“Azərbaycan Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi çərçivəsində növbəti səfər İspaniyanın Madrid şəhərinə təşkil olunub.
10-14 iyul tarixlərini əhatə edən səfərin əsas məqsədi tələbə və məzun işləri üzrə İspaniya Rektolar Konfransı və İspaniya ali təhsil müəssisələrinin, eləcə də Fransa, Polşa və Litvadan olan tərəfdaşların iştirakı ilə həmin ölkələrin təcrübəsinin öyrənilməsidir.
Səfərdə Azərbaycan Texniki Universitetini (AzTU) ümumi işlər üzrə prorektor Fariz Mustafayev və Karyera və Məşğulluq Mərkəzinin əməkdaşı Ülviyyə Rəsulova təmsil edir.
Bir həftə davam edəcək səfərin ilk günü İspaniya Rektorlar Konfransının Baş katibi Maria Teresa Azərbaycan nümayəndə heyətini salamlayıb və İspaniyada görməkdən məmnun olduqlarını qeyd edib.
Daha sonra elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli nümayəndələr adından ispaniyalı həmkarları salamlayıb, ali təhsil müəssisələrinin inkişafına verdiyi töhfələr baxımından ECAR və digər beynəlxalq layihələrin xüsusi önəmindən bəhs edib.
Çıxışlardan sonra İspaniya Rektorlar Konfransının Baş katibi Maria Teresa Rektorlar Konfransının yaranması, İspaniya ali təhsil sistemində yeri və rolu, strukturu, fəaliyyət istiqamətləri, müvafiq komitələri haqqında təqdimat edib və sualları cavablandırıb.
İspaniya Rektorlar Konfransının Tələbələrlə iş üzrə komissiyasının icraçı katibi Angela Alcala isə İspaniya universitetlərində tələbələrlə iş üzrə məsələlərdə yeni strateji baxış, o cümlədən sektorlararası münasibətlər və koordinasiyanın vacibliyindən danışıb.