Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

 

Kosmik hava durumu ilə bağlı bildirilib ki, hesabat dövrü ərzində Günəş fəallığı orta səviyyədə olub, M (R1-R2) və C sinif alışmalar baş verib. Maksimum sinifli alışma (M 4.06) 7 iyul tarixində qeydə alınıb. Günəşin səthində ləkələrin sayı artıb. Hal-hazırda 12 ləkə qrupu və 197 ləkə müşahidə olunur. Hesabat dövrü ərzində Günəş fəallığı nəticəsində II tip radioemissiya qeydə alınıb. Qismən Yerə istiqamətlənmiş bir neçə Tac Kütlə Atılmaları qeydə alınıb və xarici radiasiya qurşağına təsir edib. Günəşin səthində Tac dəliyi müşahidə olunur.

 

Enerjisi 2 MeV-dən çox olan elektron seli yüksək səviyyədə (maks: 3583 pfu), 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olub.

 

Hesabat dövründə Günəş küləyinin maksimum sürət 629 km/san olub. Planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 11 nT, radial istiqamətdə isə -9 nT-yə çatıb. Hal-hazırda isə Günəş küləyinin sürəti normallaşaraq 336.4 km/san, planetlərarası maqnit sahəsinin qiyməti 4.34 nT, radial istiqamətdə isə -1.31 nT təşkil edir.

 

Hesabat dövrü ərzində geomaqnit sahəsi sakit və aktiv səviyyələrdə olub. Hal-hazırda geomaqnit sahəsi sakitdir (Kp=1.67).

 

Kosmik hava proqnozuna gəlincə, proqnoz günlərində (10-17 iyul) C sinif alışmanın baş vermə ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 35%, X (R3) sinif isə 1% təşkil edir.

 

2 MeV-dən çox enerjili elektron selinin 10-12 iyulda yenidən yüksələcəyi, enerjisi 10 MeV-dən çox olan proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.

 

Günəş küləyinin sürətinə 11 iyulda müsbət qütblü CH HSS-in (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin) təsiri gözlənilir.

 

Geomaqnit sahəsinin 10-11 iyulda qeyri-stabil olması, 12-13 iyulda isə 4 Kp-yə kimi yüksəlməsi ehtimalı var.