İsmayıllı və Şamaxı məktəblərində görüşlər keçirilib


İsmayıllı rayon Ruşan kənd tam orta məktəbində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əməkdaşları Rövşən Ağayev, Aydın Rəhimov və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Rövşən Əliyevin iştirakı ilə tədbir keçirilib. Görüşdə 16 müəllim, 32 kənd sakini, o cümlədən 28 nəfər 1988-ci ildə Ermənistandan deportasiya edilmiş  azərbaycanlılar və 13 valideyn iştirak edib.

 

Tədbirdə vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dıqiqəlik sükutla yad edilib.

 

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti  icra edən R.Əliyev tədbiri giriş sözü ilə açaraq  İsmayıllı təhsilinin uğurları barədə ətraflı məlumat verib. Ötən tədris ilində də rayonun ümumtəhsil məktəbləri beynəlxalq, respublika və zona yarışlarında çoxsaylı uğurlara imza atmış, diplom, medal və sertifikatlara layiq görülmüşlər. Fənn olimpiadalarının 8 fənn üzrə  respublika yarımfinal mərhələsinə  rayon üzrə 175 nəfər vəsiqə, onlardan 28 nəfəri yarımfinalda 7 fənn üzrə ən yüksək nəticə göstərərək final mərhələsində iştirak etmək hüququ qazanmışdır. Final mərhələsində iştirak edən şagirdlərin 13 nəfəri qalib adını qazanaraq medallara layiq görülmüşlər.

 

Təhsilverənlərin sertifikatlaşması prosesinin test imtahanında Azərbaycan dili və ədəbiyyat müəllimlərinin 50 baldan yüksək nəticə əldə etdiklərinə görə respublika üzrə rayon birinci yerdə olmuşdur.

 

Məktəbin direktoru Rəna Məmmədova orta məktəbdə təlim-tərbiyə prosesinə rəhbərlik, nəzarətin təşkili, şagirdlərin dərsə davamiyyəti və digər məsələlər barədə hesabat verərək, təlim nəticələrinin güclü və zəif tərəflərini təhlil edib.

 

Hesabatla əlaqədar ETN-nin əməkdaşları R.Ağayev və A.Rəhimov çıxış edərək valideynlərin məktəbə dəstək olmalarını, müəllimlərlə daha sıx əlaqə yaratmalarını, öz övladlarının təhsilində maraqlı olmalarını tövsiyə ediblər. Natiqlər həmçinin şagirdlərin şəxsiyyət kimi formalaşdırılması, onların biliyinin qiymətləndirilməsi, davamiyyət, təlim-tərbiyə prosesinin keyfiyyəti, təhsildə dəyərlər amili, məktəbəhazırlıq qruplarının təşkilinin əhəmiyyəti barədə danışaraq, təhsil müəssisəsinin idarə edilməsi işinin təkmilləşdirilməsi, məktəblərin ictimai nüfuzunun artırılması və digər müvafiq məsələlərə də toxunublar.

 

Regional Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti  icra edən R.Əliyev öz çıxışında növbəti tədris ilində  Ruşan məktəbində sentyabr ayının 15-nə qədər həm təmir işlərinin başa çatdırılacağını, həm də məktəbin maddi-texniki bazasının  kompüter avadanlıqları ilə təmin ediləcəyini bildirib.

 

Görüşdə Azərbaycan Respublikasının elm və təhsil nazirinin “Təhsil müəssisələrinin müəllim-şagird (tələbə) heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi barədə metodiki tövsiyələr”in təsdiq edilməsi barədə” əmrin icrası müzakirə edilərək, məktəbdə mina təhlükəsinə qarşı maarifləndirmə işlərinin aparılmasının aktuallığı, təhsilalanların və təhsilverənlərin, həmçinin valideynlərin bu istiqamətdə məlumatlı olmasının əhəmiyyəti və təhlükə vəziyyətində atılmalı olan addımlar barədə məlumat verilib. Sonra  mina təhlükəsizliyi ilə bağlı videoçarxlar nümayiş olunub, məktəbə plakatlar və digər maarifləndirici vəsaitlər təqdim edilib.

 

Tədbirin gedişində həmçinin təhsil müəssisələrində Xəzər dənizi və su hövzələrində baş verən boğulma hallarının təhlükəsinə qarşı müəllim-şagird heyətinin maarifləndirilməsinin zəruriliyindən söz açılıb, məsələ ilə bağlı bəzi statistik məlumatlar və  tövsiyələr  verilib.

 

Görüşdə yuxarıda qeyd edildiyi kimi, Qərbi Azərbaycanın bölgələrindən, o cümlədən Dərələyəz, Karvansara, Vedibasar mahallarından deportasiya edilmiş kənd sakinləri də iştirak edirdi. Dərələyəz mahalından qaçqın düşən Məhəbbət Vəliyev və təhsil veteranı İnqilab Məmmədov çıxış edərək, Azərbaycan Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində öz dədə-baba yurdlarına qayıdacaqlarına əmin olduqlarını bildiriblər.

 

Elm və Təhsil Nazirliyinin əməkdaşı Rövşən Ağayev çıxış edərək bildirib ki, müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaqla onların hüquqlarının beynəlxalq müstəvidə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması cəmiyyətin bütün təbəqələrinin diqqət mərkəzində olmalıdır. Deportasiya olunmuş azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsinin və birgəyaşayışa nail olunmasının vacibliyini vurğulayaraq R.Ağayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı və dövlətin dəstəyi ilə hazırlanmış Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının xalqımızda bu əminliyi, inamı artırmasını qeyd edib və məsələ ilə bağlı sualları cavablandırıb, fikir mübadiləsi aparıb.

 

Tədbir zamanı Qərbi Azərbaycan xronikası: “Ermənistanı və erməniləri həqiqətə boyun əydirəcək plan”  adlı videoçarx təqdim edilib.   

 

***

 

Şamaxı rayon Günəşli kənd tam orta məktəbində valideynlərlə - 1988-ci ildə Ermənistandan qaçqın düşmüş və hazırda bu kənddə məskunlaşmış azərbaycanlılarla görüş təşkil olunub. Tədbirdə Qarabağ qaziləri və məktəbin müəllimləri, həmçinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əməkdaşı Rövşən Ağayev və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Rövşən Əliyev iştirak ediblər.

 

Məktəbin direktoru Qalib Əliyev bildirib ki, 1988-ci ilin dekabr ayından məlum səbəbdən  məktəbə Qərbi Azərbaycandan gəlmiş 15-ə qədər müəllim və 120 nəfər şagird heyəti dərsə başlamışdır. Lakin sonradan məktəb istifadəyə yararsız olduğu üçün Heydər Əliyev Fondu tərəfindən 160 nəfərlik şagird üçün yeni məktəb binası tikilib istifadəyə verilmiş və açılışında  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva iştirak etmişdir. Son üç tədris ilində məktəbdə təlim-tərbiyə prosesinin dövlət təhsil standartlarına uyğun hazırlanması, pedaqoji prosesin “müəllim-şagird” əməkdaşlığı üzərində qurulması, şagirdlərdə keyfiyyətli təhsil alma, biliklərə marağı artırmaq, özünə inam hisslərini gücləndirilməsi ilə bağlı görülən işlər, mövcud olan nöqsanlar, həll edilməmiş məsələlər barədə hesabat verilib.

 

Regional Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən R.Əliyev hesabatı təhlil edərək, bir sıra  tapşırıq verib və tövsiyələr irəli sürüb. Məktəbdə müstəqil Azərbaycan dövlətinin qurucusu, qüdrətli dövlət xadimi və dahi siyasətçi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Ulu Öndərin zəngin siyası irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi ilə əlaqədar məktəbin pedaqoji kollektivinin fəaliyyəti nəzərdən keçirilib, bu sahədə işlərin sistemli şəkildə daha da gücləndirilməsi vurğulanıb.

 

Müzakirələr çərçivəsində dənizdə, su hövzələrində yeniyetmələrin, gənclərin batması hallarının qarşısını almaq, eyni zamanda mina təhlükəsi və partlamamış hərbi sursatlarla davranış qaydaları haqqında, məktəbin şagirdləri və valideynləri arasında maarifləndirici xarakterli təbliğat işlərinin davamlı keçirilməsi ilə bağlı məsələlər diqqət mərkəzində olub. Bu barədə məktəbin dərs hissə müdiri Ceyhun Sadıqov, İkinci Qarabağ müharibəsi qazisi Vaqif Mustafayev və məktəbin hərbi rəhbəri, əslən Qərbi Azərbaycandan olan Ağa İsayev tədbir iştirakçılarına ətraflı məlumatlar çatdırıblar.

 

Görüşdə iştirak edən valideyn, Ermənistandan deportasiya edilmiş Xudayar Əskərov məktəbdə müəllim əməyinin dəyərləndirilməsini xüsusi qeyd edərək, Qərbi Azərbaycandan gələn müəllimlərdən son dövrə qədər işləyən Müsəllim İbrahimov, İmdat İbrahimov, Şəmistan Şamilov və Vəlyəddin Aslanov barədə danışıb, digər qaçqın düşənlər və hazırda Günəşlidə yaşayanlar barədə, həmçinin Ermənistandan gətirdiyi sənədlər haqqında məlumat verib.

 

Görüşdə Ermənistandan qaçqın düşmüş və hazırda bu kənddə məskunlaşmış azərbaycanlılar yekdilliklə bildirmişlər ki, yaxın gələcəkdə onlar, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Bununla belə, qaçqın düşmüş şəxslər Qərbi Azərbaycan İcması tərəfindən müəyyən edilmiş tədbirlərdə nəzərdə tutulan işlərin gedişi barədə lazımi məlumatların alınması üçün müvafiq qəzetin, yaxud xüsusi bülletenin buraxılması, Qərbi Azərbaycandan gələnlərin kompakt yerləşdiyi ərazilərdə həmin şəxslərlə ölkənin tanınmış alimləri, ziyalıları, ictimai xadimləri ilə yerlərdə görüş və müvafiq maarifləndiriçi tədbirlərin keçirilməsi barədə təkliflər veriblər.

 

Tədbirdə Elm və Təhsil Nazirliyinin əməkdaşı R.Ağayev qeyd edib ki, bu görüş təhsil müəssisəsində görülmüş işlərin vəziyyəti ilə tanışlıq, qarşıda duran vəzifələr barədə  valideynlərə, kənd sakinlərinə məlumat təqdim edilməsi məqsədi ilə keçirilib. Natiq Ermənistandan deportasiya edilmiş kənd sakinləri ilə çox əhəmiyyətli söhbət olduğunu qeyd edərək vurğulayıb ki, bu torpaqların da əsl sahibinin azərbaycanlılar olduğunu sübut etməyə ehtiyac yoxdur, yəni Qərbi Azərbaycanlıların qayıdışı elə tarixi ədalətin bərpasıdır. Ona görə də qayıdış ideyası gündəmdə saxlanmalıdır.

 

Tədbirin sonunda müzakirə edilən məsələlərlə bağlı videoçarx nümayiş, həmçinin məktəbə plakatlar, maarifləndirici  prospektlər təqdim edilib.