Azərbaycan Dillər Universitetində (ADU) 2022/2023-cü tədris ilində bakalavriat və magistratura səviyyələrində təhsillərini başa vuran tələbələrin Məzun Günü keçirilib.

 

Tədbirdə  millət vəkilləri, universitetin professor-müəllim heyəti, ictimaiyyət nümayəndələri, müxtəlif dövlət qurumlarının əməkdaşları, səfirlər və diplomatlar iştirak ediblər.

 

Əvvəlcə rektor akademik Kamal Abdulla xarici ölkələrin Azərbaycandakı səfirləri və səfirliklərin nümayəndələri ilə görüşüb.

 

Rektor qonaqlara universitetdə tədris edilən ixtisaslar və ali təhsil müəssisəsinin beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verib. Bildirib ki, ADU-nun 6 min tələbəsi var. 2022-2023-cü tədris ilində universitetin 1500-ə yaxın tələbəsi məzun olur. K.Abdulla ölkəmizdə təhsilə və elmə göstərilən dövlət qayğısından danışıb, ADU-nun əldə etdiyi nailiyyətləri diqqətə çatdırıb.

 

“Məzun Günü”ndə çıxış edən rektor məzunlara ürək sözlərini deyib, onlara uğurlar arzulayıb:“Əziz məzunlar, harada olmağınızdan asılı olmayaraq, biz həmişə sizin yanınızda olacağıq. Siz bizim mənəvi dəstəyimizə həmişə arxayın ola bilərsiniz. İnanıram ki, öz yurdunuzun, torpağınızın, təhsil aldığınız universitetin adını həmişə ləyaqətlə ucaldacaqsınız”.

 

Tədbirdə çıxış edən səfirlər, səfirlik əməkdaşları və Milli Məclisin deputatları ADU-nun qazandığı uğurlardan, bu ali təhsil ocağının genişlənən beynəlxalq əlaqələrindən danışıb, gənclərə gələcək həyatlarında uğurlar arzulayıblar.

 

Tədbirdə təhsildə yüksək nəticələr göstərmiş tələbələrə diplom və Fəxri fərmanlar təqdim olunub.

 

Tədbir bədii proqramla davam edib.