AGMA-da ölkənin bütün regionlarından 7 mindən çox üzv təmsil olunur


İyunun 17-də Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı ilə Gənc Müəllimlərin III Forumu keçirilib. Forumda elm və təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov, ölkəmizin müxtəlif bölgələrini təmsil edən 400-ə yaxın gənc müəllim və digər qonaqlar iştirak ediblər.

 

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadənin fikrincə, hər dəfə sinfə girəndə həyəcanlanmaq və o həyəcanı idarə edə bilmək müəllimliyin sirridir. Təşkilat sədri müəllimlərin bu həyəcanı idarə edə bilmələri üçün onlara peşəkar dəstək verildiyini deyib: “Gənc Müəllimlər Assosiasiyası müəllimlərin peşəkar inkişafında iştirak edir. Artıq üzvlərimizin sayı 7000-dən yuxarıdır və bu, o deməkdir ki, ölkənin bütün regionlarında müəllimləri əhatə edə bilmişik”.

 

Assosiasiya fəaliyyətdə olduğu dövrdə müəllimlərə sistemli dəstək verib. Belə ki, ötən iki il ərzində assosiasiya 4 istiqamətdə inkişaf planı hazırlayıb və istiqamətlərin hamısı müəllimlərin peşəkarlığının artırılmasına hesablanıb.

 

Gənc müəllimlərin davamlı öyrənməyi üçün imkanlar yaradılıb, pedaqoji ixtisaslar üzrə təhsil alan tələbələrin müəllimliyə hazırlanmasına təcrübə dövründən başlanılıb, gənc müəllim imici formalaşdırılıb. Bu müddətdə əsas istiqamətlərdən biri də gənc müəllimlərin ehtiyaclarının müəyyənləşdirilməsi olub: “Bu məqsədlə 39 regionda forum təşkil edilib. Həmin forumlarda müəyyən edilən ehtiyaclara uyğun olaraq platformaya yeni kurslar əlavə olunub. Hazırda platformamızda 74 kurs var. Müəllimlər fasiləsiz və ödənişsiz həmin kurslardan istifadə edə bilərlər”.

 

Təşkilatın növbəti - 2022-2025-ci illər üçün müəyyənləşdirdiyi hədəflər siyahısında davamlı öyrənmə yenə var. R.Əsədzadə deyir ki, müəllimlər hər zaman öyrənməyə təşviq edilməlidir.

 

AGMA beynəlxalq platformalarda təmsil olunmaqda da maraqlıdır. Beynəlxalq təcrübənin inteqrasiyası məqsədi ilə bir neçə ölkə ilə əməkdaşlıqdan danışan R.Əsədzadə ən böyük nəticəni Türkiyə ilə əldə etdiklərini vurğulayıb: “Hazırda Türkiyədə 25-dən yuxarı təşkilatla memorandumumuz var. Növbəti iki il ərzində hədəfimiz Avropa, Amerika və digər ölkələrin təcrübələrinin inteqrasiyasını təmin etməkdir”.

 

Təşkilat artıq universitetlərdə çalışan gənc müəllimləri də özündə birləşdirməkdə iddialıdır: “2 il ərzində yalnız ümumi təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərimizin peşəkarlığını artırmağa yönələn addımlar atdıq. Bundan sonrakı 2 il ərzində ali məktəblərdə çalışan gənc müəllimlərimizlə ümumtəhsil məktəblərinin müəllimləri arasında əməkdaşlığın qurulması platformasını inkişaf etdirmək əsas hədəflərimizdəndir”.

 

Məktəbəqədər təhsil müəssisələri üçün pedaqoji kadr hazırlığının artırılması da var hədəfdə: “Elm və Təhsil Nazirliyinin dəstəyi ilə bu il həyata keçirdiyimiz layihə 200-ə yaxın tərbiyəçi müəllimə pedaqoji bacarıqlarını inkişaf etdirmək imkanı yaratdı. Onlayn platformada yaş məhdudiyyəti qoymadan pulsuz 10 kurs keçdik”.

 

R.Əsədzadə ötən illər ərzində verdiyi dəstəyə görə Elm və Təhsil Nazirliyinə təşəkkür edib.

 

“Müəllimə dəstək tədbirləri inkişaf etdirilməlidir”

 

III Forum münasibətilə gənc müəllimləri təbrik edən elm və təhsil naziri Emin Əmrullayev son illərdə müəllimlik peşəsinə marağın artdığını vurğulayıb. “Bir gənc niyə müəllim olsun?” - vacib sualdır və bu sual ətrafında son 10 ildə  bir çox işlər aparılıb”, - deyən  nazir 2013-cü ildən başlayaraq keçilən yola nəzər salaraq görülən işləri bir neçə fazaya bölüb: “İlk fazada Azərbaycan Dövlət Pedaqoji Universitetinə 500 balla qəbul olunan 1,  ya da 2 nəfər vardı. Müəllim olmaq istəyən gənclərin sayı 18 min nəfər idi və onlar da keçirdiyimiz imtahanlarda keçid balını toplaya bilmir, yerlər boş qalırdı. Başqa sözlə, yetərli sayda namizədimiz yox idi ki, onları işə qəbul edək. Həmin vaxt qarşımıza məqsəd qoymuşduq ki, zəif təhsil sistemini dəyişək, daha istedadlı insanlar müəllim olmaq istəsinlər, işə qəbul şəffaf aparılsın, müəllimlərin sosial rifah halı yaxşılaşsın. Bu hədəflərə nail olundu”.

 

“Hazırda ikinci fazadayıq, daha çox kafidən yaxşıya gedən yolda”, - deyən nazir təhsilverənlərin sertifikatlaşdırılmasına diqqət çəkib, bu prosesin peşəkar bacarıqların ölçülməsi ilə yanaşı, həm də əməkhaqqı islahatı olduğunu bildirib: “İslahat iki məsələni özündə birləşdirir. Sertifikasiya prosesində müəyyən minimal nəticə göstərə bilməyən və peşəkarlıq səviyyəsi aşağı olan müəllimlərə əlavə şans verilir, bu şansdan istifadə edə bilməsə, işdən azad edilirlər. İlk dəfə olaraq tətbiq edilən diferensiallaşmış əməkhaqqı sistemi sayəsində peşəkar müəllimlər fərqləndirilir”.

 

2026-cı ilə qədər islahatın təxminən 125 min insanı əhatə edəcəyini deyən nazir başqa bir vacib məqama da diqqət çəkib: “Son illər ərzində MİQ imtahanında iştirak edən şəxslərin hər biri sertifikasiyadan keçib. Bu, əslində MİQ bizə lazım idimi?” - sualının cavabıdır. Sertifikasiyadan keçən həmin müəllimlərin 78 faizi 51-dən çox bal toplayaraq əməkhaqqında 35 faiz artıma nail olublar. Bununla da bu gün xidmətdə olan müəllimlərdən əsaslı şəkildə fərq ortaya qoyublar. Niyyətim təcrübəli müəllimlərin bilik və bacarıqlarının az olduğunu qabartmaq yox, gənc müəllimlərin əvvəlki nəsil müəllimlərdən fərqini göstərməkdir. Belə ki, orta statistik göstəricilərə görə, təcrübəsi 5 il olan müəllimlərin orta balı təcrübəsi 25 il və daha çox olan müəllimlərdən 3.5 dəfə artıqdır. Bu, ölkəmiz üçün çox yaxşıdır. Arxadan gələn müəllimlərimiz özlərindən daha təcrübəli olan müəllimlərimizi əvəz edə biləcəklər”.

 

Nazir başqa bir müşahidəni də diqqətə çatdırıb: “Əvvəlki illərdə boş yerlər çox qalırdı və biz həmin yerləri tutacaq keçid balını toplayan kifayət qədər namizəd tapa bilmirdik.  Son illərin reallığı ondan ibarətdir ki, keçid balını toplayan kifayət qədər namizəd var və biz onları yerləşdirmək üçün vakansiya tapa bilmirik. İnanıram ki, sertifikasiya prosesində gənc müəllimlər üçün şərait yaranacaq və proses həm keyfiyyət, həm də kəmiyyət dəyişikliyi prosesi olaraq davam edəcək”. 

 

Hədəfdə isə metodik xidmətin qurulması var: “Elm və Təhsil Nazirliyi olaraq müşahidə edirik ki, müəllimə dəstək tədbirləri inkişaf etdirilməlidir. Bu mənada Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının da fəaliyyəti qiymətləndirilməlidir. Ancaq,yəqin ki, növbəti fazada sertifikasiya imtahanlarında ən yüksək bal toplayan müəllimlərin arasından mentor müəllim vəzifəsi təsis olunacaq. Bu, ödənişli vəzifə olacaq və həmin müəllimlər vasitəsilə dəstəyə ehtiyacı olan müəllimlərə uzağa getmədən, elə işlədikləri məktəb, region daxilində  metodik dəstək göstəriləcək. Bu xidmət qurularsa, məktəbdəki müəllimin fəaliyyəti bir az da təkmilləşər. Təbii ki, metodist müəllim yetişdirmək elə də asan məsələ deyil. İnanıram ki, sertifikasiya prosesi buna da kömək edəcək”.

 

Məktəb rəhbərlərinin təyinatı məsələsində də xeyli iş görüldüyünü vurğulayan nazir prosesin xeyli şəffaflaşdığını deyib: “Ən kiçik məktəbdən tutmuş ən böyük məktəbə qədər direktorlar müsabiqə əsasında təyin edilir. Sertifikasiya prosesi gələcəkdə məktəb rəhbəri seçimində də əsas göstərici sayılacaq. Öz fənnini bilməyən müəllimin başqa müəllimlərə rəhbərlik etməsi düzgün deyil”.

 

Sertifikatlaşdırmadan müəllimlərin dövlət mükafatlarının verilməsində də müəyyən meyarlar nəzərə alınmaqla istifadə olunacaq. Nazir mərhələli şəkildə problemlərin həll ediləcəyini bildirib.

 

Daha sonra gənclər və idman naziri Fərid Qayıbov gənclərimizin könüllülük fəaliyyəti, həyata keçirilən layihələr, gənc nəslin müasir dünya gəncliyinə inteqrasiyası, gənclərlə iş sahəsində birgə əməkdaşlıq mövzuları ətrafında çıxış edib. “Uşaqlarımızın tərbiyəsində, həyata baxışında müəllimlərin çox böyük rolu var”, - deyən nazir artıq daha çox gəncin müəllim olmaq istədiyini vurğulayıb.

 

“Əsas sevgiylə müəllimlik etməkdir”

 

Gənc müəllim Suqra Cəfərova forum iştirakçıları ilə özünün Sumqayıtdan ucqar kənd məktəbinədək uzanan uğur hekayəsini çox böyük həyəcanla paylaşıb. Dediyinə görə, tələbəlik illərində və sonrakı dövrdə könüllü fəaliyyətləri ilə bir çox sahədə təcrübə, o cümlədən müəllimlik təcrübəsi toplayıb ki, indi qazandığı bu təcrübədən Qusarın İmanqulu kəndində istifadə edir.

 

Sumqayıt şəhər Humanitar və Texniki təmayüllü “İstedad” liseyində təhsil alıb. 2010-cu ildə ADPU-da “Tarix” ixtisası üzrə bakalavr təhsilini bitirib. Əvvəlcə, kimsəsiz uşaqlara könüllü dərs deyib. Qarabağ Tədqiqatlar Mərkəzində, ASAN Sumqayıtda könüllülük fəaliyyətləri olub. 2012-2013-cü illərdə ADPU-da aldığı magistratura təhsilini yarımçıq qoyaraq təhsilinə xaricdə davam edib: “2012-ci ilin mart ayında Başbakanlığın təhsil proqramlarından olan Türkiyə Burslarına müraciət etmişdim. Elektron ünvanıma qazandığımı bildirən ismarıc gələndə ADPU-da sonuncu - 7-ci imtahanımı verib evə qayıtmışdım”.

 

Çətin də olsa, qərarı təhsilini xaricdə davam etdirmək olub. Türkiyənin Anadolu Universitetinin sosial çalışmalar fakültəsində bakalavr və Sakarya Universitetinin tarix fakültəsində magistr təhsili alan Suqra Cəfərova həmin müddətdə seminar və konfranslara qatılaraq öz üzərinə fəal ictimai vəzifələr götürüb. Hətta Almaniyanın Tübingen şəhərindəki  Eberhard və Karl Universitetində tədqiqatçı tələbə kimi “Azərbaycan tarixində qadın” mövzusunu araşdırıb. Geri döndükdən sonra müəllimlik təcrübəsi keçib. Harda keçsə yaxşıdır? Polşanın Torun şəhərindəki Nikolay Kopernik Universitetində.

 

Bakıya qayıtdıqdan sonra özəl türk liseylərinin birində işə başlayıb. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tarix müəllimi olaraq fəaliyyət göstərib. 2020-ci ilədək belə davam edib və müharibə gənc müəllim üçün bir çox şeyləri dəyişdirib. Noyabr ayında baba yurdu Kəlbəcərin geri qaytarılması onun da hisslərini coşdurub: “Həmin günlərdə sosial şəbəkələrdə çoxsaylı paylaşımlar arasında soyuq səngərlərdə vətənin keşiyini çəkən qəhrəman əsgərlərin fotoları diqqətimi cəlb edirdi. Mən vətənimə necə xidmət edəcəyəm - deyə öz-özümə düşünürdüm. Axırda qərar verdim. Hesab edirəm ki, çox doğru qərar verərək Qusar rayonunun İmanqulu kənd məktəbini seçdim”.

 

Məktəbdə nədən başlayacağı, kimləri yetişdirəcəyi ilə bağlı suallar beynini məktəbin qapısından içəri girdiyi andan məşğul edib: “Dəyişikliyə siniflərdəki uşaqlarla, məhz siniflərdən başlamalı olduğumu çox keçmədən anladım. Girdiyim hər sinfin yazı lövhəsinə “Mən dəyişikliyə inanıram” yazdım”.

 

Qara lövhə üzərinə yazılan ağ hərflər, sadəcə onun şagirdlərinin yox, bir məktəbin, bir kəndin taleyini dəyişdirib. “Kitab karvanı”, “Ailə kitab klubu” kimi klublar yaradan gənc müəllim nəinki kəndi, ictimaiyyəti öz dəyişikliklərinə inandırıb, ortaq edib: “Kənd həyatı maraqlı və rəngarəng olmasına baxmayaraq, şagirdlərin inkişafı üçün imkanlar məhduddur. Xüsusilə də elm, texnologiya və digər müasir bilik və bacarıqlara yiyələnmək üçün resurslar kifayət etmir. Kənddə fəaliyyətə başladığım gündən etibarən, yaxın dostlarımın dəstəyi ilə müxtəlif sosial layihələr həyata keçirirəm. Bu təcrübələrdən kənd uşaqlarının əslində özlərini yetişdirməyə meyilli olduqlarını müşahidə etmişəm. Ona görə də istəyirəm ki, onların özlərini kəşf etmələri üçün fürsətlər yaradım və özlərini müxtəlif sahələrdə sınamaları üçün imkanları onlar üçün əlçatan edim. Bu yolda cəmiyyətimizin inkişafını düşünən hər bir fərdin və qurumun dəstəyinə ehtiyacım vardı. Mən də bütün cəmiyyətimizə səsləndim, hər kəsi kənd uşaqlarına özlərini kəşf etmələri üçün fəaliyyət hədiyyə etməyə çağırdım. Bu çağırışımın nəticəsidir ki, artıq ikinci ildir qlobal kənd dil kampını həyata keçiririk”.

 

S.Cəfərova müqayisə edərək “Kənd, yoxsa şəhər müəllimi olmağın elə fərqi yoxdur”, - deyir: “Əsas ürəklər, sevgiylə müəllimlik etməkdir.  Çünki bu, könül işidir”.

 

Ruhiyyə DAŞSALAHLI