Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının ədəbiyyat və dillər kafedrasının müəllimləri Qazaxıstanın Almatı şəhərində keçirilən beynəlxalq elmi simpoziumda iştirak ediblər.
Türk Dünyası ilə bağlı araşdırma aparan elm adamlarını bir araya toplamaqla mövcud problemlər və onların həlli yollarının araşdırıldığı simpoziumun əsas məqsədi dil, ədəbiyyat, tarix, təhsil, mədəniyyət, incəsənət, informasiya texnologiyaları, beynəlxalq əlaqələr, regional problemlər, idarəetmə, iqtisadiyyat, din, fəlsəfə, sosiologiya, turizm, gender problemləri və dəqiq elmlər kimi sahələrdə akademik mövzuların, aktual məsələlərin müzakirə edilməsi, qarşılıqlı təcrübə mübadiləsi, inkişafa təkan verən yeni elmi araşdırma istiqamətləri üzərində fikir mübadiləsinin aparılması və gələcəkdə türk ölkələrində keçiriləcək müştərək layihələrə zəmin hazırlanması kimi müxtəlif işlərin görülməsidir. Simpozium müddətində keçirilən “Kökümüz bir- türkük” festivalı bu coğrafiyada tarixi, dili, mədəniyyəti və kökü bir olan türk xalqlarının bir-biri ilə əlaqələrinin və əməkdaşlıqlarının gücləndirilməsinə xidmət edir.
Simpoziumda filialın baş müəllimi Sərxan Cəfərov və müəllim Yadulla Ələkbərov məruzə edib, sonda sertifikatla təltif olunublar.
Məlumat üçün qeyd edək ki, X Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu Niğde Ömer Halisdemir Universiteti, Qazax Dövlət Qızlar Pedaqoji Universiteti və Bakı Avrasiya Universitetinin birgə təşkilatçılığı ilə Almatı şəhərində yerləşən Qazax Dövlət Qızlar Pedaqoji Universitetinin ev sahibliyi ilə keçirilib.