Tədbirdə “Əmək bazarı məlumatlarının konkret ixtisaslar üzrə təhsil proqramlarında nəzərə alınması üçün metodologiyanın-təlimatların işlənib- hazırlanması” mövzusu müzakirə olunub
Oktyabrın 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Azərbaycan ali təhsil sisteminin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində “Əmək bazarı məlumatlarının konkret ixtisaslar üzrə təhsil proqramlarında nəzərə alınması üçün metodologiyanın-təlimatların işlənib- hazırlanması” mövzusunda seminar keçirilib. Seminarda ADPU-nun rəhbərliyi, Təhsil Nazirliyinin nümayəndələri, fakültə dekanları, kafedra müdiriləri, şöbə müdirləri, Bakı Dövlət Universitetinin və Sumqayıt Dövlət Universitetinin təmsilçiləri iştirak ediblər.
Seminarı giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, qabaqcıl beynəlxalq təcrübənin öyrənilib tətbiq edilməsi, xarici layihələrdə iştirak etmək olduqca vacibdir. Beynəlxalq layihələrdə iştirak etməyimiz bizi qarşıya qoyduğumuz hədəf və məqsədlərə yaxınlaşdırır. Hədəfimiz təhsilin keyfiyyətinin yüksəldilməsi, yüksəkixtisaslı pedaqoji kadrların hazırlanması, ölkənin və regionun ən yaxşı universitetlərindən biri olmaqdır. Bu baxımdan, Tvinninq layihəsi mühüm əhəmiyyət kəsb edir. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Tvinninq layihəsi Fransa, Litva, Latviya və Azərbaycanın birgə tərəfdaşlığı ilə həyata keçirilir. Tvinninq layihəsinin koordinatoru Fransanın Pedaqoji Araşdırmalar üzrə Beynəlxalq Mərkəzinin təmsilçisi Lisa Bydanovadır.
Rektor Cəfər Cəfərov qeyd edib ki, layihənin başlıca məqsədi Azərbaycan ali təhsil sistemini kompetensiyalara əsaslanan təhsil yanaşmasına uyğunlaşdırmaqla daha da inkişaf etdirməkdir. Layihənin hədəfi Avropa Ali Təhsil Məkanının prinsiplərinin, mexanizmlərinin, alətlərinin və siyasətlərinin davamlı surətdə tətbiq edilməsi məqsədilə Təhsil Nazirliyinin, ali təhsil müəssisələrinin və Akkreditasiya və Nostrifikasiya İdarəsinin institusional potensialını artırmaq və tələbələrə əsaslanan sistemə və təlim nəticələri yanaşmasına keçidi dəstəkləməklə onların həyata keçirilməsini və tətbiqini təmin etməkdir.
Seminarda latviyalı ekspert Jolanta Silka “Əmək bazarı məlumatlarının təhsil ixtisasları qrupundan seçilmiş konkret ixtisas proqramlarında nəzərə alınması” mövzusunda taqdimatla çıxış edib. Həmçinin ekspert Didier Ronze Fransa nümunəsi əsasında, ekspert Saulė Mačiukaitė-Žvinienė isə Litva nümunəsi əsasında məlumatları seminar iştirakçılarının diqqətinə çatdırıblar. Maraqlı və məzmunlu təqdimat və məlumatlarda əmək bazarının məlumatlarının öyrənilməsi, universitetlərlə işəgötürənlər arasında əlaqələrin gücləndirilməsi, təhsil proqramları hazırlanarkən sifarişçilərin tələblərinin nəzərə alınması, təhsil xidmətləri, mövcud təhsil standartları, pedaqoji fəaliyyət, yeni tədris planlarının hazırlanması, müəllim hazırlığının təkmilləşdiriməsi, ömürboyu təhsil və digər vacib məqamlar öz əksini tapıb.
Təhsil Nazirliyinin nümayəndəsi Yaşar Ömərov seminarın təşkil edilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib. Y.Ömərov qeyd edib ki, kompetensiya əsaslı mütəxəssis hazırlanması “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda əsas vəzifələrdən biri kimi qraşıya qoyulub. Tvinninq layihəsi bu vacib vəzifənin həyata keçirilməsinə öz töhfəsini verəcək.
Seminarda iştirakçıların sualları cavablandırılıb, maraqlı fikir mübadiləsi aparılıb.