“Robotex Türkiyə” qurucuları Orhan Çevik, Nilay Er, Gürcan Lokman, “Robotex”in texniki koordinatoru Gürkan Lokman Naxçıvan Dövlət Universitetində (NDU) olublar.
İkitərəfli görüşdə ali təhsil ocağının rektoru Elbrus İsayev qonaqlara universitetdə robot texnologiyalarına əsaslanan ixtisaslar barədə danışıb. Bildirilib ki, ali təhsil ocağında tədris olunan ixtisasların əksəriyyətində robot texnologiyalarından istifadə etmək mümkündür. E.İsayev süni intellekt, proqramlaşdırma, STEAM texnologiyası barədə məlumat verib. Rektor universitet ilə İBM şirkəti arasında müqavilənin imzalandığını diqqətə çatdırıb. Qeyd olunub ki, müqaviləyə əsasən, IBM şirkəti ilə birlikdə Naxçıvan Dövlət Universitetində Proqramlaşdırma Mühəndisliyi İnstitutu (Software Engineering Institute) yaradılacaq.
Rektor robot texnologiyaları sahəsində Türkiyə təcrübəsindən istifadə olunması, müəyyən sahələr üzrə qardaş ölkədən mütəxəssislərin NDU-da tədris prosesinə cəlb edilməsi barədə fikirlərini də irəli sürüb.
“Robotex Türkiyə” qurucularından olan Orhan Çevik fəaliyyət göstərdikləri şirkət barədə ətraflı məlumat verib, gələcək fəaliyyət istiqamətləri haqqında fikirlərini çatdırıb.
Sonra hər iki tərəf arasında birgə əməkdaşlığa dair protokol imzalanıb.
Qonaqlar universitetin beynəlxalq münasibətlər və hüquq fakültəsində professor-müəllim heyəti, bu sahədə fəaliyyət göstərən orta məktəb müəllimləri və tələbələr üçün təlim də keçiblər.
“Robotex”in texniki koordinatoru Gürkan Lokman “Dünyanın ən böyük robotik festivalı Robotex Beynəlxalq artıq Azərbaycanda” adlı çıxışında qeyd edib ki, “Robotex”in əsas məqsədi texnologiyanı düzgün formada istifadə etməkdir. Bildirilib ki, Robotex International dünyanın ən böyük robototexnika yarışmasıdır. İlk dəfə 2001-ci ildə Taltech Assembly Hall-da keçirilən tədbirin məqsədi müxtəlif çətinlik səviyyələrində müsabiqələr təşkil etmək və bütün robototexnika, elm və mühəndislik həvəskarlarını bir araya gətirməkdir. Həmçinin vurğulanıb ki, 2019-cu ildə Türkiyədə ilk dəfə Antalyada keçirilən Robotex Türkiyə, dünyanın ən böyük robototexnika festivallarından biri olan ROBOTEX international-ın türk partnyoru olmaqla baş ofisi Estoniyada yerləşir. Robotex International öncül texnoloji təşəbbüslərlə bizi robotlarla yaşayacağımız bir dünyaya aparacaq gələcək nəsil mühəndislər üçün özlərini inkişaf etdirəcək mühit yaradır.
Müəyyən kateqoriyalar üzrə robot texnologiyaları barədə məlumat verən Gürcan Lokman investor nədir, təsnifatları, özəllikləri, investorlar üçün gərəkli olan 7 addım barədə təlim iştirakçılarını məlumatlandırıb. Bölgə turları və komandaların beynəlxalq çempionata necə vəsiqə qazanmaları üçün vacib məqamlar diqqətə çatdırılıb.
Təlimin ikinci günü iştirakçılara “Sahibkarlıq Çağırışı” kateqoriyası üzrə məlumat verilib.
İki gün davam edən təlimlərin sonunda müəllim və tələbələr bu sahədə müəyyən təcrübələr əldə edərək, sertifikatla təltif olunublar.
Qeyd edək ki, bu ilin sentyabr ayında Robotex Türkiyənin növbəti təlimləri keçiriləcək. Növbəti ilin fevral ayında isə Robotex Naxçıvan festivalı məhz Naxçıvan Dövlət Univesitetinin birbaşa təmsilçiliyi ilə baş tutacaq.