Müəllimlər həmin günü necə xatırlayırlar?


Ulu Öndər Heydər Əliyev xalqını çox ağır tarixi sınaqlardan uğurla çıxarmış, bugünkü qüdrətli Azərbaycanın əsasını qoyan nüfuzlu dünya liderlərindən biri olaraq tarixdə qızıl imzasını atıb. Ümummilli Liderin ziyalılara, sadə insanlara, zəhmətkeşlərə səmimi, doğma münasibət bəsləməsi xalqın Heydər Əliyevə sonsuz sevgisini, inamını, etimadını formalaşdırıb. Bu inamın nəticəsidir ki, 1993-cü ildə xalqımız yeganə ümid, nicat ünvanı kimi məhz Ümummilli Lideri görüb, onu təkidlə hakimiyyətə dəvət edib. Heydər Əliyev “Mən həyatımın yerdə qalan hissəsini də doğma xalqıma bağışlayıram” deyərək bütün ömrünü xalqının xoşbəxtliyinə həsr edən dövlət xadimi olaraq əbədiyaşarlıq qazanıb. Ümummilli Lider Heydər Əliyev Milli Qəhrəmanlara, şəhid ailələrinə, döyüşlərdə şücaət göstərən igid oğul və qızlarımıza hər zaman böyük qayğı ilə yanaşıb. 1994-cü il sentyabrın 3-də Ulu Öndər Heydər Əliyevin Nəsimi rayonunda yerləşən 23 nömrəli tam orta məktəbdə Milli Qəhrəman Tahir Həsənovun xatirə lövhəsinin açılışı münasibətilə təhsil ocağını ziyarət etməsi Milli Qəhrəmanlara, şəhid ailələrinə göstərilən dövlət qayğısının bariz nümunələrindən biridir. Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsini nəzərə alaraq Milli Qəhrəman Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbin müəllim heyətinin Ulu Öndərlə bağlı xatirələrini dinləyərək oxucularımızla bölüşürük.

 

“Ulu Öndər mənim məktəbə direktor təyin olunmağım barədə tapşırıq verdi”

 

Qalibə Həsənova, 23 nömrəli tam orta məktəbin sabiq direktoru: “Mənim oğlum Tahir Həsənov 23 nömrəli məktəbdə təhsil alıb və 1987-ci ildə məktəbi bitirib. 1992-ci ildə Tahir torpaqlarımızı düşmənlərdən qəhrəmanlıqla müdafiə edərkən Çıldıran döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. Tahir həmin döyüşdə düşmən əlinə keçməmək üçün son anda əlindəki qumbaranı partladaraq həm özünü, həm də ətrafdakı erməniləri öldürüb.1993-cü ildə Nazirlər Kabinetinin qərarı ilə 23 nömrəli məktəbə Tahir Həsənovun adı verildi. 1994-cü il sentyabrın 3-də Ümummilli Lider Heydər Əliyev 23 nömrəli məktəbi ziyarət edərək Tahir Həsənovun barelyefinin açılışında iştirak etdi. Yadımdadır ki, Heydər Əliyev məktəbin pilləkənlərində dayanaraq çox gözəl nitq söylədi. Ulu Öndərin necə gözəl natiq olduğu hər birimizə məlumdur. Heydər Əlivev vətəpərvərlikdən, böyük sərkərdələr yetişdirmiş Azərbaycan xalqından, Tahir Həsənovun göstərdiyi şücaətdən, iştirak etdiyi döyüşlərdən danışdı, onun qəhrəmanlığının bütün şagirdlərə, gənclərə örnək olduğunu qeyd etdi. Heydər Əliyev Tahiri bir dəfə də olsun görmədiyinə baxmayaraq haqqında elə danışırdı ki, sanki uşaqlığından onu tanıyırdı, onun bütün gözəl xüsusiyyətlərini sadalayır, haqqında olduqca xoş sözlər deyirdi.

 

Bilirsiniz, 23 nömrəli məktəb Heydər Əliyevin Milli Qəhrəman məzununun şərəfinə ziyarət etdiyi ilk orta təhsil müəssisələrindən biridir. O zamanlar mən universitetdə çalışırdım və məktəbə barelyefin açılışında iştirak etmək üçün dəvət edilmişdim.

 

Ulu Öndərimiz mənim necə iztirab keçirdiyimi görərək, mənə necə ağır olduğunu hiss edərək mənim Tahirin adını daşıdığı məktəbə direktor təyin olunmağım barədə tapşırıq verdi. Həmin tarixdən 6 ay sonra, 1995-ci ilin mart ayında mən 23 nömrəli məktəbə direktor təyin edildim və 7 il, 2002-ci ilədək məkətəbin direktoru olaraq fəaliyyət göstərdim. Bununla Ulu Öndər mənim təsəlli tapacağımı, az da olsa dərdimi unudacağımı güman etmişdi. Bildirmək istəyirəm ki, həqiqətən bu məktəbdə işlədiyim illərdə mən ruhən dincəlirdim. ...Mən xatırlayıram ki, barelyefin açılışı zamanı çıxışında Ümummilli Liderimiz əminliklə bir gün mütləq işğal altında olan torpaqlarımızın geri qayıdacağını söylədi. Məktəbin müəllim kollektivi, şagirdlər diqqətlə Heydər Əliyevi dinləyirdi və onun bütün dediklərinə inanırdı. Xalq onu çox sevirdi və ona güvənirdi. Biz çox xoşbəxt xalqıq ki, Heydər Əliyev kimi böyük, dahi liderimizin İlham Əliyev kimi davamçısı var. Çox şükürlər olsun ki, məhz Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və gənclərimizin şücaəti nəticəsində torpaqlarımız işğaldan azad olundu, şəhidlərimizin qanı yerdə qalmadı!”.

 

“Fəxr edirəm ki, Ümummilli Liderlə söhbət etmək mənə nəsib olub”

 

Elmira İlizarova, ingilis dili müəllimi: “Mən 23 nömrəli məktəbdə 1994-cü ildən ingilis dili müəllimi olaraq fəaliyyət göstərirəm. Elə həmin il sentyabrın 3-də Ümummilli Lider Heydər Əliyevin məktəbimizə gəlişində mən də iştirak etmişdim. Belə bir dahi insanı həyatda görmək, onun nitqini canlı dinləmək olduqca xoş idi. Həmin an keçirdiyimiz hissləri sözlə ifadə etməkdə çətinlik çəkirəm. Sevinc, qürur, həyəcan, fərəh - bütün hisslərimiz bir-birinə qarışmışdı. Unudulmaz gün idi. Ulu Öndərimizi həyatda görmək mənə üç dəfə nəsib olub. İlk dəfə Heydər Əliyevi 12 yaşımda görmüşəm. Həmin dövrdə biz Kommunist Partiyasının Qurultayı zamanı çıxış edirdik. Yadımdadır ki, Heydər Əliyev bizim çıxışımızı ürəkdən alqışlamışdı. Ulu Öndərlə ikinci  görüşüm 1994-cü ildə 23 nömrəli məktəbdə, üçüncü görüşüm isə 2001-ci il sentyabrın 1-də Müasir Təhsil Kompleksinin açıldığı gün baş tutmuşdu. Mən həmin məktəbə ingilis dili müəllimi kimi işə düzəlmişdim.

 

Kiçik bir sinifdə şagirdlərlə ingilis dilində danışır, mahnı oxuyurduq. Gözlənilmədən qapı açıldı və Ülu Öndər Heydər Əliyev sinfə daxil oldu. Ulu Öndər Azərbaycan dilində mənə və uşaqlara salam verdi. Mən də Heydər Əliyevlə Azərbaycan dilində salamlaşdım və biz söhbət etdik. Mən özümü həyatda bəxti gətirmiş insan hesab edirəm və bütün bunlar üçün Tanrıya şükr edirəm. Mən Azərbaycan Dillər Universitetinin məzunu olmuşam və tələbə ikən 23 nömrəli məktəbdə təcrübə keçmişəm. Bu məktəb məni tələbə vaxtlarımda çox cəlb etmişdi. Ali məktəbi bitirdikdən sonra mən bir çox yerlərdə fəaliyyət göstərdim, Rusiyada, Qazaxıstanda, ABŞ-da, İngiltərədə təhsilimi davam etdirməklə yanaşı iş təcrübəsi qazandım. Bununla belə, mən dövlət təqaüdü alırdım. Bütün bu imkanları mənə dövlətimiz yaratmışdı və mən özümü həmişə dövlət qarşısında borclu hiss etmişəm. Həmişə düşünmüşəm ki, mən də Vətənim üçün bacardığımı etməliyəm, mənə göstərilən etimadı doğrultmalıyam. Bu səbəbdən mən Azərbaycana qayıtdım və Vətənimdə işləməyə başladım. Mənim həmişə arzum dövlət məktəbində işləmək olub, bu səbəbdən iş üçün 23 nömrəli məktəbə müraciət etdim və işə götürüldüm. Artıq 30 ilə yaxındır ki, bu məktəbdə fəaliyyət göstərirəm. 23 nömrəli məktəb hər zaman peşəsinə vurğun pedaqoji kollektivi və böyük uğurlar qazanmış məzunları ilə seçilib, məzunları ilə fəxr edib. Məzunlar arasında ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva da var. 1982-ci ildə bu təhsil ocağını qızıl medalla bitirən Mehriban Əliyeva xoş əməlləri ilə daima ona doğma olan pedaqoji kollektivi sevindirib. Mən fəxr edirəm ki, Ümummilli Lider Heydər Əliyev kimi dahi şəxsiyyəti həyatda görmək, onunla söhbət etmək mənə nəsib olub. Ulu Öndər Heydər Əliyev qurucu rəhbər, mərd və xeyirxah insan kimi daim ürəklərdə yaşayacaqdır”.

 

“Həyatda mən Ulu Öndərlə üç dəfə görüşmüşəm”

 

Cəmilə Nəsirli, tarix müəllimi: “Mən 23 nömrəli məktəbdə 1990-cı ildən işləyirəm. Müəllim olmaqla yanaşı mən özüm də bu məktəbin məzunu olmuşam. Qeyd etmək istəyirəm ki, Heydər Əliyev hər zaman mənim idealım olub və olacaq. Müəllim yoldaşlarım da bilir ki, hələ orta məktəbdə oxuduğum dövrdən, 70-ci illərdən mən  dahi şəxsiyyət Heydər Əliyevin vurğunu olmuşam. Həyatda mən Ulu Öndərlə üç dəfə görüşmüşəm. İlk dəfə Heydər Əliyevlə ibtidai siniflərdə oxuyarkən valideynlərimlə “Azdrama”ya gedəndə qarşılaşmışam. Onda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi idi. Mən Heydər Əliyevi orada görən kimi ona tərəf qaçdım, qucaqladım. O məni qucağına aldı, öpdü, xoş sözlər dedi. İkinci dəfə Heydər Əliyevi məktəbimizin məzunu, Milli Qəhrəmanımız Tahir Həsənovun barelyefini açmaq üçün məktəbimizə gələndə görmüşdüm. Həmin gün Ulu Öndərimiz Tahir Həsənov haqqında, onun qəhrəmanlığı haqqında çox gözəl nitq söylədi. Ümummilli Liderimiz qeyd etdi ki: “Gün gələcək, biz hökmən tarixi Azərbaycan torpaqlarına qayıdacağıq”. Bu gün həmin sözlər öz təsdiqini tapdı. Üçüncü dəfə mən Heydər Əliyevi 1998-ci ildə Tibb Universitetinin binasının açılışında iştirak edərkən gördüm. Heydər Əliyev insan izdihamının arası ilə gedirdi. Mən o an ürəkdən “Heydər Əliyev!” deyə səsləndim. Ulu Öndər dayandı və düz mənə baxdı. Heydər Əliyev əlini uzatdı, mən izdihamın arasından çıxdım. Həmin vaxt müəllim yoldaşlarım da orada idi. Mən göz yaşlarımı saxlaya bilmirdim. Biz Ümummilli Liderlə söhbət edirdik və mən gözlərimə inana bilmirdim, yuxu gördüyümü sanırdım. Heydər Əliyev şəxsən 1973-cü ildə mənim babam, Nəsirli Məşədi Qəzənfəri “Qırmızı Əmək Bayrağı”, dayım akademik Sudeyf İmamverdiyevi “Şərəf”, “Şöhrət” ordenləri ilə təltif edib. Heydər Əliyevə dərin məhəbbət və hörmət bizim ailədən gəlib. Mən bir müəllim olaraq Ulu Öndərin xatirəsinə dərin ehtiramımı bildirirəm, onun ən böyük amalına sadiq qalaraq vətənpərvərlik, Azərbaycançılıq ruhunda gələcək nəsillər yetişdirməyə çalışıram”.

 

“Heydər Əliyev hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq”

 

Afaq Əliyeva, rus dili müəllimi: “Mən 1989-cu ildən 23 nömrəli məktəbdə rus dili müəllimi işləyirəm. 1994-cü ilin sentyabrında Ulu Öndər tərəfindən məktəbimizdə Tahir Həsənovun barelyefinin açlışı mərasimində iştirak edən müəllimlərdən biri də mən olmuşam. Həmin dövr Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtdığı, yenidən xalqına qovuşduğu illər idi. Bilirsiniz ki, 1989-cu ildən başlayan çətin dövrlərdə Azərbaycan xalqının böyük liderinə çox ehtiyacı var idi. Şükürlər olsun ki, 15 iyun 1993-cü ildə Heydər Əliyev hakimiyyətə qayıtdı və dövlətimizə rəhbərlik etməyə başladı, ölkəmizi həmin ağır vəziyyətdən çıxarmağı bacardı. Mənim ən önəmli hesab etdiyim məqamlardan biri odur ki, Heydər Əliyev hər zaman xalqının yanında olan lider idi. Mənim Ümummilli Liderə dərin rəğbətimi bir məqamla da qeyd etmək istərdim ki, Heydər Əliyev sevməyi bacaran şəxsiyyət idi: Azərbaycanı, millətini, dilini, həyat yoldaşı Zərifə xanımı, uşaqları, incəsənəti çox sevirdi. Onun ürəyində böyük sevgi yaşayırdı. Sevgi ilə görülən iş hər zaman yaxşı sonluqla nəticələnir.

 

Xalqına olan sevgisinin nəticəsi olaraq Heydər Əliyev Bakıya qayıtdı, hər bir şeyi yenidən bərpa etməyə, yoluna qoymağa başladı. Onun sevgi ilə qurub-yaratdıqları bu gün də böyük sevgi ilə davam və inkişaf etdirilir.  1994-cü ildə Ulu Öndər tərəfindən məktəbimizə Milli Qəhrəman Tahir Həsənovun adının verilməsi və barelyefinin açılışı münasibətilə ziyarəti onun necə vətənpərvər olduğunu bir daha sübut edir. Bir məqamı da diqqətinizə çatdırmaq istərdim ki, 10 il bundan öncə Heydər Əliyev Sarayında məktəb rəhbərliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş tədbir keçirilmişdi və mən həmin tədbirin aparıcısı olmuşdum. 3 saat davam edən tədbirdə çoxlu sayda iştirakçı var idi. Tədbir bir çox televiziya və mətbu nəşrlərdə işıqlandırılmışdı. Heydər Əliyev xalqının yaddaşında, hər bir azərbaycanlının ürəyində əbədi yaşayacaq əvəzolunmaz şəxsiyyət, fenomenal liderdir”.

 

Lamiyə ƏLİMƏRDANOVA