Mingəçevir Dövlət Universitetinin (MDU) “Heydər Əliyev İli” çərçivəsində reallaşdırdığı “Heydər Əliyev xatirələrdə” adlı layihə ilə bağlı növbəti görüş keçirilib. Görüşün qonağı professor, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, “91-lər” dən biri Şahlar Əsgərov olub.

 

Görüşdə Mingəçevir şəhəri üzrə ümumtəhsil məktəblərinin direktorları, media nümayəndələri, MDU-nun İctimai Nəzarət Şurasının üzvləri, professor-müəllim heyəti, tələbə və magistrantlar iştirak ediblər.

 

MDU-nun rektoru Şahin Bayramov giriş sözü ilə çıxış edərək layihənin Ümummilli lider Heydər Əliyevin zəngin irsinin təbliği istiqamətində görülən işlərə töhfə məqsədi daşıdığını bildirib. Universitetdə “Heydər Əliyev İli” çərçivəsində çoxsaylı müxtəlif tədbirlərin həyata keçirildiyini vurğulayan rektor Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə çalışmış ziyalılar və ictimai-siyasi xadimlərlə görüşlərin təşkilini nəzərdə tutan layihənin önəmini diqqətə çatdırıb. Rektor layihənin hazırkı qonağının bioqrafiyası haqqında məlumat verib və dəvəti qəbul etdiyi üçün ona təşəkkürünü bildirib.

 

Professor Şahlar Əsgərov Ulu Öndər Heydər Əliyevi tarixi şəxsiyyət kimi xarakterizə edən xüsusiyyətlərindən, Azərbaycana rəhbərlik etdiyi dövrdə keçirilən unudulmaz görüş və xatirələrindən bəhs edib, onun unikal və şəxsi keyfiyyətlərinin, idarəetmə bacarıqlarının gənclər arasında təbliğinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, müasir Azərbaycan dövləti Ümummilli Liderin şah əsəridir. Çətin tarixi sınaqlarla dolu olan müstəqilliyin qorunması və möhkəmləndirilməsi yolunda bütün maneələri böyük uzaqgörənliklə və qətiyyətlə dəf edən dahi şəxsiyyət Heydər Əliyev müasir və qüdrətli Azərbaycanın memarıdır.

 

Layihənin Heydər Əliyev irsinin öyrənilməsi və təbliği baxımından əhəmiyyətli olduğunu diqqətə çatdıran Ş.Əsgərov bu təşəbbüsü yüksək qiymətləndirib.

 

Sonra qonaq görüş iştirakçılarının suallarını cavablandırıb və müəllifi olduğu bir sıra kitabları MDU-nun kitabxanasına hədiyyə edib.