Tatarıstanın “Tatneft” şirkətinin mütəxəssisləri Aşqarlar Kimyası İnstitutu ilə sürtkü yağları üçün aşqarların istehsalının təşkili sahəsində mümkün əməkdaşlıq məsələlərini videokonfrans formatında müzakirə ediblər. 

 

Görüşdə çıxış edən “Tatneft”in neft və qaz emali sahəsinin rəhbəri, “TANECO” ASC-nin baş direktoru İlşat Salaxov öncə bildirib ki, neft və qazın emalı, neft-kimya məhsullarının istehsalı üzrə ixtisaslaşmış, eləcə də neft, qaz və neft-kimya layihələri üçün mühəndislik, təchizat və tikinti xidmətləri göstərən “Tatneft” Tatarıstan Respublikasının Almetyevsk şəhərində yerləşməklə Rusiya Federasiyasının ən böyük 5 neft şirkətindən biridir. O, həmçinin Azərbaycanın tarixən neft hasilatı, onun sənaye miqyasında emalı, sürtkü yağları istehsalının vətəni olduğu üçün keçmiş İttifaqda aşqarların işlənib hazırlanması və istehsalının da məhz ilk dəfə olaraq respublikamızda Aşqarlar Kimyası İnstitutu tərəfindən həyata keçirilməsindən məlumatlı olduğunu diqqətə çatdırıb.

 

İ.Salaxov Aşqarlar Kimyası İnstitutunun keçmiş SSRİ və MDB məkanında aşqarlar kimyası sahəsində fəaliyyətini elmi əsaslar üzrə davam etdirən yeganə elmi mərkəz olduğunu bildikləri üçün təmsil etdiyi şirkətin sürtkü materialları üçün aşqarların alınması, istehsalının təşkili ilə bağlı elmi-innovativ əməkdaşlığa böyük maraq göstərdiyini deyib və qarşılıqlı əməkdaşlığın mümkün olacağına əminliyini söyləyib.

 

Videokonfransda çıxış edən Aşqarlar Kimyası İnstitutunun baş direktoru akademik Vaqif Fərzəliyev isə bildirib ki, Azərbaycan tarixən neft hasilatı, onun sənaye miqyasında emalı, yanacaqlar və sürtkü yağları istehsalının vətəni olduğu üçün keçmiş SSRİ-də aşqarların işlənib hazırlanması və istehsalı da ilk dəfə məhz Bakıda həyata keçirilib.

 

Akademikin sözlərinə görə, keçmiş SSRİ-də istehsal olunan bütün aşqarlar və sürtkü yağlarını, o cümlədən xüsusi təyinatlı yağların 20%-ni Aşqarlar Kimyası İnstitutu tərəfindən yaradılan aşqarlar və sürtkü yağları təşkil edib.

 

Akademik vurğulayıb ki, dövlətimizin elmə verdiyi xüsusi diqqət nəticəsində Aşqarlar Kimyası İnstitutu bu gün də öz keçmiş nüfuzunu qoruyub saxlayır.

 

Görüşdə tərəflər arasında prioritet istiqamətlər üzrə əməkdaşlığın konkret yolları, mövcud problemlər və onların birgə həlli haqqında fikir mübadiləsi aparılıb, yaxın gələcəkdə birgə əmkdaşlıq üçün yol xəritəsinin hazırlanmasının vacibliyi qərara alınıb.