geotexnika mühəndisliyi, bu sahədə istifadə olunan müasir metodlar, kompüter proqramları, əldə edilmiş elmi-texniki yeniliklər və onların Koreya Respublikasında tətbiqi haqda məlumat verilib. Təlim iştirakçıları laboratoriya şəraitində müxtəlif qruntlar üzərində testlərin aparılmasına dair nəzəri biliklərlə,  İNHA universitetinin geotexnika mühəndisliyinə aid laboratoriyasında müxtəlif testlərlə, eyni zamanda kompüter laboratoriyasında geoloji hesabat proqramı (“Rockscience-RS2”) vasitəsilə tunel modelləməsinə və gərginliklərin, yerdəyişmələrin təyininə  dair nümunərlə tanış olublar.

 

Təlim həftəsində BMU nümayəndə heyətinin “Hyundai Construction and Engineering” şirkətinin tunel inşaatı layihəsinə sahə gəzintisi təşkil edilib.

 

“Elektrik mühəndisliyi” ixtisası üzrə professor Duk Kyung Kim tərəfindən “Mobile Communications” fənni çərçivəsində keçirilən təlimlərdə isə rabitə prosesinin təşkili və rəqəmli rabitənin əsas konsepsiyası, prosesin təşkili üçün tələb olunan ilkin rabitə resursları və onların təyini, kommutasiya üsulları, rabitə kanalları və onların xüsusiyyətləri, modulyasiya prosesi, növləri, impuls və rəqəmli modulyasiya növləri, onların təşkili xüsusiyyətləri, elektrodinamika və radiodalğalarının yayılmasının əsasları və s. haqda geniş məlumatlar verilib.

 

Təlim iştirakçıları Cənubi Koreyada 5G mobil rabitə şəbəkənin təşkili, şəbəkənin tezlik-ərazi planlaşdırılması prinsipləri, handover prosesi, ortoqonal tezlik rəqəmli modulyasiya və onun mobil rabitə şəbəkəsində tətbiqi və s. haqda da ətraflı məlumatlandırılıblar.

 

Qeyd edək ki, hazırda Koreyanın İnçon şəhərində gerçəklşdirilən təlimlər BMU ilə İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının əsas komponentlərindən biridir. Cari ildə proqramın iki istiqaməti üzrə təşkil olunan təlimlərin avqustun 18-də yekunlaşması nəzərdə tutulur.