Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İstanbul Su və Kanal İdarəsi (İSKİ) ilə uzun illərdir davam edən əməkdaşlığı çərçivəsində universitetin 19 tələbəsi Türkiyədə iki həftəlik təcrübə proqramına başlayıb.
AzMİU-nun müəllimləri- dosentlər Aqşin Kərimov və Könül Şirinovanın rəhbərliyi ilə təşkil edilən təcrübə proqramının ilk günündə nümayəndə heyəti İSKİ-nin baş direktoru professor Şafak Başa və qurumun rəhbər şəxsləri ilə görüşüb. Görüşdə iki qurum arasındakı əməkdaşlıq əlaqələrinin əhəmiyyəti vurğulanıb və əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün müzakirələr aparılıb.
28 iyul tarixinədək davam edəcək təcrübə proqramında AzMİU-nun bakalavr səviyyəsi üzrə “Meliorasiya mühəndisliyi”, “Kommunikasiya sistemləri mühəndisliyi”, “İnşaat mühəndisliyi”, “Ekologiya mühəndisliyi”, magistr səviyyəsi üzrə isə “Su təchizatı” ixtisaslarında təhsil alan tələbələr iştirak edirlər.
Qeyd edək ki, tələbələr İSKİ-nin Su və çirkab suların texnologiyası, Su təmizləmə, Su inşaatı, Elektrik, Mexanika və Məmulatlar dairə müdirliklərində İstanbul şəhərinin su təchizatı və çirkab suların təmizlənməsi, tullantıların emalı, enerji istehsalı ilə bağlı təcrübə ilə tanış olacaqlar. Eyni zamanda, proqram çərçivəsində onların tarixi su bəndləri, su təmizləmə təsisatları, inşaat meydançaları, mikrobioloji laboratoriyalar, Əyri Kəmər, Uzun Kəmər, Moğlova Kəməri, Sultan İkinci Mahmud və Validə Sultan bəndləri, Miniatürk, Panorama 1453, Yerebatan Sarnıcı kimi tarixi məkanları ziyarət etmələri də nəzərdə tutulub.