Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) bir qrup nümayəndəsi  Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub.

 

Qonaqlar Soohyun Rhee, Sang Yoon Shin, Min Lyou öncə AzMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Nərgiz Abdullayeva, elm və innovasiya məsələləri üzrə prorektoru professor Nigar Aslanova, Xarici əlaqələr şöbəsinin müdiri dosent Fərhad Əliyev və Strateji planlaşdırma şöbəsinin müdiri Qənirə Məmmədzadə ilə görüşüblər.

 

Koreyalı qonaqlara AzMİU barədə məlumatlar verilib, universitetin beynəlxalq əlaqələrindən söhbət açılıb, birgə əməkdaşlıq məsələlərinə toxunulub.  Qonaqlar da AzMİU ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

 

Universiteti gəzən koreyalı qonaqlar AzMİU-nun İnnovativ Biznes İnkubator Mərkəzində də olublar. Mərkəzin rəhbəri Nəsibə Əmirbəyova inkubasiyanın fəaliyyəti barədə ətraflı məlumat verib, onları görülən işlərlə tanış edib.

 

Daha sonra İtaliya-Azərbaycan Dizayn Mərkəzində AzMİU-nun müəllimləri ilə qonaqların görüşü keçirilib. Strateji planlaşdırma şöbəsinin müdiri Qənirə Məmmədzadə KOICA əməkdaşlarını təqdim edib və bu təşkilatla əməkdaşlığın vacibliyindən, onların həyata keçirdiyi layihələrdən danışıb.  

 

Qeyd edək ki, bu yaxınlarda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə KOICA “Akselerasiya və mentorluq potensialının gücləndirilməsi" proqramını həyata keçirib və həmin proqramda AzMİU-nun 5 əməkdaşı, 2 startap komandası iştirak edib.