Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “Elektra Events Hall”da təntənəli Məzun Günü keçirilib.

 

“Məzun Günü”ndə universitet rəhbərliyi, professor-müəllim heyəti, məzunlar və onların valideynləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Buraxılış mərasimində çıxış edən AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova 2022/2023-cü tədris ilində universiteti bitirən məzunların statistikasını açıqlayıb və bu məzunların işğaldan azad olunmuş ərazilərimizin dirçəldilməsinə töhfə verəcəklərinə əminliyini bildirib:“Başa vurduğumuz tədris ilində AzMİU-dan 1320 bakalavr, 400 magistr olmaqla, 1720 tələbə məzun olur. Məzun olan 1320 bakalavr arasında 63 nəfər əcnəbi tələbədir. AzMİU-nun nəzdində İnşaat Kollecini isə bu il 429 subbakalavr bitirir. Tələbələrimizin böyük hissəsi oxuduğu müddətdə yaxşı nəticələr göstərib, onlardan 28-i universiteti fərqlənmə diplomu ilə bitirir. Onların ölkəmizdə aparılan sürətli tikinti-quruculuq işlərinə böyük töhfə verəcəkləri şübhəsizdir”.

 

Professor G.Məmmədova məzun adını qazanan gəncləri təbrik edib, onlara gəncliyin bəxş etdiyi enerjidən faydalanaraq böyük uğurlara imza atmağı arzulayıb.

 

Çıxışlardan sonra rektor və mərasimin fəxri qonaqları AzMİU-nun müxtəlif fakültələrini əla qiymətlərlə bitirmiş tələbələrə fərqlənmə diplomlarını təqdim ediblər.  Eləcə də təhsildə və universitetin ictimai işlərində fərqlənən tələbələrə mükafatlar verilib.

 

Mərasim əyləncəli proqramla davam edib.