Lənkəran Dövlət Universitetində (LDU) Məzun Günü keçirilib. Tədbirdə çıxış edən universitetin rektoru professor Natiq İbrahimov bütün məzunları təbrik edib, gələcək həyat yollarında onlara uğurlar arzulayıb. LDU-nun 2022/2023-cü tədris ilində qazandığı uğurlardan söz açan rektor universitetin 30 illik yubileyinin təntənə ilə keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirib. Bildirib ki, LDU-nun fəaliyyəti dövründə ilk dəfə olaraq universitetin 5 əməkdaşı Prezident İlham Əliyev tərəfindən yüksək dövlət təltifləri ilə mükafatlandırılıb.
N.İbrahimov qeyd edib ki, bu il LDU-nu bakalavriat səviyyəsində 30 ixtisas üzrə 880 məzun, magistratura səviyyəsində 25 ixtisaslaşma üzrə 145 məzun bitirir. LDU-nun son illərdə təhsilin inkişafı istiqamətindəki uğurlarından, maddi-texniki bazasının əsaslı şəkildə yenilənməsindən, dünya standartlarına uyğunlaşdırılmasından danışan universitet rəsmisi 300 yerlik tələbə yataqxanasının, Baytarlıq klinikasının növbəti tədris ilinə qədər hazır olacağını deyib. Əmin olduğunu bildirib ki, bu gün müstəqil həyata mütəxəssis kimi vəsiqə alan məzunlar Lənkəran Dövlət Universitetinin adını hər yerdə uca tutacaq, onlara bəslənilən etimadı layiqincə doğruldacaqlar. N.İbrahimov təhsilin keyfiyyətinin yüksəldilməsi, məzunların praktik hazırlıq səviyyəsinin artırılması, hazırlanan kadrların müasir tələblərə cavab verməsi istiqamətində başlanan kompleks işlərin bundan sonra da ardıcıl olaraq davam etdiriləcəyini deyib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov təbrik çıxışında məzunlara xoş arzularını çatdırıb. LDU ilə Lənkəran Şəhər İcra Hakimiyyəti arasında son illərdə yaranan səmərəli əməkdaşlıqdan, birgə keçirilən elmi konfranslardan söz açan T.Qaraşov bu ali təhsil ocağının bölgənin sosial-mədəni inkişafındakı böyük rolunu xüsusi vurğulayıb, xarici universitetlərlə səmərəli əməkdaşlığını yüksək dəyərləndirib.
“Məzun Günü”ndə millət vəkili Rüfət Quliyev, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov, 9 saylı uşaq bağçasının müdiri Ülkər Nuriyeva, valideyn Elmira Nəzirova, məzun Zəhra Əhədova çıxışlarında məzunlara xoş arzularını çatdırıb, onlara gələcək həyat yollarında uğurlar arzulayıblar.
Tədbirdə təhsilini uğurla başa vuran bakalavr və magistrlərə diplomlar təqdim edilib. Tələbəlik dövründə ictimai fəallığı ilə seçilən məzunların bir qrupuna Lənkəran Şəhər İcra Hakimiyyətinin Fəxri fərmanları verilib.
Tədbir LDU-nun, universitetin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollecin tələbələrinin birgə hazırladıqları konsert proqramı ilə yekunlaşıb.